Dek
2021
19:01
180
44
5896
Virtual karabakh

Alpinistlərin evindən külli miqdarda oğurluq etdiyi sabiq baş infeksionist məhkəmədə ifadə verib

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq uzun illər Səhiyyə Nazirliyinin baş infeksionisti olmuş Cəlal İsayev ifadə verib.

O, evindən alpinizm üsulu ilə edilən oğurluq haqda danışıb. C.İsayev bildirib ki, hadisə baş verən gün evdə olmayıblar, həyat yoldaşı ilə rayona gediblər: “Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar”.

Şikayətçi olduğunu, zərərin qaytarılmasını tələb etdiyini bildirən sabiq baş infeksionist oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşdüyünü deyib.

Zərgərliklə məşğul olan digər zərərçəkmiş Vasif Əliyev 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilində də alpinizm üsulu ilə daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər: “Qapımızda “ingilis qıfılı” var deyə, oğurluqdan sonra qapıdan çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı qalxa bilməyəndə bir mərtəbə aşağıdakı qonşunun eyvanına düşüblər. O ev ərəblərə kirayə verilib. Həmin gün də ərəblər içib, yatıb qalıblar. Bunlar eyvandan mənzilə daxil olub, bu zaman ərəblərdən biri oyanıb. Onu təpikləyib, başının üstündən tullanıb qaçaraq, qapıdan çıxıblar. Çıxanda da qapının açarını götürüb, arxadan bağlayıblar, ərəblər içəridə qalıb”.

V.Əliyevin sözlərinə görə, onun mənzilindən xeyli qızıl-zinət əşyaları, o cümlədən 9 brend qol saatı, 10 övladı olan anasına verilmiş “Qəhrəman ana” medalı və s. oğurlanıb, ona ümumilikdə 300 min manata yaxın ziyan dəyib.

Zərərçəkmiş evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytardığını deyib. Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışıyla məşğul olan Mirsaleh Muradova satılıb: “Mən evimdən oğurlanan əşyaların hamısının qaytarılmasını tələb edirəm. O deyir ki, guya zərgərlik bacarığı olduğuna görə mənzillərdən apardığı əşyaları əridib, yenilərini düzəldib satıb. Mən buna inanmıram. Mənim evimdən oğurlanan, üstündə 7-8 karat brilyant qaşlar olan brend saatlar konkret adamlara satılıb. Onları desin”.

Prosesdə Mirsaleh Muradov da dindirilib. O bildirib ki, saatı satan şəxs onun hədiyyə verildiyini deyib: “Dedi ki, şəhid oğluyam, özüm də müharibədə yaralanmışam, ayağımda qəlpə var. Müalicəm üçün pul lazımdır, ona görə satıram. Bildirdi ki, az qala, kimisə avtomobil vuracaqmış, o adamın həyatını xilas edib. O da minnətdarlıq olaraq, qolundan açıb ona hədiyyə verib”.

Xaricdə alpinizm kurslarına gedərək, mənzillərin eyvanlarına kəndirlə düşməkdə, qapıları xüsusi vasitələrlə açmaqda, külli miqdarda oğurluqda ittiham olunan Cavid Süleymanov məhkəmədə ifadə vermək istəmədiyini, hadisələri xatırlamadığını bildirib.

Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə sadəcə, taksi sürücüsü kimi iştirak etdiyini deyib.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov qarət edəcəyi mənzilləri müəyyən etmək üçün əvvəlcə şəhərin müxtəlif yerlərindəki çoxmərtəbəli binaların kənardan fotoşəkillərini çəkirmiş. Həmin binalarda bir neçə ay müşahidələr apararaq hansı mənzildə yaşayışın olub-olmadığını, ev sahiblərinin mənzilə gəlib-getmə saatlarını müəyyən edirmiş. Bunun üçün binaların sxemlərini hazırlayaraq oğurluq üçün plan qururmuş. Saxlanılan zaman Cavid Süleymanovun üzərindən və əlindəki çantadan həmin sxemlərin qeyd edildiyi dəftərlər, eləcə də, içərisində oğurluq etməyi planlaşdırdığı Bakı şəhərinin müxtəlif nöqtələrində yerləşən çoxmərtəbəli binaların 2500-dən çox şəkli olan fotoaparat da aşkar edilib.

Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Onun yaşadığı evə baxış zamanı, həmçinin, mənzilə daxil olduqda zərərçəkmişlə rastlaşacağı təqdirdə istifadə etmək üçün əldə etdiyi 5 ədəd qaz balonu, 2 ədəd uzaqdan məsafədən əlaqə saxlamaq üçün istifadə edilən radio vasitə, mənzillərin qapılarını qırmaq üçün alətlər, alpinist fəaliyyəti ilə bağlı olan xeyli sayda kəndir, dayaq qurğuları və digər əşyalar aşkar olunaraq götürülüb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.

Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bu iş üzrə 8 zərərçəkmiş var.

İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri