22 
Yan
2022
19:01
434
13
2334
Virtual karabakh

Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib - FOTO

22 Yan, 2022
19:01
2334

Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında mühüm yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında marşallar, generallar, zabitlər, həmçinin onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri belə həmişə fəxrlə söhbət açıb, onu yüksək əxlaqi və iradi keyfiyyətlərə malik şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə içdiyi hərbi anda, Vətəninə, xalqına sadiq insan və qətiyyətli general kimi xarakterizə ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər görkəmli hərbi xadim, general Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə keçirilən mərasimdə səsləndirilib.

Mərasimin keçirildiyi Şəhidlər xiyabanına 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin yaratdığı yüksək əhval-ruhiyyə ilə gələn Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonunun hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları olan tankçılar unudulmaz sərkərdənin məzar-abidəsi önünə Müdafiə Nazirliyi adından əklil qoyub və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qeyd olunub ki, Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti, dəyəri, xalqımızın ümummilli lideri Heydər Əliyev verib, onun adı ölkəmizdə, eləcə də respublikamızın hüdudlarından xeyli uzaqlarda da əbədiləşdirilib. Heydər Əliyev vurğulayırdı ki, Həzi Aslanov Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olub, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirib, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirib.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə faşizm üzərində Qələbəyə həsr olunmuş tədbirlərə hər il görkəmli hərbi sərkərdə Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən tədbirlərlə start verilərdi. Unudulmaz Liderimiz məsləhət görərdi ki, Həzi Aslanov kimi oğulların igidlikləri həmişə gənclərimiz üçün nümunə olsun, döyüşçülərimiz öz atalarının, babalarının qəhrəmanlıq tarixini yaxşı öyrənsin, ondan nəticələr çıxarsın və hərbi fəaliyyətlərində istifadə etsinlər. Çünki atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir.

Bu ənənə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni nəslin döyüş və qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsi ideoloji fəaliyyətdə prioritet məsələlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 29 dekabr tarixli Sərəncamında qeyd edilir ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdəlik istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.

Anım mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevin “Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq... Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur” fikrini xatırladıb və tədbir iştirakçılarına görkəmli hərbi xadim Həzi Aslanovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hər il olduğu kimi, bu il də görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərdə böyük iftixar hissi ilə qeyd edilir ki, Həzi Aslanov kimi qəhrəmanların davamçıları olan yüzlərlə, minlərlə igid oğullarımız Vətən müharibəsində əsl qəhrəmanlıq nümunələri göstərərək tarixi və əzəli torpaqlarımızı işğaldan azad edib, üzərinə “Həzi Aslanovçular” yazılmış tanklarımız döyüş meydanlarında ata-babalarımızın qəhrəmanlıqlarını bir daha təkrarlayıblar. Neçə-neçə silahdaşımız şəhid olsa da, onların Qələbəyə inamı azalmayıb, “Dəmir yumruğ”umuz düşmənə sarsıdıcı və dağıdıcı zərbələr vurub. Prezidentimizin də qətiyyətlə dediyi kimi, “Dəmir yumruq” yerindədir.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov, Tankçı Veteranlar İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Hacı Əzimov, Vətən müharibəsinin tankçı iştirakçılarından tank taqımı komandiri zabit İsrayıl Bayramov və başqaları çıxış edərək Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçılarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən geniş söhbət açıblar.

Aslanovlar ailəsi adından çıxış edən generalın nəvəsi Elçin Aslanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Görkəmli sərkərdənin nəvəsi, səhhəti ilə əlaqədar mərasimdə iştirak etməyən polis general-mayoru Həzi Aslanov tədbir iştirakçıları ilə telefon əlaqəsi yaradaraq ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə Aslanovlar ailəsi adından bir daha təşəkkür edib və onların da bütün xalqımız kimi Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri