24 
Yan
2022
16:16
721
90
14354
Virtual karabakh

Şuşaya çatan ilk sərnişin avtobusunun qarşılanma mərasimi olub - YENİLƏNİB + FOTO/VİDEO

24 Yan, 2022
16:16
14354

Şuşaya çatan ilk sərnişin avtobusunun qarşılanma mərasimi olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşa şəhərində ilk sərnişin avtobusunun qarşılanması baş tutub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məlumatına görə, bu gün Bakı-Şuşa-Bakı reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıbdır.

Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Bakı-Şuşa-Bakı avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır. A.Kərimov bildirib ki, Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar.

Xüsusi nümayəndənin sözlərinə görə Bakı-Şuşa-Bakı avtobus reysinin ilk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar. O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.  

Şuşa Şəhər Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat verib və qonaqlara xoş istirahət arzu edib. 

Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.

13:45

Bakıdan çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.

“Trend”in məlumatına görə, bu gün səhər saatlarında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Şuşa-Bakı marşrutları start götürüb.

İlk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb. İlk olaraq Şuşaya iki marşrut avtobusu yola düşüb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

09:00

“Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq”.

Oxu.Az xəbər verir ki, bunu bu gün azad olunmuş ərazilərə ilk avtobus reysinin açılış mərasimində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəisi Anar Rzayev deyib. 

O bildirib ki, ilk olaraq Şuşaya iki, Ağdama iki reys, Əhmədbəyliyə isə dörd reys start götürür:

“Bütün marşrutlar üzrə biletlər artıq satışdadır. Əhali arasında aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saat təşkil edir. Şuşa və Ağdamda ziyarət üçün sərnişinlərə iki saat yarım vaxt ayrılır. Bu müddət ərzində oradakı yerləri gəzmək mümkün olacaq. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri