25 
Dek
2021
23:37
29
592
43498
Virtual karabakh

Bakıda 28 yaşlı qadın və doqquz yaşlı oğlu parka gedərkən öldülər – FOTO

25 Dek, 2021
23:37
43498

Bakıda 28 yaşlı qadın və doqquz yaşlı oğlu parka gedərkən öldülər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il aprelin 19-da Bakı şəhəri Sabunçu rayonu ərazisində - “Koroğlu” metrostansiyası ilə Sabunçu dairəsinin arasındakı genişzolaqlı magistral yolda 28 yaşlı Gülnar Yuniszadə və onun doqquz yaşlı oğlu Yusmirin ölümü, Gülnarın bacısı Fidan Cəfərzadənin isə ağır xəsarət alması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, piyadalar sürət həddi saatda 110 kilometr olan yolu piyada keçidi olmayan yerdə keçməyə cəhd göstərib. Onların axşam saat 9 radələrində, yəni havanın qaranlıqlaşdığı vaxtda yolu keçdiyini görən bir sıra maşınlar sürətlərini azaldaraq yol veriblər, lakin bu zaman sağ tərəflə hərəkət edən və 1986-cı il təvəllüdlü Taleh Tağıyev sürətini azaltmadan hərəkətə davam edib. Qarşısına piyadaların çıxa biləcəyini ağlına gətirməyən T.Tağyev 7-8 metr qarşıda iki qadın və bir azyaşlının olduğunu gördükdə artıq gec olub və qəza qaçılmaz olub. Zərbənin gücündən onların 3-ü də maşının ön hissəsinə və alın şüşəsinə çırpılaraq xeyli aralı düşüblər. Gülnar və oğlu hadisə yerində ölüb. Fidan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məhkəmədə ifadə vermiş Fidan Cəfərzadə bildirib ki, bacısı ötən il həyat yoldaşından boşanıb və onunla birlikdə atasının evində yaşayıb. O, baş verən hadisəni belə xatırlayıb: 

“19 aprel 2021-ci il tarixdə evdə olan zaman bacım Gülnar Milli Olimpiya Stadionunun yaxınlığında yerləşən parka getməyi təklif etdi, mən də etiraz etmədim. Bundan sonra Gülnar və onun oğlu Yusmirlə birlikdə təxminən saat 20:30 radələrində evdən çıxdıq, saat 21:00 radələrində Sabunçu körpüsü yaxınlığına gəldik. Əvvəlcə “Koroğlu” metrostansiyası istiqamətindən hava limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin keçməsini gözlədik ki, yol boşaldıqdan sonra sərbəst keçə bilək. Avtomobil axınının az olduğunu görüb yolu adi yerişlə keçməyə başladıq. Həmin vaxt “Koroğlu” metrostansiyası istiqamətindən hərəkətdə olan bir neçə avtomobil bizim yolu keçdiyimizi görüb sürətlərini azaldaraq yol verdilər. Biz də yolu keçməyə davam etdik. Yolu keçən zaman birinci hərəkət zolağı ilə “Koroğlu” metrostansiyası istiqamətindən bir avtomobilin gəldiyini gördük. Biz elə bildik ki, həmin avtomobilin sürücüsü də yolu keçdiyimizi görüb avtomobili saxlayaraq bizə yol verəcək. Lakin yolu keçməyə az qalmış həmin avtomobil Gülnarı, bacım oğlu Yusmiri və məni vurdu. Həmin vaxt huşumu itirdim. Sonradan nə baş verdiyini xatırlamıram”.

Təqsirləndirilən şəxs ailəli, iki azyaşlı uşaq atası olduğunu, taksi fəaliyyəti göstərdiyini deyib və baş vermiş hadisədə günahkar olmadığını deyib: “Hadisənin baş verməsinə səbəb piyadaların yolu düzgün yerdən keçməməsi olub. Təxminən 14 ildir ki, avtomobil idarə edirəm, avtomobil idarə etmək üçün sürücülük vəsiqəm var. Hadisə baş verərkən şirkətə məxsus olan və etibarnamə ilə sürdüyüm “Ravon Nexia R3” markalı avtomobillə Heydər Əliyev prospekti ilə yolun soldan birinci zolağı ilə “Koroğlu” metrostansiyası istiqamətindən hava limanı istiqamətinə saatda 100 km sürətlə hərəkət edirdim, həmin vaxt sağ tərəfdəki avtomobillər də eyni istiqamətdə hərəkət edirdilər. Sabunçu körpüsü yaxınlığına çatdıqda 5-ci zolaqda hərəkət edərkən sağımda olan maşın əyləci basdı, mən də bunu görüb əyləci basdım. Bu zaman gördüm ki, maşınla piyadanı vurmuşam. Piyadanı vurmamaq üçün idarə etdiyim avtomobilin əyləcini basdım və avtomobili sağa tərəf istiqamətləndirdim, lakin piyada ilə idarə etdiyim avtomobilin ara məsafəsi 7-8 metr olduğundan avtomobili saxlaya bilmədim. Hadisə vaxtı yoldan keçən şəxs görməmişəm. Bundan sonra avtomobili dərhal saxlayıb yerə düşdüm, avtomobilin ön şüşəsinə dəyərək yerə yıxılan piyadaya yaxınlaşdım ki, ona köməklik göstərim, həmin piyada qadın idi. Onun huşsuz vəziyyətdə olduğunu görüb nəbzini yoxladıqda öldüyünü bildim. Bundan sonra digər iki nəfər piyadaya yaxınlaşdım, həmin piyadalardan biri azyaşlı oğlan uşağı, digəri isə cavan qız idi. Yoldan keçən tanımadığım avtomobilin sürücüsü həmin piyadaları avtomobilinə əyləşdirərək onları 3 saylı Şəhər Klinik Xəstəxanasına apardı, mən isə hadisə yerində polisin gəlməsini gözlədim. Hadisə vaxtı idarə etdiyim maşında məndən başqa dostum və üç nəfər tanımadığım şəxs vardı, həmin şəxsləri pul müqabilində maşınımla ünvana aparırdım”.

Taleh Tağıyev məhkəmədən ona yüngül cəza verməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesin yekununda T.Tağıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsi və cəzasını ümumi rejimli müəssisədə çəkməsinə hökm verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri