22 
Yan
2022
14:24
90
26
2289
Virtual karabakh

Qarabağ danışıqlarındakı bioloq

22 Yan, 2022
14:24
2289

Qarabağ danışıqlarındakı bioloq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Candan Azer Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. Onun “Erməni araşdırmaları” jurnalında (2016, № 44) oxuduğum məqaləsi Azərbaycan ordusunun və diplomatiyasının “Qırx dörd günlük müharibə”yə qədər keçdiyi yolu göstərmək baxımından əhəmiyyətlidir. 

Əvvəlcə qısa bir arayış: Azərbaycan o zaman ATƏM adlanan ATƏT-ə 1992-ci ilin yanvarında üzv olur. Növbəti ayda ilk ATƏT missiyası münaqişə haqda məruzə hazırlamaq üçün regiona səfər edir. Mart ayında ATƏT Xarici İşlər Nazirləri Şurasının görüşündə Minsk konfransının çağırılması haqqında qərar qəbul edilir. Konfransa dəvət edilən 11 ölkə gələcəkdə Minsk qrupunun daimi üzvü olacaqdı. Bu ölkələrdən biri də Türkiyə idi. 

Türkiyə nümayəndə heyətinin üzvü Candan Azer ATƏT-in Minsk qrupunun 1992-ci ilin 1-5 iyununda Romada keçirilən ilk iclasını belə xatırlayır:  

 “Azərbaycan heyətinə Nadir Mehdiyev rəhbərlik edirdi. O deputat və parlamentdə “İnsan hüquqları” komissiyasının rəhbəri idi. Xarici dil olaraq ancaq rus dilini bilirdi. Kimya mühəndisi idi. Niyə görə bu vəzifəyə təyin edildiyini bilmir, heç bir diplomatik təcrübəsinin olmadığını deyirdi. 

Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edən heyət isə sözün əsl mənasında məzlum idi. Sanki bura təsadüfən düşmüşdülər və danışıqların onlara aidiyyəti yox idi. Azərbaycan heyəti ilə də müzakirə aparmır, ünsiyyətə girmirdilər. Bizim onlarla əlaqə yaratmaq cəhdimiz də uğursuzluqla nəticələndi. Çünki heç biri Azərbaycan dilini bilmirdi, bizim heyətdə isə rusca bilən yox idi”.

Bu heyətin Qarabağı almağına ümid bəsləməkdənsə, onların Bakını ermənilərə vermədiklərinə görə şükür etmək gərəkdir. Bəs qarşı tərəfin heyətində kimlər vardı? Ermənistanın xarici işlər naziri Raffi Hovanisyan ABŞ vətəndaşı idi. Taftsa Universitetində erməni tarixini tədris edirdi. Fransız ermənisi Kristian Stepanyan tarixçi alim idi. ABŞ vətəndaşı olan professor Libaridyan Ermənistan Prezidenti Levon Ter-Petrosyanın xarici siyasət müşaviri idi. 

Nadir Mehdiyev haqda məlumatı Teyyub Qurbanın 2013-cü ildə “Ekspress” qəzetində çap edilmiş məqaləsində oxuyuruq: “1939-cu ildə anadan olub. Səmərqənd Kənd Təsərrüfatı İnstitutunu bitirib. Biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası “BİOTEK” Elm-İstehsalat Birliyinin baş direktorudur”.

1992-ci ilin ikinci yarısından etibarən vəziyyət yaxşılaşmağa başlayır. Heyət dəyişilir, Vəfa Quluzadə, Araz Əzimov kimi təcrübəli diplomatlar prosesə cəlb edilir. Döyüş xəttində uğurlar qazanılmağa başlayır. Türk diplomat yazır:

“Azərbaycan ordusu cəbhə xəttində üstünlük qazanaraq işğal altına olan Ağdərəni azad etdi və Goranboyda da uğurlu əməliyyatlar keçirdi. Ogünkü şəraitdə Azərbaycanın hərbi uğurları fövqəladə hadisə idi. Döyüşlərdə daim geri çəkilən Azərbaycan əsgəri bu əraziləri necə azad edə bilmişdi? Minsk qrupunun fövqəladə iclası keçirilirdi. Fasilə zamanı ABŞ nümayəndə heyətinin rəhbəri, səfir Con Mareska Türkiyə heyəti ilə görüşmək istədiyini bildirdi. Bir kənara çəkilib onu dinlədik. Mareska Ağdərənin türk zabitlərinin müdaxiləsi ilə azad edildiyini bizim nəzərimizə çatdırdı. Biz ona etiraz olaraq əməliyyatın arxasında ABŞ ordusunun istefada olan zabitlərinin olduğu bildirdik. Doğrudan da o günlərdə ABŞ-ın neft şirkətlərinin istefada olan zabitləri Azərbaycan ordusuna cəlb etdiyi barədə şayiələr gəzirdi. Bu hadisədən sonra Mareska ilə münasibətlərimiz bir müddət gərgin qaldı”. 

Azərbaycan ordusunun qələbəsi o qədər təəccüblü idi ki, çoxillik strateji müttəfiqlər olan ABŞ və Türkiyə bir-birinə inanmırdı. Türkiyə ABŞ-dan, ABŞ isə Türkiyədən şübhələnirdi Ancaq zəfərin Azərbaycan ordusu tərəfindən qazanıldığı heç birinin ağlına batmırdı. Halbuki həqiqət bu idi. 

Acı təəssüf doğuran bu hallar kontekstində “Qırx dörd günlük müharibə” xüsusilə mənalı görünür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri