16 
May
2022
12:00
238
11
2620
Virtual karabakh

Məftun Abbasov: “Gələn ildən uşaqlar Şuşada məktəbə gedə biləcəklər” - MÜSAHİBƏ + FOTO

16 May, 2022
12:00
2620

Məftun Abbasov: “Gələn ildən uşaqlar Şuşada məktəbə gedə biləcəklər” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bir ilə yaxındır ki, Prezident İlham Əliyevin məlum Fərmanı ilə Şuşa şəhəri Dövlət Qoruğu yaradılıb. Bu zaman kəsiyində Şuşa şəhəri həm Azərbaycanın,  həm də Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu. 2022-ci il həm də Azərbaycanda “Şuşa İli” kimi də qeyd olunur.

Bunlarla əlaqədar Şuşada hansı işlərin görüldüyü, şəhərdə yeni turist marşrutlarının istifadəyə verilməsi, əhalinin buraya sərbəst gediş-gəlişinin təmin edilməsi barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Oxu.Az-a eksklüziv müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Məftun müəllim, biz Şuşada böyük tikinti işlərinin aparıldığını müşahidə etdik. Şuşa əhalisinin şəhərə köçürülməsi nə zaman gözlənilir?

- Şuşa şəhərində Prezident İlham Əliyevin göstərişi ilə böyük abadlıq və quruculuq işləri görülür. Yeni tikilənlər sırasında xəstəxana, məktəb, bir çox iaşə obyektləri var. Gələn aydan etibarən yeni yaşayış massivinin tikintisinə başlanılır. Artıq tender bitib. Şuşada 24 ədəd dördmərtəbəli bina tikiləcək. Burada xidmət göstərən əməkdaşların yaşaması üçün və gələcəkdə Şuşa əhalisinin buraya köçürülməsi üçün.

Yaşayış binaları, iaşə obyektləri, infrastruktur tam hazır olmayana qədər şuşalıların buraya köçürülməsi real görünmür, bu, gələcəyin işidir.

- Şuşa əhalisinin şəhərə köçürülməsi məsələsi aydındır. Bəs şəhərə sərbəst gediş-gəlişin açılması hansı səbəblərdən yubanır?

- Şuşa minalardan tamamilə təmizlənib – artıq burada heç bir mina yoxdur. Amma Füzuli-Şuşa yolu boyu minatəmizləmə işləri davam edir.

Biz Daxili İşlər Nazirliyində də, Prezident Administrasiyasında da görüşlər keçirdik, istədik ki, bu məsələni həll edək. Lakin polis israr edir ki, yolun bütövlükdə təhlükəsizliyini təmin etmək mümkün deyil. Yəni insanlar öz nəqliyyat vasitələri ilə Şuşaya sərbəst hərəkət etsələr, yoldan sağa-sola çıxa və bu an təhlükə ilə üzləşə bilərlər. Yüz kilometrlik yolun hər bir hissəsinə polis nəfəri qoymaq qeyri-mümkündür.

Bu ancaq yeni yolun təhvil verilməsindən sonra mümkün olacaq. Qeyd edim ki, bu yol avtoban olacaq, yəni işıqforsuz, sağa-sola çıxma imkanı olmadan birbaşa Füzuli aeroportundan Şuşaya kimi uzanacaq. Onun gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur.

- Şuşaya turistik marşrutlar açılıb, lakin tələbat çox olduğundan insanlar bilet çatışmazlığı ilə üzləşirlər. Bu barədə hansısa tədbir görülürmü?

- Hazırda Şuşaya turistik səyahətlər təşkil olunur – hər gün Bakıdan buraya bir avtobus gəlir. Tələbatın yüksək olduğu nəzərə çarpır. Belə ki, Şuşaya səyahət üçün biletlər iki ay əvvəldən satılıb.

Bunu nəzərə alaraq, yaxın zamanda daha bir avtobus marşrutunun təşkil olunmasını düşünürük. Yəni bundan sonra Şuşaya hər gün bir yox, iki avtobus işləyəcək.

- Şuşada yeni məktəbin tikintisi elan olundu. Burada əhali olmayan halda məktəbdə kimin təhsil alması nəzərdə tutulub?

- Şuşada 1№-li məktəb var idi ki, ermənilər onu dağıtmışdılar. Prezidentimiz həmin yerdə yeni məktəbin təməlini qoydu. 960 şagirdlik məktəb olacaq və bütün lazımi avadanlıq ilə təchiz olunacaq.

Bu məktəb ilk növbədə burada xidmət edən, bərpa-quruculuq işləri aparan şəxslərin uşaqları üçün nəzərdə tutulub. Təsəvvür edin, burada daimi olaraq polislər, həkimlər, qoruğun əməkdaşları fəaliyyət göstərirlər ki, onlar da məktəbə görə ailələrini gətirə bilmirlər. Bu ilin sonu məktəb təhvil veriləcək və artıq gələn ildən uşaqlar sərbəst məktəbə gedə biləcəklər.

- Şuşa şəhərində bir çox mədəni-tarixi abidələr var. Onlar gələcəkdə turist marşrutlarına əlavə olunacaqmı, yaxud onları hansı tale gözləyir?

- Şuşa şəhərində 190 tarixi abidə var. Ermənilər bunun 60-nı tamamilə dağıdıblar. Geriyə qalanın əksəriyyəti də yararsız halda idi.

Restavrasiya işi çox vaxt alan bir prosesdir. Bir binanın restavrasiyası iki-üç ilə qədər davam edə bilər.

Hal-hazırda Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən general Mehmandarovun, Məşədi Əlinin, tarzən Sadıqcanın evləri, Şirinsu hamamı, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidlərində bərpa işləri aparılır.

Xurşidbanu Natəvanın, Əsəd bəyin və Uğurlu bəyin evlərinin restavrasiya planı da hazırlanır, italiyalı mütəxəssislər bu restavrasiya işlərinin konseptini işləyirlər.

Restavrasiya bitən kimi həmin obyektlər turistik marşrutlara salınacaq və hər kəs üçün açıq olacaq.

Amma elə evlər, mədəniyyət ocaqları var ki, ermənilər onun içini tamamilə talayıblar. Onların muzey kimi fəaliyyət göstərməsi üçün burada kifayət qədər eksponat olmalıdır.

İndi bu evlərin gələcək təyinatı müəyyənləşdirilir. Yəni onların hamısı muzey olmayacaq. Burada gələcəkdə kitabxana, musiqi evi, butik-hotel, restoran etmək olar.

- Media işçilərini ən maraqlandıran məqamlardan biri də elan olunan Şuşa televiziyasının bərpasıdır. Bu yöndə işlər gedirmi?

- Biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bu məsələ ilə bağlı əlaqədəyik. Hazırda şəhərdə teleqüllə tikilir, burada telestudiya qurulacaq və bundan sonra teleradionun fəaliyyəti üçün şərait yaranacaq.

Bunun üçün də müəyyən resurslar lazımdır, ən azı, burada işləyəcək heyət yığılmalıdır. İstəyirik, bunları əvvəlcədən Qoruğun nəzdində yaradaq.

- 2022-ci il “Şuşa İli” elan olundu və burada artıq bir neçə tədbir keçirildi. İlin axırına kimi daha hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- “Şuşa İli” çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub ki, bunların da siyahısını Nazirlər Kabinetinin veb-saytında görmək olar.

Ən böyük tədbirlərdən biri avqust-sentyabr aylarında nəzərdə tutulub. Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bu təşkilata daxil olan 120 ölkədən təxminən 150 şəhərin meri Şuşaya gələcək. Assambleya Bakı şəhərində toplaşacaq və sonra Şuşaya səfər təşkil ediləcək.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri