22 
Dek
2021
15:00
114
13
3411
Virtual karabakh

300 illik evlər, zamanın geriyə getdiyi yer, qeyri-adi qəhvə - REPORTAJ + FOTO/VİDEO

22 Dek, 2021
15:00
3411

300 illik evlər, zamanın geriyə getdiyi yer, qeyri-adi qəhvə - REPORTAJ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eradan əvvəl altıncı min illərdən bu günə qədər gəlib çıxan yaşayış məskənləri… 300 il əvvəl tikilən evlər və bu günə qədər onların nəsildən-nəslə ötürülməsi bu əraziyə olan marağı daha da artırır.

Bu dəfə sizə UNESCO-nun Dünya Mədəniyyət İrsi müvəqqəti siyahısında yer alan, dünyanın ən qədim yaşayış yerlərindən olan Türkiyənin Şanlıurfa vilayətinin Harran qəsəbəsindən yazacam. Bu maraqlı ərazilərə illərdir turist axını müşahidə edilir.

Harran qəsəbəsində turistlərə məlumat verən bələdçi bildirib ki, bu ərazilər tarixən Əməvilər xilafətinin paytaxt şəhəri olub. Harran evlər deyə tanınan bu yaşayış yerlərində tarix qorunub saxlanılıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan media nümayəndələri təşkil edilən media-tur çərçivəsində qədim Şanlıurfa bölgəsində yerləşən, Suriya ilə sərhəddəki Harran qəsəbəsində olublar.

Harran qəsəbəsi canlı tarixi xatırladır. Burada evlərin içərisi bişmiş kərpicdən, xarici isə palçıqdan tikilib. Burada yaşayan insanların xüsusi geyim formaları da var. Regional libasları turistlərin diqqətini çəkir və burada libasları geyinərək fotolar çəkmək üçün şərait yaradılır. Burada babasının evi olduğunu deyən sakinlərdən birinin sözlərinə görə, ilk İslam Universitetinin qalıqları Harran qəsəbəsində hələ də qalmaqdadır.

Pandemiya dövrünü nəzərə almasaq, digər illərdə Harran qəsəbəsi tarixi qəsəbə kimi turizm sektorunda mühüm yer tutur, eləcə də turizm mövsümünün başlaması ilə bura ziyarətçilərin axını müşahidə edilir.

Harrana günün ikinci yarısında çatdıq və ərazini çox gəzməyə fürsət tapmadıq. Sakinlərdən biri deyir ki, burada qorunan evlərdən biri onun ailəsinə məxsus olub:

“Bu, 300 illik evdir. 12 yaşıma qədər mən bu evdə yaşamışam. 40 il əvvələ qədər bu evlərdə ailələr yaşayırdı. Məlum olduğu kimi, yaşamaq üçün çox məhdud imkanlar səbəbindən insanlar başqa yerlərə köçüblər. Burada elektrik xətləri olmadığından evləri qızdırmaq, yemək bişirmək mümkün olmur. Bu kimi qəsəbələrdən dünyanın yalnız üç ölkəsində - Türkiyədə, Suriyada və İtaliyada var. Bu evlər yayda sərin, qışda isti olur. Evlər içəridən bişmiş kərpiclə hörülüb, üzəri isə palçıqla suvanıb.

Yağışlı hava şəraiti burada çox müşahidə edilmir. Lakin zaman-zaman yağış evlərin üstünü yuyur. Buna görə də tarixiliyini qorumaq şərtilə hər il restavrasiya işləri görülür. O dövrdə burada ilk İslam Universiteti tikilib ki, 1265-ci illərdə monqollar tərəfindən bina dağıdılıb. Binanın sadəcə bir hissəsi qalıb”.

Ətrafda bir neçə ev var idi. Bizə verilən məlumata görə, bura özəl mülk kimi nəsildən-nəslə ötürülüb. Hər ev həmin nəslin nümayəndələri tərəfindən qorunur, mühafizə edilərək turizm sahəsi kimi fəaliyyət göstərməsi ilə yanaşı gələcək nəsillərə də ötürülür.

Evlərin girişində dəyirmanlar, daşlardan düzəldilmiş qədim fiqurlar və gildən hazırlanmış qablar görmək olar. Evlərin içərisində sərilmiş kilimlər var. İnsanlar onların üzərində otururlar. Eyni zamanda kilimlərin üzərindəki işləmələr də müxtəlifliyi ilə diqqət çəkib.

O vaxt insanlar bu beton döşəmələrin üzərinə kilim, onların da üzərinə yataqlarını açırdılar. İndi bu evlərin bəzilərində aksesuarlar, bu qəsəbəyə xas əl işləri satılır. Harran evlərində insanlar öz şəraitləri üçün hər şeyi hazırlayıb yaşayırmışlar.

Buğda üyütmə üçün daşlar, otlaq sahələrdə çalışmaq üçün əmək alətləri var. Lakin təəssüf ki, yaxınlıqda özlərinə yaşayış evləri tikərək qəsəbənin yaxınlığında yaşayan insanlar turizm mövsümündə ərazidən qazandıqları pullarla burada yenilik edə bilmirlər.

Sakinlər deyir ki, ərazi uzaq olduğu üçün turistlər buraya səfəri qısamüddətli olur. Çünki ərazidə onların gecələməsi üçün hotel və ya fərdi evlər yoxdur.

Burada çox gözəl tünd qəhvə verilir. Qəhvə dadına, spesifikliyinə görə digərlərindən seçilir. Evləri gəzdikcə adama elə gəlir ki, Harranda zaman irəli yox, geriyə gedir.

Eyni zamanda səfər çərçivəsində Balıqlıgöl və “Zeugma” muzeyi də ziyarət edilib.

Rəvayətə görə, burada qayanın üstündə Babil kralı Nəmrud tərəfindən tikilmiş qalanın olduğu deyilir. İbrahim Peyğəmbərin zamanında yaşayan bu kralın qəddarlığı ilə ad çıxardığı danışılır. Tarixin mənbələrində qeyd edilir ki, kralın münəccimlərindən biri ona gələcəkdən bir xəbər verir. Belə ki, tarixi və günü ilə qeyd edir ki, bu tarixdə bir uşaq dünyaya gələcək və o sizin dininizi, qaydalarınızı pisləyəcək. Kral isə əmr verir ki, o tarixdə dünyaya gələn bütün uşaqlar öldürülsün.

İbrahim Peyğəmbərin anası isə hamiləliyini bir gizli mağarada keçirir və orada uşağı dünyaya gətirir. Peyğəmbər mağaradan çıxmaz və anası orada onu gizli-gizli böyüdər. Sürətlə böyüyən uşağın öz barmağını əmərək böyüməsi diqqət çəkər. Belə ki, rəvayətdə uşağın ana südünü öz barmağından alaraq qidalandığı deyilir. Bu möcüzə ilə böyüyən Peyğəmbər böyüdükcə insanların ulduza, günəşə sitayiş etdiyini görən İbrahim Peyğəmbər insanlara bunun yanlış olduğunu deməyə başlayıb. Ulduzlar gecələr var, gündüzlər yox olur, günəş gündüz var, gecələr batırsa, ona sitayiş etməyin doğru olmadığını deməyə başlayır. O deyirdi ki, Allah sizin qəlbinizdədir, ona inanın. İbrahim Peyğəmbərin əksinə onun atası daşdan bütlər hazırlayıb satırmış. Rəvayətə görə, atası oğlundan bütləri satmağı istədiyində İbrahim bütləri qırır. Bu söhbət isə Nemrud kralın qulağına çatır və qəzəblənir. Kral onun diri-diri yandırılması üçün hazırkı Balıqlıgöl adlanan bu ərazidə tonqal qalanmasını əmr verir. Tonqal qalanır və İbrahim Peyğəmbəri qalanın üzərinə çıxarıb oradan tonqalın içərisinə atırlar. İbrahim Peyğəmbər tonqala atılan anda alovlar suya, taxtalar isə balıqlara çevrilir.

Bu rəvayətə inanılır və Balıqlıgöl sakinlər tərəfindən müqəddəs bir yer kimi qorunub saxlanılır. Burada məscid və mədrəsələr var. Balıqlıgölə gələn insanlar balıqlara yem verib, onların qayğısına qalır. Bu balıqların tutulması və yeyilməsi günah hesab olunur.

Bu göldə uğur gətirdiyi deyilən ağ balıq var. Sakinlər bu balığı görənlərin onlara şans gətirdiyini deyirlər. Biz isə nə dəqər baxdıqsa, ağ balığı görə bilmədik.

“Zeugma” muzeyində isə Roma dövründə Fərat çayı yaxınlığındakı yaşayış yerlərində olan mozaikalar nümayiş olunub. Ərazini su basdığı üçün həmin nümunələr zərər görməməsi üçün köçürülüb. Ən çox evlərin ortasında, hər hansı rəsmi təsvir edən mozaikalar düzülür.

Orijinallarında bu mozaikaların üzərində bir şüşə varmış kimi effektlər olub. Bu muzeyin ən önəmli nümunəsi “Çingene kızı” adlandırılan mozaikadır. Bu nümunə qaranlıq bir otaqda xüsusi təhlükəsizlik tədbirləri ilə saxlanılır. Mozaikaya hansı rakursdan baxsan, sənə baxdığı deyilir.

Sol rakursdan “Çingene kızı”nın bizə baxdığını düşünmək olardı, amma digər rakurslardan deyildiyi kimi görünmür. Bütün hallarda bu qaranlıq otağa girənlərdən mozaikaya baxarkən müəyyən məsafədə durmaları xahiş olunur. Mozaikaya çox yaxınlaşmaq olmur, kameralar sizi oğru kimi qəbul edə bilər və həmin anda siqnalizasiya işə düşür.

Oxu.Az-ın da əməkdaşının iştirak etdiyi səfər çərçivəsində ziyarət edilən yerlərdən görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri