Dek
2021
12:44
33
169
6056
Virtual karabakh

16 ilini həbsxanada keçirən, amnistiyaya düşən şəxs: “General-polkovnikin adından istifadə etmişdim”

“İlk dəfə bu işləri mənə xaricdə yaşayan bir nəfər öyrətmişdi. Təzə-təzə onun yanında işlədim. Sonra da özüm Azərbaycanda güc strukturlarından birində çalışan general-polkovnikin adından istifadə edib insanları aldadırdım”.

Bu sözləri Oxu.Az-ın müxbiri ilə söhbət zamanı Zəfər Gününün birinci ildönümü ərəfəsində “8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” qərarın icrası zamanı azadlığa çıxan Rzamin Həşimov deyib.

Ömrünün 16 ilini həbsxanalarda keçirən R.Həşimov deyir ki, uşaq evində böyüyüb və kimsəsizlik onu bu yola əl atmağa vadar edib:

“Uşaq evində ata, ana, bacı, qardaş olmadan böyümüşəm. 18 yaşında uşaq evindən çıxdım. Gedəcək yerim, işim yox idi. Dostumun yanında bir-iki gün qaldım, bəs sonra? Artıq 5-ci dəfədir 15 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram. Daha əvvəl başqa-başqa vəzifəli şəxslərin səlahiyyətlərini mənimsədiyim üçün həbs edilmişdim. Sonuncu dəfə general-polkovnikin səlahiyyətlərini mənimsəməyə çalışdım və saxlanıldım. 3 il 1 ay 10 gün cəza verildi”.

Müsahibimiz günə 20 manatlıq iş tapa bilsə, bir daha qanun pozuntularına yol verməyəcəyini deyir:

“Narkoman deyiləm, siqaret çəkmirəm. Səhv etmişəm, cəzamı da çəkmişəm. Məhkumluq həyatı yaşamışam deyə indi iş tapa bilmirəm. İş üçün hara müraciət edirəmsə, məhkumluq haqqında arayış istəyirlər, sonra da deyirlər “get, səni işə götürə bilmərik”. Ailəmdən heç kimi tanımıram. Anam kimdi, atam kimdi, qohumlarım varmı, bilmirəm ki, çətinə düşəndə kömək istəyim. Həbsxanada belə insanlar mənə daha çox kömək etdi, nəinki çöldə. Cəzaçəkmə müəssisəsinin rəisi, qaraciyərimdən əməliyyat olunmağıma şərait yaratdı. Burada mənə çox köməklik etdilər, hər birinə təşəkkür edirəm. Amnistiya aktına düşdüyüm üçün cəzamın çəkilməmiş 4 ay 25 günlük hissəsindən azad edildim”.

Qeyd edək ki, R.Həşimov Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməkdə ittiham olunaraq həbs edilmişdi.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri