27 
Yan
2022
14:04
27
115
1565
Virtual karabakh

Rafael Cəbrayılovun qardaşı məhkəmədə ifadə verib

27 Yan, 2022
14:04
1565

Rafael Cəbrayılovun qardaşı məhkəmədə ifadə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafael Cəbrayılovun qardaşı Rauf Cəbrayılov ifadə verib.

Şahid bildirib ki, “Dərhal” MMC şirkətinin təsisçilərindən biri olub, şirkətə faktiki rəhbərliyi isə mərhum qardaşı edib:

“Mən uzun illər Moskvada yaşamışam. Sonradan bu işlərə qatıldım. Həmin şirkətdə mən və digər qardaşım Elşən Cəbrayılov təsisçi idik. Rafael deputat olduğu üçün şirkət yarada bilməzdi, ona görə sənədsiz rəhbərlik edirdi. Mən hacı adamam, bu faiz söhbətlərinə görə Rafaellə həmişə mübahisə edirdik. Ona bu işlərin haram olduğunu deyirdim. Son dörd ildə də onunla ümumiyyətlə, danışmamışıq. Dediyim kimi, mübahisələrə yeganə səbəb onun daima faiz ödəməsi olub”.

Şəhidin ifadəsinə münasibət bildirən zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov ondan tikinti işlərinə kimin rəhbərlik etməsini və bu işlərdə rolunun nədən ibarət olduğunu soruşub. Şahid cavabında bütün işləri Rafael Cəbrayılovun apardığını, özünün isə arada bir şirkətə gəldiyini deyib:

“Mən qardaşlarımın yanına gələndən münaqişədə olmuşam. Gəlirin də 70 faizi Rafaelə, 30 faizi bizə çatırdı”.

Prosesdə vəkil Kamandar Nəsibov və şahid arasında mübahisə düşüb. Vəkil Rauf Cəbrayılovun yalan danışdığını və bütün məsələləri mərhum qardaşının üstünə atdığını deyib:

“Deyirsiniz ki, mən şirkətin təsisçisi olmuşam, amma aparılan işlərə qarışacağım olmayıb. Bu, necə ola bilər? Siz həmişə şirkətə gəlib-getmisiniz. Özünüzə hacı deyirsiniz, amma yalan danışırsınız, hacı yalan danışmaz”.

Məhkəməyə sədrlik edən Əhməd Quliyev isə şahidin ifadəsinə belə münasibət bildirib:

“Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız, onun burada nə dediyi mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var, bunu kim ödəməlidir?”

Daha sonra cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Bəşir Məmmədovun məhkəməyə göndərdiyi müraciət elan olunub. Zərərçəkmiş ərizəsində pulu Elşən Cəbrayılova ödədiyini, buna baxmayaraq, onun cinayət məsuliyyətinə cəlb olunmadığını yazıb. Ərizədə cinayət işinin istintaqa qaytarılması xahiş olunub.

Sonda bir neçə dəfə prosesə çağırılsa da, iştirak etməyən şahidlərin məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunub.

Proses fevralın 10-da davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri