Dek
2021
19:25
318
103
3111
Virtual karabakh

Azərbaycan-İran sərhədində yeni körpünün tikintisinə dair razılıq əldə olunub

İran və Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisinə dair razılıq əldə edib.

APA xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini, ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişaf etdirilməsi şirkətinin baş direktoru Xeyrullah Xademi deyib.

O bildirib ki, körpünün tikintisi iki ölkə arasında nəqliyyatın gediş-gəlişinin və beynəlxalq tranzitin artırılması məqsədilə həyata keçirilir: “Dekabrın 7-də Astarada İran və Azərbaycan rəsmilərinin müştərək iclası keçirildi. İclasda qərara alındı ki, Astaraçay üzərində dəmir yolu körpüsünün yanında avtomobillərin gediş-gəlişi üçün yeni körpü tikilsin. Körpü 15 ay müddətində tikiləcək”.

Onun sözlərinə görə, 4 zolaqlı körpünün uzunluğu 97 metr və eni 32 metr olacaq: “Körpünün tikintisinə İran və Azərbaycan müştərək sərmayə yatıracaq. Bugünkü iclasda podratçı şirkətin müəyyənləşməsi və layihənin maliyyələşməsi ilə bağlı müzakirə aparıldı. Yaxın günlərdə İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycan rəsmiləri ilə müştərək iclası olacaq və həmin iclasda layihəyə dair saziş imzalanacaq”.

X. Xademi qeyd edib ki, bugünkü iclasda həmçinin Astara dəmir yolu yük terminalının problemləri ilə bağlı müzakirə aparılıb və qərara alınıb ki, yük terminalı daha da təkmilləşdirilsin.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bildirib ki, İran və Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər həmişə qardaşlıq və yaxşı qonşuluq prinsiplərinə söykənib: “Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tikintisi bu müştərək əlaqələrin aşkar və uğurlu bir nümunəsidir. Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisində maraqlıdır və bunun üçün hazırdır”.

Azərbaycan və İran rəsmiləri Astara-Astara dəmir yolu körpüsünün yaxınlığında tikiləcək yeni avtomobil körpüsünün yerinə və İranın Astara şəhərində yerləşən dəmir yolu terminalına baxış keçiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri