19 
Yan
2022
13:56
114
64
3318
Virtual karabakh

Yaşayış binalarına kənardan lift quraşdırmaq olar? - FOTO/VİDEO

19 Yan, 2022
13:56
3318

Yaşayış binalarına kənardan lift quraşdırmaq olar? - FOTO/VİDEO

Bakıda beşmərtəbəli yaşayış binalarında liftin olmaması yuxarı mərtəbələrdə yaşayan insanların qalxıb-düşməsinə çətinlik törədir.

SSRİ dövründə tikilmiş bu binalara lift qoyulmaması o vaxtlar üçün bəlkə də normal sayılardı.

Çünki ötən əsrin 50-60-cı, hətta 70-80-ci illərində ittifaq ölkələrində, o cümlədən Azərbaycanda mənzil problemi ciddi idi və insanlar üçün onlara verilən evin neçənci mərtəbədə yerləşməsi, binanın liftinin olub-olmaması elə də əhəmiyyət kəsb etmirdi. İndi isə vəziyyət fərqlidir. İnsanların mənzil əldə etmək imkanları geniş, daşınmaz əmlak bazarında seçim imkanları isə çox olduğundan ev almaq istəyənlər liftsiz binaların yuxarı mərtəbələrinə demək olar ki, üz tutmurlar. Bu amil həmin mənzillərin qiymətinin formalaşmasında mühüm rol oynayır.

“Report”a açıqlama verən daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, beşmərtəbəli binaların 5-ci mərtəbəsində yerləşən mənzillə 2-3-cü mərtəbələrdə yerləşən mənzillərin qiymətləri arasında ciddi fərq olur. Bununla belə, əksər hallarda aşağı qiymətə belə sonuncu mərtəbə mənzillərə müştəri tapmaq mümkün olmur:

“Sonuncu mərtəbədən evi satmaq çətin məsələdir. Bu, xüsusilə beşmərtəbəli binalardakı mənzillərə aiddir. Çünki, həmin binalarda lift olmur və mənzilin sonuncu mərtəbədə olması xüsusən yaşlı adamların qalxıb-düşməsinə çətinlik yaradır”.

Müşahidələr göstərir ki, bəzən beşmərtəbəli binaların sonuncu mərtəbəsində yaşayanlar lift problemini özləri həll edirlər. Onlar müxtəlif qurumların icazəsi ilə və öz vəsaitləri hesabına binaya kənardan lift quraşdırırlar. E.Fərzəliyev bunu normal hal hesab etmir:

“Binaya kənardan lift qoymaq böyük xərc tələb edən işdir. Ondansa evi ucuz satıb aşağı mərtəbədən ev almaq məsləhətdir. Digər tərəfdən beşmərtəbələrin ömrünə elə də çox qalmayıb. 2016-cı ildən başlayaraq bu cür binalar sökülür, yerində yeni binalar tikilir”.

Bəs binaya kənardan lift quraşdırmaq nə dərəcədə qanunidir? Belə liftləri kim quraşdırır və onlara kim xidmət göstərir?

Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyində deyirlər ki, beşmərtəbəli binalara kənardan liftin quraşdırılması üçün bir neçə qurumun - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, yerli icra hakimiyyəti orqanının müvafiq rəyləri olmalıdır. Lift quraşdırılan ərazidə yerin altından hansısa kommunikasiya xətlərinin keçib-keçmədiyi, onun binaya giriş-çıxışa mane olub-olmayacağı bilinməlidir. Bu rəylər verildikdən və müvafiq konstruksiya qurulduqdan sonra binaya kənardan lift quraşdırmaq olar.

Bina dövlət binasıdırsa, yəni dövlət mənzil fonduna aiddirsə, ona lifti biz quraşdırırıq. Amma bina korporativ binadırsa və yaxud özünü idarəyə keçibsə, adətən ona lifti biz qoymuruq. Elə beşmərtəbəli binalar var ki, sakinlər müştərək cəmiyyət yaradıb onu idarə edir. Bina müştərək cəmiyyət tərəfindən idarə olunmursa, bütün razılıqlar alınandan sonra dəmir konstruksiyaya icarə verilibsə, dəmir, beton konstruksiyaya icazə verilibsə, dəmir-beton konstruksiya qurulur və bundan sonra “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu binada hansı ölçüdə liftin quraşdırılmalı olduğunu təyin edir. Vəsait ayrılanda həmin binaya lift quraşdırılır.

“Müştərək cəmiyyətlər də lift qoyulması üçün bizə müraciət edə bilər. Amma buna qədər bizim quruma aid olmayan işlər görülməlidir. Bu işlər qeyd etdiyim qurumlardan icazələrin verilməsidir. Binaya kənardan liftin quraşdırılması üçün liftin binanın hansı istiqamətinə düşməsi, ümumi görünüşə xələl gətirib-gətirməməsi, yerli infrastruktura uyğun olub-olmaması kimi məsələlər təhlil edilməlidir. Bunlar olarsa, onun quraşdırılması mümkündür”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri