20 
May
2022
18:30
51
136
6180
Virtual karabakh

Bakıda “sehrli” bənövşəyi qutular: İçindəki sizi yox, mühərrikləri qızdıracaq - ARAŞDIRMA + FOTO

20 May, 2022
18:30
6180

Bakıda “sehrli” bənövşəyi qutular: İçindəki sizi yox, mühərrikləri qızdıracaq - ARAŞDIRMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstifadə olunmuş geyim, ayaqqabı, tekstil qutusu”.

“Paltarları qaba atın, sonra qolu yuxarı qaldırın”.

Yəqin ki, paytaxt küçələrində hər biriniz üzərində bu yazılar olan rəngli qutuları görmüsüz. Bəli, söhbət istifadə edilmiş geyim əşyalarının toplandığı bənövşəyi qutulardan gedir.

Fikir olaraq kifayət qədər uğurlu layihədir. Lakin təəssüf ki, insanlar arasında qutuların mahiyyətini anlamayanlar var. Daha üzücü məqam isə qutuların hansı təyinat üzrə yerləşdirildiyi üzərində yazıldığı halda insanların həmin qutulara məişət tullantılarını da atmalarıdır. Bəziləri isə belə qənaətdədirlər ki, orada toplanan geyim və ayaqqabılar imkansız ailələrə, ehtiyacı olanlara paylanacaq. 

Aydın məsələdir ki, toplanan geyim, ayaqqabı, tekstil yenidən emal olunma üçün aidiyyəti üzrə müxtəlif tullantılar zavodlarına göndərilir. Çünki üzərində təkrar emal işarəsi var.

İlkin məlumata görə, qutuların yerləşdirilməsi türkiyəli bir sahibkarın təşəbbüsüdür. Lakin paytaxt küçələrində qutuların müvafiq yerlərə qoyulması ilə bağlı ərazi üzrə icra hakimiyyətlərinin aidiyyəti şöbələri ilə məsləhət edilir.

Aydın məsələdir ki, bu qutuların qoyulması bələdiyyələrin işini də yüngülləşdirib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı sözügedən layihəni icra edən şirkətə qutuların yerləşdirilməsi ilə bağlı müvafiq icazələrin verilməsi həyata keçirilir.

“Təmiz Şəhər” ASC-nin isə bu layihədə rolu toplanan tullantı materiallarının müvafiq zavodlarda zərərsizləşdirilməsidir.

Belə ki, ötən il “Təmiz Şəhər” ASC paytaxt ərazisindən 800 min tona qədər tullantı qəbul edib. Onların bir hissəsi Bakı bərk məişət tullantılarının yandırılması zavodunda zərərsizləşdirilib. 

“Təmiz Şəhər” ASC tərəfindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhərində il ərzində 700 min tona qədər tullantı qəbul edilir.

Qəbul edilən tullantıların bir hissəsi çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrıllır və Balaxanı Sənaye Parkına göndərilir. Digər hissəsi isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir. Müəyyən növ tullantılar isə Balaxanı şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda basdırılır.

Tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. illik yandırma gücü 500 min ton olan zavodda  tullantıların yandırılması nəticəsində ildə 200 mln KVt/saata qədər elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. 

Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna qədər 4 milyon tondan çox tullantı zərərsizləşdirilmiş və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilmişdir. Statistik məlumatlara görə ölkənin elektrik enerjisinə olan ehtiyacının 1 faizini bu zavod ödəyir. İl ərzində zavodda əldə edilən enerji ilə təqribən 200 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür.

Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. 

Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilmiş və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilmişdir. Ötən müddət ərzində 4 milyon tondan çox tullantının termik üsulla emal edilməsi tullantıların ümumi həcmini 10 dəfəyə qədər azaldıb və bununla da Balaxanı poliqonunun istifadə müddəti daha 20 il artıb. 

Tullantıların təkrar emalının həyata keçirildiyi Balaxanı Sənaye Parkı rezidentlər üçün əlverişli imkanlar yaradır. Hazırda burada fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən və 7 il müddətinə isə sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar ƏDV, idxal rüsumlarından azad edilir. Bu isə “yaşıl iqtisadiyyat”ın inkişafına, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

İlkin mərhələdə Balaxanı Sənaye Parkında işlənmiş mühərrik, hidravlik və qida yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə cəmi 8 rezident fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə sənaye parkına artan ciddi maraq nəticəsində 25 rezident qeydiyyatdan keçib və 27 fəaliyyət sahəsi üzrə 17 rezident hazırda tullantıları təkrar emalı ilə məşğuldur.

Məsələnin mübahisəli tərəfi qutuların qoyulduğu ərazilərin natəmiz olması, qutulara təyinatından kənar tullantıların atılmasına nəzarətin olmamasıdır.

Bu qutulardakı tullantılar nə qədər müddətdən bir toplanır? Dezinfeksiya prosesi necə aparılır? Utilizasiyası aparılan tullantılardan nə əldə edilir və hansı istiqamətdə istifadə olunur?

Oxu.Az-ın əməkdaşı sözügedən qutuların yerləşdirilməsini həyata keçirən türkiyəli sahibkar Mehmet Aslan ilə əlaqə saxlayıb.

Şirkət direktoru bildirib ki, Bakıda işlənmiş geyimlərin toplanması ilə bağlı (yenidən emal üçün) artıq iki aya yaxındır, fəaliyyət gedir.

- Artıq Bakıda nə qədər belə qutu var?

- Bu gün Bakıda belə qutuların sayı 200-ə yaxındır.

- Bu qutularda toplanan geyimlər neçə müddətdən bir toplanır? Qutular hansı şəkildə boşaldılır?

- Qutulara baxış gündəlik olaraq həyata keçirilir. Əməkdaşlarımız tərəfindən qutuların daxilindəki əşyalar çeşidlənir.

- Dezinfeksiya işləri və zərərsizləşdirmə prosesləri necə aparılır?

- Gündəlik baxış zamanı qutular təmizlənərək müvafiq qaydada dezinfeksiya olunur.

- Təkrar emal prosesində nə əldə edilir və bundan hansı istiqamətdə istifadə edilir?

- Həmin əşyaların təkrar emalı zamanı ətraf mühitə zərər verməsindən qorunması ilə yanaşı, şüşə istehsalında, avtomobil yağlarının istehsalında və ümumilikdə təbii resursların daha effektiv istifadəsinə böyük töhfə vermiş oluruq. Layihəmizin əsas məqsədi ətraf mühitin qorunması və Bakıda keçirilən məişət tullantılarının təkrar emalı prosesinə dəstək verməkdir.

- Bəzən bu qutulara geyimlərdən əlavə məişət tullantıları (zibil) atılır. Təəssüf ki, bu durumlar olur. Bununla bağlı hansı tədbirlər görülür?

- Qutulara keçirilən baxış zamanı çox təəssüf ki, zibil, məişət tullantıları aşkarlanır ki, onlar da tərəfimizdən aidiyyəti üzrə təhvil verilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri