16 
May
2022
13:48
112
21
3129
Virtual karabakh

ADY-dən açıqlama: “Bəzi əməkdaşlara maaşlarının beş misli qədərində müavinət ödəniləcək”

16 May, 2022
13:48
3129

ADY-dən açıqlama: “Bəzi əməkdaşlara maaşlarının beş misli qədərində müavinət ödəniləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkəmizdə pandemiyanın təsirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin Daşımaları Departamentinin əsas fəaliyyət istiqaməti olan dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırıb, eləcə də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb olunub”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarıb. Buna baxmayaraq, aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq əməkhaqlarının tam ödənilməsi təmin edilib.

“Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti var. Pandemiya müddətində yalnız 2000-ə (iki minə) yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 000 000 (on milyon) manatdan artıq vəsaiti əhatə edən əməkhaqqı ödənilib.

Bundan əlavə, yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30% və ya 50% işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əməkhaqlarının tam məbləğdə ödənilməsi həyata keçirilib.

Hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib.

Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilib, dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılıb və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilib. 

Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb və bu əməkdaşların “DOST” İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib. 

Məlumat üçün bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əməkhaqqına (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əməkhaqqının ödənilməsi təmin ediləcək.

Eyni zamanda, sosial dayanıqlılığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların “DOST” İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının beş misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub”, - şirkətin məlumatında qeyd olunur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri