21 
Apr
2022
19:47
370
18
982
Virtual karabakh

Beş yaşlı Orxana yeriməyə və danışmağa kömək edin - FOTO/VİDEO

21 Apr, 2022
19:47
982

Beş yaşlı Orxana yeriməyə və danışmağa kömək edin - FOTO/VİDEO

Media.Az-ın redaksiyasına Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi sakini, 44 yaşlı Yeganə Səfərova müraciət edib. O, beş yaşlı oğlu Orxanın uşaq serebral iflicindən əziyyət çəkdiyini bildirib.

Ananın sözlərinə görə, mütəxəssislərlə müntəzəm seanslar sayəsində uşaq müəyyən irəliləyişlər əldə edir. Lakin qadının yeganə övladının bahalı reabilitasiyasını davam etdirmək üçün kifayət qədər vəsaiti yoxdur.

Orxan Səfərovlar ailəsində çoxdan gözlənilən uşaq idi. O, cütlüyün uşaq sahibi olmaq üçün 11 illik uğursuz cəhdlərindən sonra dünyaya gəlib. Onun doğulması ailə üçün əsl möcüzə və ən böyük xoşbəxtlik olub. Təəssüf ki, körpə anadangəlmə patologiyalarla dünyaya gəlib.

Orxan anadangəlmə bağırsaq keçməməzliyilə doğulub. Həyatının ikinci günündə yeni doğulan körpə əməliyyat olunub. İkinci əməliyyat isə o, iki aylıq olarkən baş tutub. Həm də Orxan sol böyrəyi olmadan dünyaya gəlib. Bundan əlavə, oğlana serebral iflic diaqnozu qoyulub.

Yeddi aylıq olanda Orxanda qıcolma tutmaları başlayıb. Bundan sonra onun inkişafdan geri qaldığı üzə çıxıb.

“Bu gün oğlumun beş yaşı tamam olur. Nə yeriyir, nə də danışır. Həkimlər reabilitasiyanın ona bu bacarıqları əldə etməsinə kömək edə biləcəyini deyirlər. Onu həm fizioterapiyaya, həm də loqoped və psixoloqa aparırıq. Aylıq fizioterapiya məşğələləri kursu 900 manatdır. Loqoped və psixoloqla dərslər isə 1000 manat. Biz bu xidmətləri növbələşərək həyata keçiririk. Yəni, Orxanın reabilitasiyası ayda 900-1000 manata başa gəlir. Təkcə ortopedik ayaqqabılar 100 manatdır. Mövsüm və ya ölçü dəyişikliyi ilə bağlı tez-tez yenisini almalı oluruq.

Bütün bunları ödəmək bizim üçün çox çətindir. Çünki həyat yoldaşımla birgə o qədər də qazancımız çox deyil. Eyni zamanda, Orxanın inkişafında böyük irəliləyişlər müşahidə etdiyimiz üçün bu məşğələləri dayandıra bilmərik”, - deyə ana bildirib.

Xanım qeyd edib ki, Orxanın atası aşağı maaşla dövlət qurumunda fəhlə işləyir. “Biz uşağa görə 280 manat müavinət alırıq. Amma bu, heç müalicə xərclərini belə ödəmir. Xahiş edirəm, oğlumuza yeriməyə və danışmağa kömək edin”, - deyə Yeganə Səfərova xeyirsevən insanları köməyə çağırıb.

Yardım göstərmək istəyənlər Yeganə xanımla (051) 999 77 50 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri