17 
Yan
2022
21:19
81
505
14065
Virtual karabakh

Sosial Xidmətlər Agentliyindən baxımsız vəziyyətdə aşkarlanan 5 azyaşlı uşaqla bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

17 Yan, 2022
21:19
14065

Sosial Xidmətlər Agentliyindən baxımsız vəziyyətdə aşkarlanan 5 azyaşlı uşaqla bağlı AÇIQLAMA – YENİLƏNİB+FOTO

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi qərara alınmışdı.

Bu barədə Sosial Xidmətlər Agentliyindən açıqlama verilib.

Bildirilib ki, artıq azyaşlılar Agentliyin müəssisəsinə gətiriliblər. Bundan sonra onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə Agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesi keçəcəklər.

Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

17:01

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı  uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. 

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. 

O bildirib ki, azyaşlılarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək:

“Qeyd edək ki, ananın da  sosial reabilitasiya prosesinə cəlb olunacağı nəzərdə tutulur. Əlavə edək ki, dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib. Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar.

Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq, ailə fərdi yaşayış evi və işlə təmin olunub. Lakin göstərilən dəstəyə baxmayaraq, valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib”.

13:40

Şamaxıda acınacaqlı vəziyyətdə olan uşaqlar artıq Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirilib. 

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşaqlar artıq dövlətin nəzarətində tam təhlükəsiz vəziyyətdədirlər:

“Mənim də istədiyim odur ki, uşaqlar dövlətin nəzarətində olsun. Gördüyüm işin, paylaşımların səbəbi aidiyyəti qurumlara ictimai nəzarətin gücləndirilməsidir. Bu işdə ən böyük əməyi keçən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Elşad Hacıyevə, eləcə də Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına, başda Murad Həşimov olmaqla operativ məlumat paylaşdıqlarına görə təşəkkür edirəm”.

11:16

“Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan uşaqların sayı dörd yox, beşdir”.

Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-a məlumat verib. 

O bildirib ki, uşaqlardan biri oğlan, dördü qızdır, onlardan biri azyaşlıdır:

“Uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək”, - deyə o qeyd edib.

09:08

Şamaxıda baxımsız vəziyyətdə qalan 4 uşaq sığınacağa yerləşdirilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, bu uşaqlarla bağlı kənd camaatı da aidiyyəti qurumlara dəfələrlə müraciət edib, lakin təəssüf ki, bu günə qədər onların aqibəti ilə ciddi maraqlanan olmayıb:

“Əvvəl onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı Rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da aidiyyəti qurumlara dəhşətli görüntülər göndərmişdim. Təəssüf ki, nəticəni bu gün, məlum digər videoda görürsünüz. Bu uşaqlar zorakılıq, hətta ehtimal edirəm ki, fiziki zorakılıq qurbanlarıdır. Diqqətimi azyaşlıların “Mehman yanımızda qalırdı” ifadəsi çəkdi. Bu fikir məni başqa şübhələrlə qarşı-qarşıya qoyub. İnanın təcrübəmə, mütləq bu məsələdə seksual hərəkətlərə təhrik olduğu üzə çıxacaq. Əlbəttə ki, bu qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar”.

K.Ağazadə qeyd edib ki, azyaşlıların anası onlarla heç maraqlanmayıb:

“Mən keçən ildən bunu görmüşdüm, o zaman hələ ən balaca uşaq lap körpə idi. Fikir verdinizsə, balaca uşaq bacının qucağında lüt vəziyyətdə gəlirdi. Ana cinayətə meyilli biri kimi araşdırılmalıdır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur. Bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə məlumat verib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, uşaqlar bu dəfə dövlət himayəsinə veriləcək. Amma mən anlamadım ki, niyə keçən dəfə müraciət etdiyimdən bu tədbir görülməmişdi. Belə baxıram ki, səbəb məlumatın ictimailəşdirilməsi oldu. Çünki bu dəfə DİN-ə də məlumat verildi, Baş Prokurorluğa da. Uşaqlar mütləq reabilitasiya keçməlidir. Çünki bir çox hadisələrə, olaylara o zaman aydınlıq gələcək. Bunu da biz - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin əməkdaşları edəcək. Mane olmayın, qoyun uşaqlara yardım edək”.

Könül Cəfərli, İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri