19 
Yan
2022
15:24
134
239
3137
Virtual karabakh

Veteranlar təşkilatının 100 yaşlı sədri: “İşləməkdən hələ yorulmamışam” - MÜSAHİBƏ + FOTO

19 Yan, 2022
15:24
3137

Veteranlar təşkilatının 100 yaşlı sədri: “İşləməkdən hələ yorulmamışam” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub.

O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərib. F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.

Fatma Səttarovanın “Report”a müsahibəsini təqdim edirik:

- Fatma xanım, necəsiniz, işləriniz necə gedir?

- Çox sağ olun, yaxşıyam. Təşəkkür edirəm.

- Özünüzü 100 illik yubileyinizdə necə hiss edirsiniz?

- Əla. Allaha çox şükür olsun ki, yaxşı hiss edirəm. Hər gələn təbrik məni daha da sevindirir.

- Bayaq müsahibəyə başlamazdan əvvəl dərman qəbul etdiniz. Səhhətinizdə nəsə problem var?

- Yox, indi cavanlar da dərman qəbul edirlər. Mən bir qədər yaşıma görə dərman qəbul edirəm ki, daha qüvvətli və möhkəm olum. Hələ ki, şükür Allaha, ağrıyan bir yerim və səhhətimlə bağlı heç bir şikayətim yoxdur. Bu yaşıma qədər ağır tibbi yardımlara ehtiyacım olmayıb. Amma təbii ki, hərdənbir baş ağrıyır, can ağrıyır və soyuqdəymə kimi yüngül narahatlıqlar olur. Bu da normaldır.

- Fatma xanım, Azərbaycanda çox az sayda uzunömürlü insanlardansınız. Hələ gənc yaşlarınızda çox keşməkeşli həyat yaşamısınız, ağır günlər keçirmisiniz. Uzunömürlülüyün sirrini necə izah edərdiniz?

- Mənim ata tərəfim uzunömürlü insanlar olub. Atamın anası da 113 il yaşayıb. Doğrudur, mən ağır müharibə illərini görmüşəm, qırx gün Leninqradın blokadasında olmuşam, aclıq çəkmişəm. Müharibədən qayıdandan sonra Stalinin göstərişi ilə bir neçə şəfqət bacısı olaraq həkim komissiyasından keçdik. Orada yoxlanışı Şuşkin adında bir akademik aparırdı. O, müayinələr zamanı mənə dedi ki, sizin bədəniniz təzədən dünyaya gələn uşaq bədəni kimidir və fikrimcə, siz uzun ömürlü olacaqsınız. Mənə tapşırırdı ki, yeməyimə və davranışlarıma fikir verim. Onun bu sözlərini qəbul etmək istəmirdim. Düşünürdüm ki, yəqin müharibədən sonra daha da pis vəziyyətə düşmüşəm ki, mənə təsəlli verməyə çalışır. Amma bu gün görürəm ki, o akademikin sözündə həqiqətlər var imiş. Şükür Allaha, 100 yaşa çatmışam və bundan sonra Allah mənə nə qədər ömür verəcəksə, dövlətimə, xalqıma, millətimə xidmət edəcəyəm. Amma açığı deyim ki, bu qədər ömrüm olacağı heç ağlıma gəlməzdi. Çünki hər adam bu qədər yaşaya bilmir axı?! Görünən odur ki, bir zamanlar akademik Şuşkinin dediyi sözlər düz çıxdı.

- Ömür tarixçənizə nəzər saldıqda, daha çox nələri xatırlayırsınız? 100 il necə keçdi?

- Bilirsiniz, mən çox zəhmətkeş insanam. Valideynlərimin tək övladı olmuşam, bacı və qardaşım olmayıb. Özümün isə 3 oğlum və 1 qızım olub. Yoldaşımı da tez itirmişəm, o, 50 yaşı olmamış dünyadan köçdü. Bundan sonra övladlarımı böyütmək, yerbəyer etmək məsuliyyəti mənim üzərimə düşüb. Bilirsiniz, gəncliyimin beş ili müharibələrdə keçib, müharibəyə tibb texnikumunu bitirdikdən sonra getmişdim. Müharibədən qayıtdıqdan sonra isə bir neçə tibb bacısı ilə birlikdə ali məktəblərə imtahansız qəbul olmaq üçün ərizə ilə Mərkəzi Komitəyə müraciət etdik. Əmr verildi və 7 tibb bacısı imtahansız universitetlərə qəbul olunduq. Məndən başqa qızların hamısı Tibb Universitetinə getdilər. Mən isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU – red) İqtisadiyyat fakültəsinə qəbul olundum. Eyni zamanda, institutun Plexanov adına filialı açıldı və mən təhsilimi orada da davam etdirdim. Beləliklə, eyni vaxtda mən iki diploma sahib oldum. Sonralar müxtəlif illərdə bir sıra vəzifələrdə çalışmışam.

- Həyat yoldaşınız dünyasını dəyişəndən sonra övladlarınızı təkbaşına himayə etmək çətin deyildi ki?

- Həyat yoldaşımı itirsəm də, balalarımı böyütdüm və yerbəyer etdim. Zəhmət çəkirdim, işləyirdim və beləliklə, ailəmi dolandırırdım. Övladlarım da təhsilə, elmə böyük maraq göstərirdilər və elə bunun nəticəsi oldu ki, hamısı ali təhsil aldılar. Ortancıl oğlum neft-qaz sahəsi üzrə akademikdir.

- Bəs o biri övladlarınız nə işlə məşğuldur? Yəqin təqaüddə olarlar...

Bu sualımdan sonra Fatma xanım bir neçə saniyə ərzində duruxub qaldı, qəhərləndiyi üçün asta bir səslə sualımı cavablandırmağa çalışırdı. Amma sanki dili söz tutmur, əyləşdiyi yerdə o tərəf - bu tərəfə baxaraq biixtiyar narahatlığını birüzə verir və özünü ələ almağa çalışırdı. Sağ əli ilə boynundakı yaylığın ucunu tutub gözlərindəki nəmi qurutmaq üçün hazır saxlamışdı. Doğrusu, müsahibimin yaşadığı acı taledən xəbərsiz olmağım söhbətimizin bu hissəsində bizi kövrəltməyə bilməzdi. Nəhayət, özünü toparlayan Fatma xanım sualıma cavab verdi:

- Oğlum, bayaq söhbət əsnasında həyat yoldaşımın 50 yaşı tamam olmamış dünyasını dəyişdiyini dedim. Bu yaxınlarda isə övladlarımın ikisini itirdim. Mənim balalarım xəstəlikdən öldü – böyük oğlum koronavirusdan, kiçik oğlum isə həyat yoldaşı vəfat edəndən beş ay sonra şəkər xəstəliyindən dünyasını dəyişdi. Hələ qırx mərasimi çıxmayıb, ikinci “cümə axşamı”sıdır. Amma görünür, mən çox dözümlü qadınam ki, təxminən, bir il ərzində iki oğul itkisinə tab gətirməyi bacarıram. Böyük oğlumun ili çıxandan sonra təşkilata sədr seçildim. Düşünürəm ki, bu, haradasa fikrimin dağılmasına səbəb oldu. Ola bilsin ki, bütün günü evdə qalsaydım, evdar qadın olsaydım dərd mənə güc gələrdi.

Böyük oğlumun 70-ə yaxın yaşı var idi, müharibədən sonra birinci övladım idi. O, ədəbiyyatçı idi və uzun illər “Vətən” kinoteatrının müdiri olub, sonra da təqaüdə çıxmışdı. Kiçik oğlum isə mühəndislik fəaliyyəti ilə məşğul olub, o da 60 yaşında idi. İndi bir oğlum və bir qızım qalıb. Bu oğlum da akademikdir, Amerikada yaşayır.

- Allah sizə səbir versin, Fatma xanım. Təbii ki, sizin kimi bir ananın dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı övladların yeri də Cənnətdir...

- Çox sağ ol, oğlum. Təsəlli və xoş sözlərin üçün təşəkkür edirəm. Yaşayırıq da bir təhər. Təbii ki, ömrü verən də, alan da Allahdır. Bu koronavirus çox dəyərli insanları aramızdan apardı.

- Fatma xanım, müharibədən qayıdandan sonra təhsilinizi niyə tibb sahəsində davam etdirmədiniz?

- Açığı deyim ki, daha çox iqtisadiyyat sahəsinə böyük marağım olub. Ona görə də bu sahədə təhsilimi davam etdirmişəm. Müharibə illərində o qədər çətinliklər, əzablar, ağrı-acılı günlər və dəhşətlər görmüşdüm ki, daha yaşamağa davam edə bilməyəcəyimi düşünürdüm. Doğrusu, məndə həkimliyə həvəs olmasa da, tibb texnikumunu mama-ginekologiya ixtisasına görə seçmişdim. Çünki bu peşəni çox sevirdim. Amma sonradan bu peşəyə olan həvəsim də söndü və buna görə də təhsilimi bu istiqamətdə davam etdirmədim.

- Siz danışdıqca düşünürəm ki, həddindən ziyadə zəhmətkeş insan olmusunuz...

- Mənim təbiətim elədir ki, ömrümü ancaq zəhmətə həsr etmişəm. Öz vəzifələrimi yerinə yetirmişəm, işimi görmüşəm və övladlarımla məşğul olmuşam. Kənar məsələlərlə heç vaxt təmasda olmamışam, buna heç marağım da olmayıb. Çünki həyat yoldaşım çox tez dünyasını dəyişdi və övladlarımızı mənə əmanət etdi. Mən də söz vermişdim ki, vətənimiz, xalqımız, dövlətimiz və millətimiz üçün layiqli övladlar yetişdirəcəyəm. Başım övladlarımın təhsilinə, qayğılarına qarışdığı üçün kənar məsələlərə vaxt ayırmağa zamanım olmayıb.

- Fatma xanım, ömrünüzün beş ilini müharibədə keçirmisiniz, tibb bacısı kimi xidmət etmisiniz. Bəs, ailə üzvlərinizdən və ya yaxın qohumlarınızdan hərbiyə marağı olan olubmu?

- Yox, heç kim. Yalnız dayım hərbçi idi, o da İkinci Dünya müharibəsində həlak oldu. 1943-cü ildə Kerç boğazı uğrunda gedən döyüşlərdə həyatını itirdi.

- Fatma xanım, qırx dörd günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması xəbərlərini necə qarşılayırdınız?

- Torpaqlarımızın işğaldan azad olunacağına böyük inamım var idi. Əmin idim ki, biz qalib gələcəyik. Çünki bizim uzun illərdir dövlət, xalq və millət olaraq bir amalımız olub və hər kəs cənab Prezidentin ətrafında sıx birləşib. Bu birliyi biz Vətən müharibəsi zamanı daha aydın gördük. Çünki bizim orduya ümummilli liderimiz Heydər Əliyevin yadigarı, sərkərdəmiz İlham Əliyev komandanlıq edirdi və buna görə də mən torpaqlarımızın azad olunacağına inanırdım.

- Yeri gəlmişkən, səhv etmirəmsə, Azərbaycan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevlə eyni dövrdə təhsil almısınız?

- Bəli, elədir. Universiteti ulu öndər Heydər Əliyevlə eyni dövrdə oxumuşuq. İmtahan verən zamanlarda rastlaşıb, görüşürdük və söhbətləşirdik. Həmin zamanlar o subay, mən isə ailəli idim. Çox yaraşıqlı, boylu-buxunlu, ciddi oğlan idi. Bir dəfə çıxışlarımın birində zarafatca dedim ki, hətta Heydər Əliyevə vurulmuşdum. O, Azərbaycanımızın dəyərli oğlu idi. Bunu hər dəfə demişəm, Allah Heydər Əliyevi bizə Peyğəmbər kimi göndərib. O, hakimiyyətə gəlməsəydi, biz xalq olaraq nə günə qalacaqdıq – artıq bunu deyə bilmirəm. O, gəlişi ilə azad, demokratik, müasir Azərbaycan qurub yaratdı.

- Bir az da təşkilatın fəaliyyətindən danışaq. Siz sədr seçiləndən sonra təşkilatda hansı dəyişikiklər oldu?

- Elə də ciddi dəyişikliklər olmayıb. Çünki buna lüzum da görmürəm. Hər kəs öz işini bacarır və icra edirsə, dəyişikliyə nə ehtiyac ola bilər? Mən özüm həftədə bir dəfə təşkilatın işçiləri ilə ünsiyyətdə oluram, baxış keçirirəm, yoxlanış aparıram, təklifləri dinləyirəm. İşçilərimizin əksəriyyəti, ehtiyatda olan general və polkovniklərdir. Onlar ağır döyüş yolu keçmiş, hərbi qanunvericiliyi mükəmməl bilən şəxslərdir. Burada hərə öz işi ilə məşğuldur.

- Fatma xanım, 100 yaşda böyük bir təşkilata rəhbərlik etmək sizin üçün çətin deyil ki?

- Xeyr. Bu, əslində mənim üçün şərəfdir. Fəxr edirəm ki, bu təşkilata sədrlik edirəm. Vətənimin, xalqımın yolunda hələ ki, qulluq etməyə gücüm var. Hələ ki, işləyə bilirəm. Bəzən mənə təəccüblə baxırlar. Mən işə gec gəlib, tez də gedə bilərəm. Amma belə olmaz. Bizim işimiz saat 4-də bitir, yalnız iş saatı bitəndən sonra evə gedirəm. Çünki bizim burada görüşlərimiz, qəbullarımız, tədbirlərimiz olur. Kollektivimiz isə çox peşəkar və mehribandır. Mən hələ ki, işdən və işləməkdən yorulmuram və özümdə güc hiss edirəm.

- Siz müharibəyə gedəndə 18 yaşınız var idi. İndi isə 100 yaşınız var. 18 yaşlı Fatma xanımla 100 yaşlı Fatma xanım arasında hansı fərqlər mövcuddur?

- O zaman cavan idim deyə gözəllik, yaxşı oxumaq, xoş günlər arzusunda idim. İndi isə arzum odur ki, Allah müstəqilliyimizi əbədi etsin, torpaqlarımızı yağı düşməndən qorusun, xalqımızı saxlasın. Allah mənə bir az da ömür versin ki, xalqımın daha da gözəl və xoş günlərini görə bilim. Təbii ki, nə qədər ömür verərsə Vətənimə, xalqıma xidmət edərəm.

- Həyata keçməyən arzularınız, planlarınız olubmu?

- Bilirsiniz, mənim indi daha plan quran yaşım deyil. İnanın Allaha ki, heç vaxt da özümə ömür arzulamamışam. Əksinə, ömür özü məni tapıb. Allaha həmişə dua etmişəm ki, balalarımı yaxşı böyüdüm, tərbiyələndirim və onlara keyfiyyətli təhsil verim. Şükür Allaha, həyatımdan narazı deyiləm.

- Qırx dörd günlük Vətən müharibəsi iştirakçıları arasında təşkilata maraq necədir?

- Şəxsən mən özüm hələ müharibənin getdiyi dövrdə dəfələrlə hospitallara gedərək yaralı hərbçilərimizi ziyarət etmişəm. Bu yaxınlarda böyük bir tədbir keçirdik və qazilərimiz də bizim tədbirdə iştirak edirdilər. Aradabir eşidirik ki, bəziləri müharibə iştirakçısı və ya qazi adından sui-istifadə edirlər. Hərbi formanı geyinib restoranların xidmətindən pulsuz yararlanmaq istəyirlər. Dövlət qurumlarına daxil olub bəzi qanunsuzluqlar edirlər. Onlar hələ dərk etmir ki, dünya müharibəsindən sonra biz - Azərbaycan xalqı bir tikə çörək üçün səhərəcən növbə gözləyirdik. Acından qalırdıq, amma dövlətimizə qarşı hədyanlar səsləndirmir, üsyanlar etmirdik. Biz bütün çətinliklərə rəğmən - hələ baxmayaraq ki, rus hakimiyyətinə tabe idik, heç bir tələb irəli sürmürdük. Müharibənin bitməsi, can sağlığı bizim üçün böyük bir bayram idi, bizə ondan artıq bayram lazım deyildi. Yalandan özlərini müharibə iştirakçısı adlandıranlar bu gün min bir oyundan çıxmağa çalışırlar. Onlara ar olsun, dövlətimin, Vətənimin çörəyi haram olsun. Adam qarnından ötrü Vətənini satar heç?! Belələri bu Vətənin övladı deyil, düşmənidir. Düşünürəm ki, qazi adından istifadə edənləri məsuliyyətə cəlb etmək lazımdır, onları belə buraxmaq olmaz.

Ölkədə bahalıq da olar, ucuzluq da olar, bərki də olar, boşu da olar. Bəs Vətən niyə deyirlər?! Biz Vətənin qədrini bilməliyik.

Mən cavan, gözəl, nərmə-nazik bir qız idim və valideynlərimin yeganə övladı idim. Mən niyə getdim müharibəyə? Hələ mən rus torpaqlarının müdafiəsi üçün getmişdim. Adam öz Vətəninin çətin günündə onun yanında olar, daha da problemlər yaratmaz. Bəziləri dövlət qurumlarına gedirlər və qapıları sındırıb ev, maşın tələb edirlər. Onlar müharibə iştirakçısı deyil, bundan sui-istifadə edirlər. Onlar vaxtında tutulub cəzalandırılmalıdır.

- İkinci Dünya müharibəsi Fatma xanıma nə verdi və nə aldı?

- Deyə bilərəm ki, 1941-1945-ci ilin müharibəsi mənə Vətənimi, dilimi sevməyi öyrətdi. Mən orada qəriblikdə çox həsrət çəkirdim. Ətrafımda hamı xarici dildə danışırdı. Bir də həyatda bərkə-boşa dözməyi, çətinliklərə tab gətirməyi öyrətdi. Mən orada elə dəhşətlər görürdüm ki, ancaq özümü möhkəm tutmağa çalışırdım. Bəlkə də ondan sonra həyatın çətinlikləri qarşısında duruş gətirə bilmişəm. Müharibədə iştirak etməyim məndə güclü və möhkəm iradə yaratdı. Əgər o iradə, şücaətim olmasaydı bəlkə də heç bir bacarığım olmazdı. Mən həyatımdan çox razıyam, baxmayaraq ki, bir ilin içərisində iki oğlumu itirmişəm. Bütün bunlara rəğmən özümə söz vermişəm: mən heç vaxt göz yaşı tökməyəcəyəm! Mənim şəhid analarının qarşısında göz yaşı tökməyə ixtiyarım yoxdur. Kaş ki, mənim də balalarım Vətən yolunda şəhid olardılar. Allah bütün şəhidlərimizə, övladlarımıza rəhmət eləsin!.

- Fatma xanım, Allah sizə də, bizə ömür versin ki, növbəti yubileyinizdə də gəlib sizinlə yenidən həmsöhbət olaq.

- İnşallah, amin.

- Çox sağ olun, Fatma xanım. Müsahibəyə görə təşəkkür edirəm.

- Siz də sağ olun, təşəkkür edirəm.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri