“20 Yanvar” dairəsi: İztirablı yollar, tükürpədici baxışlar, ünsiyyət qurmaq istəyən qadınlar...
“20 Yanvar” dairəsi: İztirablı yollar, tükürpədici baxışlar, ünsiyyət qurmaq istəyən qadınlar...
Bakı müasirləşib, əhəmiyyətli dərəcədə, hündür binalar, gözəl yollar, mərkəzi yerlərdəki insanların qaynaşması, brend mağazalar, bahalı restoranlar, turistlər, hətta tıxaclar...
Bunlar texniki baxımdan müasirliyin, daha doğrusu dünya nizamı ilə ayaqlaşmağın göstəriciləridir, çox gözəl, nə yaxşı ki, biz də belə bir şəhərin sakiniyik.
Ancaq təbii ki, şəhərin mərkəzindən azca kənar hüdudlarda müasir sivilizasiyanın bir qədər amansız təzahürləri hökm sürür.
Şəhərin müasirliklə keçmişinin, varlısı ilə kasıbının kəsişdiyi nöqtələrdən biri “20 Yanvar” dairəsidir. Bu ərazi özündə bütün təbəqələri, vəzifəliləri birləşdirir, çünki qovşaqdır, bir neçə istiqamətə şaxələnən ərazidir.
Bura əsasən taksi sürücülərinin, alverçilərin toplandığı məkandır, ara-sıra polislər də gözə dəyir, amma xaotik gediş-gəlişdə, “filan yerə 1 manatdan” qışqıran sürücülərin bağırtıları altında polisin də işi çətinləşir. Bura elə bir yerdir ki, nəqliyyatın hərəkətini nizamlamaq müşkülə çevrilir, gündəlik çörəyə çıxan taksilərin harada, necə gəldi saxlaması isə marşrut avtobuslarının dayanacağa daxil olmasını çətinləşdirir.
“20 Yanvar”da hər cür üz görmək mümkündür: Dilənçi təbəssümlər, sənə zillənən qəribə, hətta tükürpədici baxışlar, səni guya parça-parça edən yerişlərlə gözə girməyə çalışanlar, “Limon, on dənəsi 1 manata” qışqırıb malını satanlar və sair.
“20 Yanvar” dairəsi həsrətli baxışların və uzaq yola gedənlərin toplandığı məkandır – kimisi həsrətlə avtobus gəlməsini gözləyir, kimisi öz ünvanına getmək üçün münasib qiymətə bir manatlıq taksi. Ona görə ki, tıxac olan zamanlarda taksi sürücüləri qiyməti bir manatdan 2 manata qaldırır, bu bəzən narazılıqla qarşılanır, bəzən isə üzərindən sükutla keçilir.
Həqiqətən də çətindir, sanki şəhərin mərkəzi küçələrinə tətbiq edilən nizam-intizamın bura da gətirilməsi mümkünsüz bir işə çevrilir. Yəqin manatlıq taksilərin harada gəldi saxlamasına görədir.
Bu zaman da başqa zamanlar qaydadan, qanundan, nizamdan danışan kütlə xaotik şəkildə fikir hücumu çəkir, “əşşi, imkan verin camaat çörəyini qazansın da” deyir.
Axı taksi sürücülərini, sərnişinləri də qınamaq olmur, çünki taksi dayanacaqları yaradılmayıb, lakin bəzi sürücülər bu vəziyyətdən elə sui-istifadə edir ki... Məsələn, yolun hərəkət hissəsinin sol tərəfində qəfil saxlayıb, aşağı düşüb sərnişin yığır, arxadan isə iritonnajlı avtomobillərin qulaqbatıran siqnal səsləri eşidilir. Səs-səsə qarışır, dilənçilərin səsi mal satanların səsinə, sərnişinlərin səsi sürücülərin.
Orada olanda bircə düşünürsən ki, buradan tez çıxıb gedə biləydim.
Elə ora toplanan insanların hamısı bu arzudadır, bircə həmin həndəvərdə işləyən, gəlib-gedən kişiləri söhbətə tutmağa çalışan qadınlardan başqa.
Dilənçilərin səsi səndən uzaqlaşdıqdan sonra sən üzü “Şamaxinka” tərəfə istiqamətlənən marşrutla hərəkət edərkən qarşıda “ay qardaş, səni bir dəqiqə olar?” deyə sual edən qadının sualı ilə qarşılaşırsan.
Haradasa 10 metr qarşıda isə qadınlar dayanır, onlar hamıya yaxınlaşmırlar, baxırlar, müşahidə edirlər, kimi daha çox xərcə sala bilərlərsə onlarla ünsiyyət qururlar, işlədikləri kafe ya da çayxanaya müştəri tapmaq "ovuna" çıxırlar.
Dəhşətli mənzərədir, axı onlar da hansısa həsrətli arzulara malikdir, bilmirsən ki, vəziyyətə necə reaksiya verəsən, gülməkdən söhbət gedə bilməz, ağlamaq isə yanlış reaksiyadır.
Bir sözlə, “20 Yanvar”da həsrətli baxışların cəmləşdiyi məkandır.
Yazıçıların insan psixologiyasına, daxili aləminə nüfuz edərək dəlib keçən ifadələrini “20 Yanvar”a proyeksiya etsək, vəziyyəti daha aydın təsvir edə bilərik.
Sözün hər mənasında “20 Yanvar” iztirablı yolların kəsişdiyi məkandır, mənəvi iztirablar, tıxacın yaratdığı iztirablar...
Aqşin Kərimov