18 
Yan
2022
14:56
20
351
4269
Virtual karabakh

Təkəbbürlü deputatlar...

18 Yan, 2022
14:56
4269

Təkəbbürlü deputatlar...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi deyəcəksiniz ki, ad çəkmədən yazırsansa, bu qələmdən (klaviaturadan) çıxan məqalə etibarlı məlumatlar əsasında ərsəyə gəlməyib.

Ancaq bir məqamı deyim ki, burada etibarlı informativ mənşə axtarmaq niyyətləri əbəsdir, çünki bizim müşahidələrimiz və canlı ünsiyyətimiz özü ən etibarlı mənbədir.

Yenə Milli Məclisin bir qisim deputatı barədə fikirlərimi, daha doğrusu məndə bu fikirləri formalaşdıran tendensiyaları ərz etmək istəyirəm.

Bilirik, deputatlıq statusu istər-istəməz bu mandatın daşıyıcısı olan şəxslərin fəaliyyətinə, oturuşuna-duruşuna, hərəkətlərinə təsir göstərir. Bir növ təvazökarlıq təbiəti öz yerini təkəbbürə verir və ictimai rəyə bu təkəbbürdən irəli gələn “məndən yoxdur” obrazı təlqin edilir.

Əstəğfurullah, dediklərimiz heç də bütün millət vəkillərinə aid deyil, deputatlar arasında təvazökar, işini bilən, həmsöhbəti üzərində psixoloji üstünlük qazanmaq niyyətində olmayanları da var.

Bir də tam əksinə, öz cismani vəziyyətini və daxili aləmini məmur kimi cilalayan, Azərbaycanın bəzi keçmiş nazirlərinə xas təkəbbür və ədaya bənzər davranışlar sərgiləyən deputatlarımız mövcuddur.

Olsun, hərə bir xarakterdədir, özünəgüvən yaxşı şeydir, amma bu cür millət vəkillərində özünə inam yalnız deputat kreslosunun verdiyi bihuşedici vərdişdən irəli gəlir.

Yaxşıdır ki, heç olmasa biz jurnalistləri Milli Məclisin foyesində görəndə güclə də olsa, başı ilə salam verib yanımızdan keçirlər, amma xeyri-yoxdur, təkəbbür onların düşüncələrində əhəmiyyətli yer tutub.

Belə millət vəkillərimizin həmsöhbəti üzərində aşırı psixoloji üstünlük qazanmaq cəhdləri barədə də danışmadan keçmək olmaz. Hər sözünün əvvəlində “mən professoram” deyərək sözü-sözə calayan deputatlar, ya da müsahibə edərkən səni sual yağışına tutan deputatlar mövcuddur. Çox şükür ki, bu sətirlərin müəllifi həmin suallara cavab verə bilib, amma sanki imtahanda səni ilişdirmək istəyən müəllim kimi davranıb, bəzən bilmədiyin bir şeydən sual edir. Normaldır, bilmirəm, axı sən özün də hər şeyi bilmirsən.

Suala gəlincə, elə yerdən sual verərik ki, buna cavab tapmaq üçün bir ay əlləşərsiniz, amma məsələ bu deyil axı.

Qısası, öz dediklərinin inandırıcılığını gücləndirmək üçün seçilən bu metod qüsurludur. İndi elə heç bir elmi titulu olmayan şəxslər var ki, necə deyərlər professorları kölgədə qoyarlar – istər innovativ yanaşmaları ilə, istərsə də, bilikləri ilə.

Hörmətli professor deputatlar, inandırım sizi ki, fikirlərinizin qarşısına yapışdırdığınız epitet dediklərinizi heç də inandırıcı etmir, əksinə sizi təkəbbürlü göstərir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri