21 
Dek
2021
13:08
212
30
1402
Virtual karabakh

“Güclü atalar, Güclü qızlar” layihəsi çərçivəsində festivallar başa çatdı - FOTO

“Güclü atalar, Güclü qızlar” - qız övladının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi layihəsi çərçivəsində növbəti festival dekabrın 18-də Lənkəran şəhərində təşkil olunub və bununla da layihənin icrası yekunlaşıb.

Gün ərzində davam edən Lənkəran festivalında bir-birindən maraqlı musiqili proqramlar, dj-şou, rəqs nümayişləri, yarışlar və müxtəlif uşaq oyunları keçirilib. Festivalın iştirakçısı olan atalar qızları ilə birgə pazl qurmaq, qızları üçün parçadan paltar hazırlamaq kimi yarışlarda iştirak edərək sonda hədiyyələr qazanıblar.

Festivalların təşkilində əsas məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı, atalar və qız övladları arasında emosional və mənəvi əlaqələrin artırılması, onların birgə vaxt keçirmələri və əylənmələri üçün mühitin yaradılması, Azərbaycanda oğlan övladlara üstünlük verilməsinin yaxın gələcəkdə yaradacağı fəsadlar barədə məlumatlılığın artırılması, qız övladlarının dəyərinin aşılanması və qızların səlahiyyətləndirilməsinin təbliğidir.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində əvvəlcə Mingəçevir və Lənkəran şəhərlərində “Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” mövzusunda təlimlər keçirilib və layihənin davamı olaraq festivalların keçirilməsinə start verilib.

Layihə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri