Dek
2021
18:00
141
27
2395
Virtual karabakh

Xəzərin ən böyük dəniz limanında bir gün - FOTO

8 Dek, 2021
18:00
2395

Xəzərin ən böyük dəniz limanında bir gün - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərq-Qərb, Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanındayıq. 

İlk olaraq hər kəsin hərarəti ölçülür, ərazidəki təhlükəsizlik texnikası qaydaları barədə məlumat verilir.

Bura gəlmə səbəbimiz “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və perspektivlər” mövzusunda keçirdiyi təlimlə bağlıdır. 

Artıq bizim Xəzər dənizinin ən böyük dəniz limana səfərimiz başlayır. 

Bakı Limanının Əsas Yüklər terminalının müdiri Elxan Babayev jurnalistlərə ölkəmizin logistika mərkəzi olan limanın texniki imkanları ilə bağlı məlumat verib. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat katibi Elmar Həbibli bildirib ki, limanın 13 körpüsü var:

“Bu liman il ərzində 100 min yük konteyneri daxil olmaqla, 15 milyon tondan artıq yük aşırma qabiliyyətinə malikdir. Bakı Limanında yükaşırma göstəricisi mütəmadi olaraq artmaqdadır. 

Cari ilin 10 ayı ərzində Bakı Limanında 4 milyon 707 min ton yük aşırılıb.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,2 %-lik artım deməkdir. Ayrı-ayrı sahələr üzrə də müsbət nəticələr əldə edilib”.

Daha sonra “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti ilə tanış oluruq.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Ro-Ro və Bərə terminalı rəisi Kamran Cəlili bildirib ki, Bərə körpülərinin illik yükdaşıma qabiliyyəti 6,2 milyon tondur:

“Bərə körpülərindən Qazaxıstan və Türkmənistan istiqamətində gəmilərimiz hərəkət edir. Bu körpülərində yer alan gəmilər 52 və 54 vaqon götürmə qabiliyyətinə malikdir. Bundan əlavə gəmilərə TIR-lar, qoşqular və minik maşınları da yükləmək mümkündür. Bu gəmilərlə həmçinin Qazaxıstan və Türkmənistan istiqamətində sərnişinlər də daşınır”. 

O qeyd edib ki, bərə gəmiləri yalnız Azərbaycana məxsusdur:

“1 və 2 nömrəli Bərə körpüləri avtomatik-pultla idarə olunur. Körpünün idarə olunması üçün ayrıca otaq var”.

Terminal rəisi qeyd edib ki, körpü üç hissədən ibarətdir və dəniz səviyyəsinin düşüb-qalxmasına əsasən, körpünü nizamlamaq olur:

“Gəmi gəldikdə körpü qalxır. Bərə gəmiləri daxil olduqdan sonra körpü relslərə paralel olaraq gəmilərin üzərinə yerləşdirilir. Vaqonlar limanda və gəmidə olan dəmiryol relslərinə birləşdirilir. Bu proses isə mexaniki yox, avtomatik icra edilir”.

Bakı Limanına gətirilən yüklər əsasən Mərkəzi Asiya ölkələrinin payına düşür. 

Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Avropaya daşınan yüklərin böyük bir hissəsi Türkmənistan və Qazaxıstan limanlarında gəmilərə yüklənərək buraya gətirilir. 

Bakı Limanına gətirilən quru yüklərin, əsasən də gübrə və Qazaxıstandan gətirilən taxılın saxlanılması üçün bu ilin sonuna kimi terminalların inşasına başlanılması planlaşdırılıb.

Təlim müddətində jurnalistlərə Bakı Limanının peşəkar mütəxəssisləri tərəfindən qitələri birləşdirən əsas nəqliyyat dəhlizləri barədə məlumat verilib, Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz”in əhəmiyyəti və onun alternativləri ilə müqayisəsi təqdim edilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli iştirakçılara, “Zəngəzur dəhlizi”nin ölkəmizdən tranzit keçməklə daşınacaq yükün həcminə təsiri, bu dəhlizin istifadəyə verilməsi ilə birlikdə “Orta Dəhliz”in əldə edəcəyi üstünlüklər barədə məlumat verib, onların suallarını cavablandırıb.

Bununla yanaşı, media nümayəndələri Bakı Limanında tətbiq edilən müasir elektron sistemlər və bu yeniliklərin yükaşırmaya təsiri barədə də məlumatlandırılıblar. Sonda təlim iştirakçıları ilə xatirə şəkili çəkdirilib.

Öyrəndik ki, Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bütün növ yükdaşımalarını həyata keçirmə imkanlarına malik olan Bakı Limanına gətiriləcək yüklərin sayı dəfələrlə artacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun da açılışı Liman ərazində keçirilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri