May
2022
15:48
187
393
4255
Virtual karabakh

Bayramdan sonra ərəblər Bakıya AXIŞIR - FOTO

9 May, 2022
15:48
4255

Bayramdan sonra ərəblər Bakıya AXIŞIR - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə ölkəmizə təşrif buyuran qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Pandemiyadan əvvəlki dövrdə olduğu kimi, Bakının mərkəzi küçələrində yenidən ərəb turistlərə rast gəlmək mümkündür.

Bu il ölkəmizə nə qədər xarici turistin gəlməsi gözlənilir?

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Ceyhun Aşurov bildirib ki, karantin qaydalarının yumşaldılmasından sonra turizm sektorunda canlanma yaranıb.

“Karantin qaydalarının yumşaldılması iqtisadiyyatın inkişafına və turizmin yenidən canlanmasına təkan verir. Artıq yeni qaydalar insanların səyahət edə bilməsi üçün imkanlar yaradıb. Turistlər həm ölkə daxili, həm də ölkə xaricinə gedə bilirlər. Bunun üçün ölkəyə gəliş zamanı PCR testinin ləğv olunması düzgün qərardır. May ayının 1-dən tibbi maskadan istifadə tələbi də aradan qaldırıldı. Bütün bunlar müsbət haldır. Baxmayaraq ki, quru sərhədləri açılmayıb, amma ölkəyə giriş-çıxış üçün uçuş marşrutlarının sayında artım var”, - ekspert deyib.

Ekspertin sözlərinə görə, Ramazan bayramından sonra ərəb ölkələrindən, eləcə də digər İslam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur:

“Biz turizmçi olaraq turistlərin hansı ölkələrdən olmasına fərq qoymuruq. Ölkəmizə gələn hər turist müəyyən istehlak tələbi yaradır, aldığı xidmətlərin qarşılığında pul xərcləyir. Təsadüfi deyil ki, turizm Azərbaycanda neft sektorundan sonra ikinci ən çox xarici valyuta gətirən sahələrdən biridir. Təbii ki, ölkəmizə son zamanlar Qazaxıstandan, nisbətən Özbəkistandan, Türkiyədən gəlişdə aktivlik müşahidə olunur. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandan gələnlərin sayı da artıb. Ümumiyyətlə, nəinki ərəb turistlərin, digər ölkələrdən olan qonaqların gəlişi turizmin dirçəldilməsi üçün önəmlidir”.

Ekspert bu il turizm sektorunda aktivlik olacağını hesab edir:

“Keçən illə müqayisədə düşünürük ki, bu il turizmin bərpası müşahidə olunacaq və daha çox aktivlik yaranacaq. Hələ də müəyyən məhdudiyyətlər qalsa da, gözləntilər müsbətdir. Növbəti ildən daha çox turistin səyahət edəcəyini düşünürük. Eyni zamanda yerdə qalan məhdudiyyətlərin də ləğv olunacağına ümid edirik. Təbii ki, geosiyasi gərginliklər turizmdə müəyyən çətinliklər yaradır. Ancaq insanların səyahət etmək istəyini də nəzərə almalıyıq”.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İrandan, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri