27 
Apr
2022
15:00
82
132
9648
Virtual karabakh

Psixoloq-seksoloq yengə məsələsindən danışdı: “Qıza o qədər deyirlər, ağrılı prosesdir…” - MÜSAHİBƏ + FOTO

27 Apr, 2022
15:00
9648

Psixoloq-seksoloq yengə məsələsindən danışdı: “Qıza o qədər deyirlər, ağrılı prosesdir…” - MÜSAHİBƏ + FOTO

Bu gün cəmiyyətdə insanların bu qədər gərgin olmasına səbəb şəxsi həyatlarının, yəni seks həyatının qaydasında olmamasıdır.

Qızlar arasında, oğlanla oğlan arasında belə zorlama hallarına rast gəlinir. 

Aydındır ki, seks heyvani istəkdir, vəhşilik ola bilər. Amma daha döyüb, öldürmək dərəcəsində yox. 

Xarici ölkələrdə cinsi tərbiyə deyilən bir anlayış var. Amma Azərbaycanda bu tərbiyə gənclərə aşılanmır.

Oxu.Az Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadə ilə müsahibəni təqdim edir:

- Doktor, seksoloq və seksopatoloq arasında əsas fərq nədir?

 - Seksopatoloqlar Tibb Universitetini bitirmiş ali təhsilli həkimlərdir: onlar pasiyentlərin seksual həyatı ilə məşğuldurlar və yaranan hər hansı fizioloji problemlərə müdaxilə edirlər. Müalicə proseduru isə dərman təyinatı ilə aparılır.

Seksoloqlar isə kliniki psixoloqlardır. Onlar insan həyatında psixogen mənşəli seksual pozuntularla məşğul olurlar. Yəni cinsi həyata, cinsi davranışa aid olan pozuntular varsa, bununla biz məşğul oluruq. Bəzən bizi düz başa düşmürlər, cəmiyyət olaraq bunu qəbul etmək hələ də insanlar üçün qəribə gəlir.

- Bəs dediyiniz problemlər ölkəmizdə çoxdurmu?

Kifayət qədər çoxdur deyə bilərəm. 10 ildən çoxdur Azərbaycandayam, heç vaxt bu işi reklam etməmişəm. İnsanların sadəcə ağlına gəlmir ki, onlarda hər hansı cinsi problem varsa, psixoloqa gedim. Çox vaxt androloqa müraciət edilir. Lakin problem psixogen mənşəli olduğu üçün həkim-androloqlar bunu müalicə edə bilmir.

Bu problemlərə dərman müalicəsi təyin edilmir çünki beyin müqaviməti o qədər güclüdür ki, təsir etmir. Hətta “Viaqra” və onun tərkibli istənilən dərman o şəxslərə təsir etmir. Dəfələrlə pasiyentlərdən eşitmişəm ki, “Viaqra” içmişik heç nə yoxdur.

Lakin normal psixi mənşəli problem olmayan insanlar “Viaqra” qəbul etdikdə onlara təsir edir. Ümumilikdə isə mən “Viaqra” qəbul etməyin əleyhinə, birbaşa ziyandır.

- Edilən müraciətlər, pasiyentlərlə apardığınız seanslar nə deyir, insanlar vaxtında müraciət edirlərmi?

- İnanırsınız, deyirlər ki, bizə elə vaxt təyin et ki, axşam olsun, hamı işdən çıxsın və klinikada heç kim olmasın. İstəmirik bizi kimsə sizin yanınıza gələn görsün. Bunu özlərinə kompleks etmək lazım deyil. Bu gün bir qədər vəziyyət normallaşıb, ailələr belə müraciət edirlər. Elə insanlar olub ki, 10 ildən çoxdur seksual həyatında problem olub. Onlarla işləmək çox çətin olur. Əvvəlcə gərək onların psixoloji durumunu düzəldək, inam yaradaq, daha sonra seksual problemlərinə keçək. Bu səbəbdən vaxtında müraciət etmək lazımdır.

- Təəssüf ki, bu gün subayların ailə həyatına, xüsusilə toy gecəsinə hazır olmaması ciddi problemlərə gətirib çıxarır. İnsanların bu problemi aşa bilməməsinə səbəb nədir?

Onları çox qorxudurlar. Hər şey insanın özündən asılıdır. İnsanların məlumatsızlığı, həm oğlan evi, həm qız evi o qədər təzyiq edir ki, bu da özünü seksual həyatda göstərir. Ümumiyyətlə bu yengə məsələsi var ki, mən bunu ciddiyə almıram. Qıza o qədər deyirlər ki, dəhşət olacaq, ağrılı prosesdir və s. qız bütün bu prosesi özü üçün qorxulu bir günə çevirir. Bu da ona gətirib çıxarır ki, toy gecəsi qızların əksəriyyətində vaginizm yaranır. Yəni qızın cinsi orqanı gərginlikdən özünü qapadır və açılmır. Bu qeyri-ixtiyarıdır, əzələlər sözə baxmır.

Oğlanlar isə vəziyyətdən necə çıxacağını, qohum-əqrəba nə deyəcəyini, qızın xoşuna gəlib-gəlməyəcəyini düşünür. Beyin lazımsız şəkildə dayanmadan işləyir və onun da vəziyyətinə təsir edir. Adam var ki toyundan bir gün qabaq gəlir ki, mənə kömək elə. Necə edim? Bu bir seansa həll olunacaq məsələ deyil axı. Bizim işimiz insanın bu proses zamanı fikirlərini tənzimləyib seksual davranışların düzgün olmasına kömək etməkdir. Məsələn, pasiyentlərim olub ki, ilk dəfə birlikdə olublar və artıq 6 ilə yaxındır ailəlidirlər lakin həmin günün travması səbəbindən seksual həyatları bərbaddır. Bu proses çox mürəkkəbdir. Tərəflər seksual həyatda bir-birinə uyğunlaşa bilməyəndə bu ehtirasa da təsir edir və insan həm partnyorundan, həm də seksdən uzaqlaşır. Bir dəfə uğursuz oldusa vəssalam, daha onlar buna cəhd etməyəcəklər.

- Azərbaycanda qızların bakirəlik məsələsi çox vacibdir. Hətta xüsusi insanlar - yengə də təyin olunur. Cütlüklərin bu cür “güdülməsi” deyək, intim münasibət zamanı ereksiyanın itirilməsinə və ya digər mənfi fəsadlara səbəb olurmu?

Stres, insanın bu prosesdə güdülməsi, izlənməsi ümumiyyətlə dəhşətdir. Stresdən insanda hər cür problem yarana bilir, eləcə də seksual davranış pozuntusu da yaranır. Adam var ki, heç nə onun vecinə deyil, o birbaşa həmin prosesə köklənir. İnsan da var ki, tam əksinə, vecsiz yanaşa bilmir. Bu insanlarda özgüvən şkalasının 0-a düşməsidir. Kişilər belə durumda zənn edir ki, onlar kişilik vəzifəsini yerinə yetirə bilmədilər. Çünki onlar kişiliyin sübutunu seksual həyatdakı uğurda görürlər. Amma bu yanaşma səhvdir. Kiminsə seksual həyatının qaydasında olmaması onun kişiliyinin olmaması demək deyil. Hətta depressiyaya düşürlər. Bu hər kəsin başına gələ bilər. Kişi düşüncəsi ilə, davranışı ilə, xarakteri ilə ölçülür. Niyə bəzən deyirlər ki, filan qadın kişi kimi qadındır. Çünki kişi üçün xarakterik olan əqidəni, xarakteri daşıyır.

Məsələn heyvanlarda bu proses instinkt ilə gedir. Küçədə hər kəsin rastına çıxmış olar heyvanların cütləşmə prosesi. Siz onların yanından keçəndə belə onlar öz işlərini davam etdirir. Çünki, onlar insanlardan fərqli olaraq düşünmür. Heç bir pişik “aydaa, mən prosesi tamamlaya bilmədim görən o biri pişiklər mənə necə baxar?” mərhələsini keçmir.

- Kişilərin və qadınların bir-birləri arasında seksual həyatlarının detalları barədə danışmaları dediyiniz bu davranış pozuntularına gətirib çıxara bilərmi?

- Baxın bu məsələ kişilərdə özünə inamı dəhşətli dərəcədə azaldır. Kişilər seksdə çox zaman yalan danışırlar. Əgər bir kişi digər kişinin yanında seks həyatından danışırsa (ailədaxili seks istisnadır, danışılmır - red.), 6-7 dəfə təkrarlandı deyirsə, bilin ki, şişirdir. Neçə dəfə deyirsə bölün 3-ə, yerdə qalan onun fəaliyyətidir. Qadınlar isə tam tərsi - proses zamanı baş verənləri azaldıb danışırlar. Onların da danışdıqlarını 3-ə vurmaq lazımdır. Yəni, vəziyyət belədir. Seks bioloji ehtiyacdır.

Bu danışıqlar onların özünə də yaxşı təsir etmir. Çünki, bu ehtiyaca bağlıdır. Həftədə bir dəfə ilə yekunlaşan var, həftədə 2-3 dəfə və ya hər gün seksə ehtiyac duyan var. Bu problem və ya patologiya sayılmır. Amma kişilər öz aralarında (eləcə də qadınlar - red.) bunu müzakirə edəndə həftədə 2 dəfə seksə ehtiyac duyan biri hər gün bu prosesi edən birinə nisbətən özündə problem olduğunu düşünür. Avtomatik bu barədə məlumatsızlıq onda özünəgüvən pozuntusu yaranır. Hətta elə insan var gedib öz üzərində çalışır ki özünü ona oxşatsın, bu zaman isə problem yaranır. Ereksiya problemi yaranmış olur.

- İntihar halları arasında intim münasibətlərdə özünəgüvən problem yaşayan şəxslər də var. Eyni zamanda, bu problem boşanmalara da səbəb olur. Bu barədə təcrübənizdə hansısa fakt var?

- İntihar çıxış yolu deyil. Bu qəbul edilməz və son yoldur. Mən düşünürəm ki, bu məlumatsızlıqdan irəli gəlir. Bilirsiniz, insanlar bizim bu problemləri elmi cəhətdən izah etməyimizi ayıb bilir, amma televiziyalarda intim səhnələrlə dolu filmlərə baxmağı, pornoqrafiya izləməyi ayıb bilmir. Bu gün televiziyalarımızda edilən “zarafatlar”ın əksəriyyəti beldən aşağıdır. Kinozallarda ailəvi baxa biləcəyimiz kinolar tövsiyə edirlər. Gedirsən, baxırsan ki, qurşaqdan aşağı zarafatlar olan filmə ailəsi ilə gəlib baxır. Yaxud da sosial platformalar 18 yaşdan yuxarıdır, amma baxırsan ki, 14 yaşlı uşaqların əlindən tərpənmək olmur.

Bu gün sosial şəbəkədə 14-15 yaşlı uşaqlar mənə yazıb sual verirlər. Ailədə valideynlərin müəyyən yaşdan sonra yavaş-yavaş övladına izah etməli olduğu məqamlar var. Tədris prosesində məktəblilərə izah edilməsi lazım gələn məsələlər var. Biz bütün bu proseslərin mədəni və çərçivəli şəkildə izahını ayıb bilib, qınayırıq. Ondan sonra da “məktəblilər intim münasibətdə oldu” tipli xəbərlər yayılır. Ya da gələcəkdə cütlüklərin uşaqları olmur. Niyə? Çünki vaxtında heç kim onlara izah etməyib ki, gündə 5 dəfə masturbasiya etmək olmaz. 16 yaşından 27 yaşına qədər gündə 5 dəfə masturbasiya edən kişidə sperma faizi qalar? Əlbəttə yox. Nəticədə sonsuzluğa gətirib çıxarır. Biz danışanda, maarifləndirici məlumatlar verəndə isə ayıb olur.

- Bu risk qadınlar üçün də keçərlidir?

- Qadınlar çox az hallarda masturbasiya edirlər. Bunu daha çox kişilər edir və asılılıq dərəcəsinə gətirirlər.

- Boşanmaların da böyük əksəriyyətinin bu problemlə bağlı olduğunu düşünürsünüz?

- Əlbəttə, dilə gətirilməsə də əksər hallarda səbəb budur. Təxminən, 4 ay ərzində 5 minə yaxın boşanma olduğuna dair məlumatlar deyilir. Valideynlərin təzyiqi ilə ailə quran gənclər arasında da boşanma faktları çox olur. Müraciətlər arasında elə pasiyentlər olub ki, xanım həyat yoldaşından normal seksual münasibət istəyib. Kişi isə ona soyuq davrandığı üçün arvadının şiddətli dərəcədə ehtiraslı olduğunu iddia edib. Amma məlum olub ki, qadın yox, kişi passivdir.

Elə olub ki, mən ailələrə boşanmalarını məsləhət görmüşəm. Çünki, qadın və kişi seksual münasibətlərdə bir-birini qane etməyi bacarmırsa, tərəflər bunu bir-birinə demirsə və ya dediklərində bunun həlli üçün çıxış yolu axtarmırlarsa, təbii ki bu xəyanətə aparacaq. Odur ki, sabah cinayət baş verincə, bu gün boşanmaları məsləhətdir. Çünki insanlar evlənməyi, ailə qurmağı nəsil artırma kimi görür. Həyat yoldaşı ilə seks ayrı, “sevgili” ilə isə tam başqa olmalıdır düşüncəsi var.

Çox vaxt qadınlar deyir ki, “yoldaşım mənə qarşı soyuqdur, kənardakı xanımlara qarşı daha mehribandır”. Yadınızda saxlayın xanımlar, o kənardakını da evinə gətirsə, onunla da eynən soyuq olacaq, əvvəlki kimi mehriban olmayacaq. Kişi həyat yoldaşına daim ilk gündəki kimi həvəslə, məşuqəsi kimi, sevgi ilə baxmalıdır. Qadın övlad sahibi olmaq üçün inkubator funksiyası daşımır. Ər arvadının ehtiyacını hər mənada qarşılamağı bacarmalıdır. Bəzən ailədə xanımların əzilməsinin günahı elə onların özündə olur. Bu kimi problemlərin yaranmasına səbəb bir tərəfdən də belədir.

Onu da qeyd edim ki, bir qadının normal seksual həyatı olmadığında bu ailədə övladların tərbiyəsinə də təsir edir.

- Ümumiyyətlə həftədə neçə dəfə seksual münasibətdə olmaq normal hesab edilir?

- Buna birmənalı cavab vermək olmur, amma deyərdim ki, partnyorlar nə qədər istəyirsə, istədiklərindən bir dəfə az etsinlər. Məsələn, həftədə 3 dəfə istəyirlərsə, iki dəfə münasibətdə olsunlar. Çünki beyin seks üçün aclıq çəkməlidir, maraq qalmalıdır. Adiləşdikcə başlayır yeni alternativlər yaranmağa bu da keçir anormal seksual davranışlara və fetişizm yaranır.

- İntim həyatında fetişi olanlar həyat yoldaşı ilə nə kimi çətinliklər yaşayırlar? Ortaq məxrəc tapmaq nə qədər mümkün olur?

- Əslində bu təsir edir. Çox ciddi çətinlik yaşayırlar. Xüsusilə partnyorlar bunun fərqinə vardıqdan sonra problem daha da çıxılmaz hal alır. Çünki, başqa cür ehtiras yaranmır. Məsələn, kişi qadını yalnız dikdaban ayaqqabıda görən zaman ehtiraslanır. Bir dəfə, iki dəfə qadına dikdaban geyinməsini dediyi zaman qarşı tərəf artıq nələrinsə yolunda getmədiyini anlayır. Bu zaman xanım etiraz edə bilir. Çünki kişini ehtiraslandıran həmin o ayaqqabı və s. digər fetişlərdir. Təbii ki, bu problem yaradacaq.

Bəzən əlcək, corab, kolqotqaya da fetiş ola bilir. Qadın var ki, yoldaşının corablarını çıxartmasını istəmir. Eləcə də yoldaşının uzunboğaz çəkmə ilə onunla sekslə məşğul olmasını istəyənlər var. Həzz mənbəyi fərqli olanda işimiz çətin olur. Gözəl-göyçək qızdır amma ayağında “kabluk” yoxdursa, kişi həzz ala bilmir. Bu vəziyyətdən çıxmaq istəməyən insanı dəyişmək mümkün olmur. Amma bəxtləri gətirsə, hər iki tərəf eyni fetiş olarsa, o cütlükdən xoşbəxt cütlük yoxdur demək olar. Bəzən də qızlar partnyorlarını qız kimi geyindirib münasibətə girirlər. Bu anormal cinsi davranış pozuntularıdır.

Mazoxistlə sadist cütlüyü xoşbəxt olur. Onlar xoşlayır ki, seksual münasibətlərdə bir-birlərini təhqir etsinlər. Onlar bizim yanımıza o zaman gəlir ki, artıq qarşı tərəf seks zamanı onu təhqir etmir. Bəli, çox qəribə və maraqlı münasibətlərdir.

- Yüngül əxlaqlı qadınlar arasında yoxlanışdan keçənlər varmı? Yəni onlar özü də digər şəxsləri yoluxdura bilirlər.

Bizdə bu kimi yoxlamalar üçün müəssisələr yoxdur, nəzarət yoxdur. Amma bir məsələ də var ki, hamı bu cür həyat tərzi keçirən qadınları qınayır. Xanımları başa düşmək olar, bəs kişilər kimi kimə görə qınayır? Çox az halda kişilər evlənənə qədər bakir qalır. Onların yanına gedən kimlərdir bəs, elə özünüz deyilsiniz? (gülür) Söhbət odur ki, bu cür xanımlar seks xidməti göstərirsə, bu onların öz işidir. Amma partnyorlar dəyişirsə, hər iki tərəf mütləq yoxlanılmaldır.

Çünki hazırda ziyil ilə bağlı ciddi problemlər yaranıb. İstər qadın, istər kişilərin cinsiyyət orqanında virus yayılması var. Qadında elə viruslar var ki, kişiyə keçəndi adamın atasını yandırır. Elə virus olur ki, gizli gedir və 5 il sonra kişi ailə quranda övladı olmur. Çünki virus illər boyu onun yumurtalarını məhv edir, sonsuzluğa gətirib çıxarır. 6 aydan bir mütləq yoxlanış olmalıdır.

Kişilərdə də elə viruslar var ki, qadınlara keçəndə gələcəkdə ana olmaq şanslarını əllərindən ala bilər. Bu səbəbdən də diqqətli olmaq lazımdır. Qorunmaq bu kimi hallarda təhlükəsizlik üçün ən normal vasitədir.

- Məktəbli yaşda insanların (qız və oğlan) intim münasibətdə olması hallarından sonra tərəflərin cəmiyyətdə linç olunduğunun şahidi oluruq. Bu kimi halların qarşısının alınması üçün nə kimi təkliflər verə bilərsiniz?

- Bəli təəssüf ki, olur. Qızlar arasında, oğlanla oğlan arasında belə zorlama hallarına rast gəlinir. Buna səbəb valideynlərin tədris müəssisəsində bu istiqamətdə məktəblilərin maarifləndirilməsinə etdikləri etirazdır. Mentalitet altında bu kimi səhv qərarlar verə bilirlər. Mentalitet yalnız mikrofon arxasındadır və orada da qalır. İnsanlar, cəmiyyət olaraq həyatda dövrə uyğun qərarlar alınmalı, diqqətli olmalıdırlar.

Xarici ölkələrdə cinsi tərbiyə deyilən bir anlayış var. Niyə Azərbaycanda gənclərə bu tərbiyə aşılanmır? Məsələn, eşidirik bəzən iki yetkinlik yaşına çatmayan şəxs cinsi əlaqədə olub. İndi tərəflər bir-birini razı salıb ya salmayıb bu artıq baş verib. Əgər biz baş verməməsi üçün maariflənməni “tərbiyəsizlik” kimi qələmə verib etiraz ediriksə, bu olacaq. Və əgər belə bir şey yaşanıbsa, çıxış yolu düzgün olmalıdır. Amma bizdə çıxış yolu nədir? Bu təcavüz kimi ictimailəşdirilir, tərəflərdən biri rüsvay olur, digərini də məsuliyyətə cəlb edirlər. Ölkədə seksual münasibətlər beyinə o qədər “ayıbdır” başlığı ilə yeridilib ki, hadisə qızın razılığı ilə olsa belə, “yox, mənə təcavüz etdi” deyəcək. Ana, ata öyrətməyib, tədris müəssisəsində zəruri maarifləndirmə aparılmayıb, internet əsridir, nələrəsə baxırlar və təkrarlayırlar. Valideyn oğlan övladlarına izah etməlidir ki, müəyyən yaşda orqanizmdə dəyişiklik gedə bilir. O zaman sən kiminsə qızına yaxınlaşma, özünün seksə olan ehtiyacını masturbasiya yolu ilə ödəyə bilərsən. Böyük şəhərlərdə belə şeylər ona görə olmur. Ona görə ki, sosial şəbəkələrdən bir yolla öz suallarına cavab tapa bilirlər. Regionlarda isə bu da yoxdur.

Hər iki şəxsin həyatı məhv oldu. Biri məsuliyyətə cəlb edilib çıxdıqdan sonra cəmiyyət üçün artıq bir manyak formalaşmış olur. Həbs çıxış yolu deyil, problemi kökündən həll etmək lazımdır. Çünki bu pedofillik deyil. Pedofil odur ki, onun qurbanı həddi buluğa çatmasın. Bu belə davam edir, həmin uşaq 18 yaşına çatdıqda ondan əl çəkir, yeni qurban axtarmağa başlayır.

Xaricdə kiminsə uşağına küçədə sığal çəkmək, əzizləmək olmur. Onlar səni polisə verib tutdura bilər, pedofil şübhəsi ilə. Amma bizdə küçədə bir konfet verib uşağı istədiyi qədər əzizləyənlər var, valideynlərdə buna gülür. Çox qəribə yanaşmadır. Əksinə uşağa izah etmək lazımdır ki, yad insanların sənə toxunmasına, xüsusilə də cinsi orqanlarına toxunmasına icazə vermək olmaz. Heç kimdən heç nə alıb yemək, içmək olmaz.

Cinsi yetkinlik yaşında olan qohum uşaqları – qız və oğlanı bir evdə qoyub gedirlər ki, heç nə olmaz, bacı-qardaşdılar. Xeyr, belə deyil. 16 yaşlı uşağın qanının qaynayan vaxtıdır. Bunu etmək olmaz.

- Ailədən uzaq qalan kişilər var. Kişi öz qadınından nə üçün uzaqlaşır?

- Bu uzaqlaşmalara çox səbəb ola bilər. Bir kişi özündən qat-qat çox seksual istəkləri olan bir xanımla ailə qurursa, onun ehtiyacını tam ödəyə bilmirsə, seksdən soyuyur və uzaqlaşır. Ailə qurana qədər seksual ehtiyaclarını müəyyən etmək olmur. Cəmiyyət olaraq, bunu qəbul edə bilmirik. Amma ailə qurana qədər bu söhbətləri açıq danışmaq lazımdır. Bəzən qadınlar özlərinin ehtiraslı olub-olmadıqlarını demirlər. Bu zaman ailə həyatı qurduqdan sonra məlum olur ki qadın çox ehtiraslıdır kişi isə nisbətən zəifdir. Təbii ki, balans pozulur və qadın kişiyə “sən zəifsən” mesajını vermiş olur. Amma çox vaxt qadınlar bunu sirr olaraq saxlayırlar, öz həyat yoldaşlarının hisslərini qırmamaq, onun özgüvənini qorumaq naminə qane olmasalar da gizlədirlər. Bəzən bu hörmətdən, bəzən isə qorxudan ola bilir.

Ya da belə olur ki, kişi ehtiraslı olur, qadın isə nisbətən praktikasız. Kişi seksual istəklərinə uyğun davranmadığı üçün qadınla dalaşır, “sən niyə heç nə bilmirsən?!”. Haradan bilsin? Bunun kursu, təlimi var? Bilmirsə, yaşayaraq öyrənmək lazımdır, burada kişilərin üzərinə böyük məsuliyyət düşür. Bəs ev qızı olsun deyib qapı-qapı gəzəndə nə gözləyirdiniz? Birmənalı olaraq bu düşüncələr yanlışdır.

- Bəzən deyirlər, gənc yaşlarda qadınlarla birlikdə işləyən və ya ailədə 3 bacının bir qardaşı kimi böyüyən kişilərdə cinsi zəiflik olur. Bu hallarda kişilərdə cinsi zəiflik ehtimalı böyükdürmü?

Xeyr, bu teorem özünü sübut etməyib, edə bilməz. Çünki bir çox ailələrdə qızlar oğlanlardan çoxdur. Amma oğlanları qız kimi böyütmək gələcəkdə ona təsir edir. Bəlkə də heç ailədə qız övladı olmur, amma analar oğlanlarını qız kimi böyüdür, yanlarına salıb xanım məclislərinə aparırlar. Bu düzgün deyil. Elə çox qızı olan ailələrin oğlanlarını görmüşəm ki, kişi kimi kişidirlər. Bu yanaşma doğru deyil.

Sadəcə neçə oğlandan sonra qız övladı gözləyən ailələr olur ki, yenə oğlan olur. Həvəslərini öldürmək üçün onu qız kimi əzizləyirlər, 4-5 yaşa qədər qız geyimləri geyindirirlər. Bu da şüuraltı uşağa təsir edir. Hamı elə düşünür ki, uşaqdır, nə başa düşür. Səhv yanaşmadı, uşaq hər şeyi məhz elə kiçik yaşlarından dərk edir. Dırnağına boya sürtür, saçını yığır,

- Porno izləmək qızlara və oğlanlara lazımdırmı? Bunun mənfi və müsbət cəhətləri nədir?

Mən ümumiyyətlə bunu tövsiyə etmirəm. Beyin insanın öz əlindədir və insan beyni elə formalaşdırılıb ki, görülən mənzərəni yaddaşa verir. Fərz edin ki, telefonda hansısa bəyəndiyiniz bir yerə baxırsınız və mənzərəsi sizi valeh edir. Özünüzü sanki ordaymış kimi zənn edirsiniz, hətta bu sizin yuxunuza belə girə bilər. Porno izləmək də belədir, insan özünü sanki orada zənn edir. Qız izləyirsə özünü qızın yerində zənn edir, oğlan izləyirsə özünü videodakı oğlanın yerində düşünür. Bu da ziyandır. 17 yaşdan 27 yaşa qədər hər gün porno izləyən insanın görün beynində nə qədər partnyoru olur? Bu da sabah ailə quranda seksual münasibətlərə mənfi təsir edir.

Ümumiyyətlə, bu cür proseslərdə orijinallığı qorumaq lazımdır. Məsələn körpə uşaqlara baxın, yerdən nəsə götürəndə əvvəlcə otururlar, sonra götürüb yenidən ayağa qalxırlar. Biz isə əyilib götürürük. Çünki artıq həmin prosesin sağlam formada həyata keçirilmə üsulunu, orijinallığını itirmişik. Seksual münasibətlərin də orijinal qalması lazımdır. Fantaziyaları tam başqa obrazlarla canlandıran, qarşısında o obraza uyğun olmayan biri olanda əlbəttə ki, ehtiraslana bilməyəcək. Nəticədə problem yaranır.

Hətta bu gec evliliklərə də səbəb ola bilir. O beyindəki obraza uyğun qadın axtarır. Çünki artıq dediyim kimi, beyin reallıqla, virtualı bir-birindən ayırmaqda çətinlik çəkir.

- Sizin seanslarda danışılanlar kifayət qədər gizli və anonimlik qorunan məsələlərdir. Pasiyentlər də çoxdur, məlumatları unutmamaq üçün necə qeyd aparırsınız?

- Mənim qeydlərim fars dilindədir. Bunu bəzən özüm də oxumağa çətinlik çəkirəm. Heç bir pasiyentimin məlumatını heç kim oxuya və ya başa düşə bilməz. Bunu yalnız fars dilinin nə qədər təmiz bilmək gərəklidir ki, bu cür qısaltmalarla yazılan bir cümlələri başa düşmək olsun (gülür). Bəlkə də İrandan gələn fars dili bilən kimsə başa düşə bilər, o da çətin.

- Hazırda cəmiyyətimizdə əsas cinsi pozğunluqlar, patologiyalar, xəstəliklər hansılardı?

- Bu gün cəmiyyətin ən ciddi bəlası masturbasiya asılılığı, oriyentasiya problemi, anormal cinsi davranışlar, porno asılılığı, fetiş, telefon vasitəsilə cinsi əlaqə yaşamaq, mazoxizm (xüsusilə söyüşə meyillilik) və digər məqamlardır. Bütün bunların hər biri patologiyadır.

- Azərbaycanda prezervativ istifadəsi də az deyil. Mənfi və müsbət təsirləri varmı?

Bu məqamdan o qədər utanırlar ki, axırda xəstəliyə yoluxurlar. Ümumiyyətlə bu birmənalı sağlam formada qorunmaq metodudur. Keyfiyyətli prezervativ alınmalıdır. Adamlar tanıyıram ki, uşaq istəmədikləri üçün prezervativ alıblar, amma yenə də qadın hamilə qalıb. Oğlan doğulub, uşağa ad tapa bilmirdilər (gülür).

Cinsi dəri xəstəliklərindən, digər cinsi xəstəliklərindən qorunmaq üçün vacibdir. Bayaq dediyim kimi ziyil xəstəliyi yayılıb. Kişinin cinsiyyət orqanında yaranan xəstəlik münasibət zamanı qadının cinsi orqanına yayılanda başlayır orada inkişaf etməyə. Bu prosesdən xəbər tutub müalicə olunanda, sağala bilir. Amma çox vaxt xəstəlik gizli getdiyi üçün qadında uşaqlıq xərçəngi yaradır və öldürür.

- Sizə müraciət edən pasiyentlərin qadın və kişi eyni zamanda yaş faktoru olaraq üstünlük təşkil edənlər hansılardır?

Əsasən, 25-35 arası subay və evli şəxslər müraciət edirlər. Biz dərmanla müalicə etmirik və proses zaman alır. Erkən müraciət zamanı nəticə daha müsbət olur.

- Təbii ki, insanlar fərqli olduğu kimi həzlər də fərqlidir. Öz fəaliyyət təcrübənizdən yanaşsaq qadın yataqda daha çox nə istəyir?

- Qadın üçün cinsi əlaqə kişilərə nisbətən asandır. Amma çətin olan məqam odur ki, qadın gec ehtiraslanır. Yaş artdıqca da bu daha çox çətinləşir. Əsas problem kişilərin öz həyat yoldaşlarını cinsi əlaqə zamanı ehtiraslandıra bilməməsidir. Onlar buna çox da önəm vermirlər.

Kişilərdə isə erkən boşalma problemdir. Bu zaman qadın orqanizmi oyanana qədər kişi artıq öz işini bitirir. Spontan sekslər bu kimi durumlarda yaxşıdır. Qadın var ki, 40 yaşına qədər orqazm hissini yaşamayıb. Əgər ginekoloji cəhətdən heç bir problem yoxdursa, deməli məsələ psixolojidir və partnyordan asılıdır. İnsan psixoloji cəhətdən bədənini tanımalıdır.

- Bəs kişilər?

- Kişilər seksdə bir qədər aqressiv olurlar. Aydındır ki, seks heyvani istəkdir, vəhşilik ola bilər. Amma daha döyüb, öldürmək dərəcəsində yox. Partnyorunu da nəzərə almalısan.

- Niyə kişilər qadın, qadınlar isə kütləvi şəkildə kişi olmağa meyillənib?

- Bu sırf öz istəyi üçün olan məsələdir. Adam tanıyıram ki, tam qadına çevrilib və sadəcə uşağı olmur. Ailə də qurub, normal yaşayır. Amma adam da var ki bunu biznesə çevirir. Cinsiyyətini dəyişib “xidmət” sektoruna girirsə bu heç transseksuallıq da sayılmır. Transseksual odur ki, özünü cins olaraq bəyənmir və özünü uyğun bədəndə hiss etmir. Hər dəfə tualetə gedəndə əsəbiləşir. Transseksual çalışır ki cinsiyyətini dəyişsin, qızdırsa oğlan olsun, oğlandırsa qız olsun.

- Kişi niyə təcavüz edir?

- Normal insan təcavüz etmir. Psixoloji problemi olan insanlar ola bilər. Sırf beyin təcavüzlə formalaşır. Bəzən ailədə belə cinsi əlaqəni təcavüz kimi edirlər. Bunu bəhanə etmək lazım deyil. Yeni macəralar axtarmaq olar, amma belə bəhanələrə sığınmaq olmaz.

FOTO: Kərim Abbasov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri