Dek
2021
15:24
154
326
2447
Virtual karabakh

Aşıq Ələsgərin nəvəsi: “Metrostansiyalardan birinə babamın adı verilsin”

9 Dek, 2021
15:24
2447

Aşıq Ələsgərin nəvəsi: “Metrostansiyalardan birinə babamın adı verilsin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 ili tamam olur. Prezident İlham Əliyevin bununla bağlı noyabrın 30-da imzaladığı sərəncama uyğun olaraq, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsinin ucaldılması qərara alınıb.

Bu barədə Modern.az-a danışan Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli 200 illik yubiley tədbirləri ilə bağlı təkliflərini səsləndirib. Aşığın nəslinin davamçısı onun mədəni irsinin təbliği ilə bağlı 2021-ci ildə önəmli, səs-küylü tədbirlərin həyata keçirilmədiyini düşünür:

“Aşıq Ələsgər haqqında vaxtilə ulu öndər Heydər Əliyev doğru qiymət verib. Sovet dövründə Aşıq Ələsgərin 150 illiyi Göyçə mahalında, İrəvanda, Moskvada və Bakıda qeyd edilib. İndiki məqamda müstəqil Azərbaycan kimi bizim daha çox imkanlarımız var ki, daha yaxşı işlər görək, dədə Ələsgərin adını əbədiləşdirək, irsini təbliğ edək. İndiyə qədər Aşıq Ələsgərin böyüklüyü adını qoruyub saxlaya bilib. Təəssüf edirəm ki, bəzən aidiyyəti olan qurumlar məsələyə ürəkdən yanaşmayıblar. Bir müddət sanki Aşıq Ələsgər kölgədə qaldı. Dədə Ələsgərin irsinin qorunması ilə bağlı görüləcək çox işlərimiz var. Bunlar həyata keçərsə, saz sənətinə verdiyimiz dəyəri bir daha nümayiş etdirmiş olarıq. Öz kökümüzə sayğımızı, hörmətimizi bütün dünyaya nümayiş etdirə bilərik. Aşıq Ələsgərin irsinin əbədiləşdirilməsi aşıq sənətini yaşadan, dəyər verən hər kəsin ürəyincə olar”.

Xətai Ələsgərli həm Aşıq Ələsgərin nəticəsi kimi, həm də “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri kimi təkliflərini bildirib:

“Məsələn, Bakı Metropoliteninin stansiyalarından birinə Aşıq Ələsgərin adını vermək təqdirlə qarşılana bilər. Metronun “Gənclik”, “Ulduz”, “Dərnəgül” kimi stansiyalarının adları Aşıq Ələsgər adından önəmli və böyük deyil. Aşıq Ələsgər poeziyasının təbliğinə bu şəkildə ciddi yanaşmaq, mədəni irsimizi qoruyacaq gənc nəsil üçün də əhəmiyyətli ola bilər.

Aşıq Ələsgər hansı xalqın mədəni tarixində olsaydı, bütün dünyaya yaymışdılar. Bu gün Aşıq Ələsgərin adını daşıyan bir Mədəniyyət evi belə yoxdur. Utandırıcı məqamdır. Əvvəllər belə bir mədəniyyət ocağı var idi. Sonradan onu Mədəniyyət Nazirliyinin balansından çıxarıb, Həmkarlar İttifaqına verdilər. Bununla Aşıq Ələsgərin adını daşıyan Mədəniyyət evi özəlləşdirilib, bir tərəfi xeyir-şər evi, bir tərəfi isə restoran şəklində istifadə olunur. Çox acınacaqlı bir vəziyyətdir və mən düşünürəm ki, elə ilk olaraq bu mədəniyyət ocağının bərpası ilə başlamaq lazımdır. Mən hazırda Aşıq Ələsgərin adına böyük bir Ozan evinin istifadəyə verilməsi üçün çalışıram. Aşıq sənətini yaşadan, bununla maraqlanan hər kəsi həmin Ozan evində birləşdirmək olar. Mən bununla bağlı təkliflərimi hazırlayıb, aidiyyəti qurumlara təqdim edəcəyəm. İnanıram ki, köməklik göstərilib, aşıq sənətinin yaşadılması üçün addım atılacaq”.

Prezident İlham Əliyevin Aşıq Ələsgər irsinə yüksək dəyər verdiyini vurğulayan Xətai Ələsgərli aidiyyəti qurumların da üzərinə düşən məsələləri həll etməsini gözlədiyini bildirib:

“Prezidentimiz Aşıq Ələsgərin heykəlinin qoyulması ilə bağlı sərəncam imzaladı. Bu çox sevindirici addım oldu. Qeyd etdiyim təkliflərin reallaşması, Prezidentimizin müvafiq sərəncamına uyğun Dədə Ələsgərin xatirəsinin layiqli şəkildə əbədiləşdirilməsi, onun mədəni irsinin təbliği və yaşadılması bütün aşıq sevərlərin təqdirinə səbəb olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri