19 
Yan
2022
14:28
215
71
4839
Virtual karabakh

Ay Hacı, sən dünyagörmüş adamsan. Biz nə vaxt düzələrik görən?

19 Yan, 2022
14:28
4839

Ay Hacı, sən dünyagörmüş adamsan. Biz nə vaxt düzələrik görən?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Dünən Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Amma üstündən 24 saat keçməmiş heykələ zərər vurublar. Təsbehi sındırıb atıblar kənara.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər müəyyən olunub:

“Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.

E.Hacıyev onu da bildirib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.

Dünən gecədən sosial şəbəkələrdə insanlar başlayıb ki, belə də olacaqdır, bəs, heykəli postamentə qoymaq lazım idi. Əlçatan olmasın.

Yox, qardaşlar. Heykəlləri qəfəsə salmaq lazımdır. Ya da şüşənin altında saxlamaq. Axı biz vəhşi, barbarıq.

Biz adam deyilik axı, küçədə heykəl, abidə görək. Bizimki parkda oturub, tum çırtlamaqdır. Onun-bunun qeybətini etməkdir. Onun-bunun malını məhv etməkdir. Avtobuslarda oturacaqları dağıtmaqdır. Parklarda gül-çiçəyi əzməkdir. Qırmaqdır, məhv etməkdir.

Mədəniyyət, incəsənət bizlik deyil. Nə olsun ki, Hacı dövründə məktəblər açdı, qəzet və jurnalların çap olunması üçün vəsait xərclədi. Nə olsun ki, gəncləri xarici ölkələrdə olan universitetlərə təhsil almağa göndərdi. Necə ki, o vaxt küt və vəhşi idik, hələ də eləyik. Heç uzağa getməmişik.

Allah sənə rəhmət etsin, ay Hacı! Sənin düzəltmək, oxutmaq, ziyalı etmək istədiyin xalqın nümayəndələri, bu gün sənin üzünə tüpürür. Sənin xatirəni əbədiləşdirən adamlara rişxənd edir. Ay, heykəlin boyu balacadır, üstünə “naves” vurmaq, kənarını hasarlamaq lazımdır kimi təkliflər edir. Çoxu anlamır ki, bu abidə sevginin, əsrlər boyu unudulmayan hörmətin nümunəsidir. Hacının heykəlinin məhz belə olması isə onun sağlığında da, indi də xalq içində olması anlamını verir.

Düşünürəm ki, xalq üçün bu qədər yaxşılıq edən birinin xatirəsinə qarşı belə hərəkət edilirsə, gör bu niyyətli adamlar bizə nə edər. Didər, parçalayar, üstümüzə nöyüt töküb yandırar bizi.

Kaş o qırılan təsbeh, daş olub düşə bütün nankor adamların başına. Çünki onları əhliləşdirmək, adam etmək mümkün deyil. Elə bilirsiniz ki, nə etdiklərinin fərqinə varmırlar? Qətiyyən elə deyil. Çox yaxşı dərk edirlər nə etdiklərini. Niyyətləri budur. Pislik etmək, dağıtmaq, məhv etmək.

Təəssüf ki, bizdə qudurğanlıq yüksək səviyyədədir. Nə qədər yaxşılıq edirsən et, həmişə borclu qalacaqsan. Həmişə narazı qalacaqlar səndən. Az etmisən, az vermisən. Sonda xatirənə belə hörmətsiz davrananlar tapılacaq.

İndi də heykələ zərər vuranlar bölmədə, ağzında maska üzr istəyəcək. Deyəcəklər ki, etdiyimiz əməldən peşmanıq. Yalansa, o qırdığın təsbeh başına dəysin.

Polisin, güc strukturlarının qorxusu canınızda olmasa, bundan betərini edərsiniz.

Ay Hacı, sən dünyagörmüş adamsan. Biz nə vaxt düzələrik görən?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri