21 
May
2022
11:42
62
61
2452
Virtual karabakh

XIX əsrdə canlı musiqisi olan, XXI əsrdə siçovulların yaşadığı hamam - FOTOREPORTAJ

21 May, 2022
11:42
2452

XIX əsrdə canlı musiqisi olan, XXI əsrdə siçovulların yaşadığı hamam - FOTOREPORTAJ

İndi acınacaqlı vəziyyətdə olan “Fantaziya” o qədər dəbdəbəli və dillərə dastan gözəllikdə idi ki, iki əsr öncə “Kaspi” qəzetinin müəllifi hamama qoyulan sərmayənin həddindən artıq çox olduğunu vurğulayırdı. Məqalənin müəllifi iddia edirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara bilməyəcəklər. 

Mövzu ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:

“Bu ilin 13 yanvar tarixindən etibarən Bakı şəhərində “Vorontsovskaya” küçəsində böyük otaqlara malik “Fantaziya” hamamı fəaliyyətə başlayır. Hamamda xəstələr üçün tibbi vanna və duş ilə xüsusi müalicəvi otaqlar, şirin su, dəbdəbəli mebellər, gözləmə zalı mövcuddur. İşıqlanma elektriklədir. Rus, erməni və xarici dillərdə qəzet və jurnallar var. Axşam 6-dan 11-ə kimi işıqlı fontan olacaq. Çay, qəhvə, limonad, mineral su və pivə var. Otaqların qiyməti 1 rubldan (təxmini 20 qəpik) başlayır. Telefon 663...”.

1886-cı il... (bəzi mənbələrə görə, 1897) Bakının avropasayağı ilk hamamının elanıdır. Məhz bu tarixdən dəbdəbəsi adı kimi fantaziyalı olan hamam fəaliyyətə başlayır. 136 yaşlı hamamın indiki durumu haqda məlumat almaq istəyirəm. Binanın 4 tərəfi şir heykəlləri ilə əhatələnib. O şirlər ki, o dövrdə işığın ancaq varlıların evində və idarələrdə olduğu vaxtda fənərlər vasitəsilə işıqlandırılırdı. Yəni elektrik varlılarda, bir də “Fantaziya”da idi. Bu hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. 

Söhbətləşmək və o dövrə səyahət etmək üçün Dilarə Əliyeva küçəsində yerləşən hamamın yaxınlığında yaşayan köhnə sakinləri axtarırıq. Cavan və orta nəslin məlumatı yoxdur. Həmsöhbət olduğumuz insanlar isə bildirdilər ki, artıq burada köhnə bakılılar yaşamır... Araşdırmalar zamanı Bakı sakini İlqar Əliyevin hamamla bağlı fikirlərinə rast gəlirik:

“60-ci illər idi. Uşaq idim və hər həftə atamla hamama gəlirdik. Yadımdadır, girişdə kassa var idi. Orada Asya adlı kök xanım nömrə paylayardı. Kisəçinin adı Qəhrəman idi. Hamamda bərbərxana da var idi. Adil adlı bərbər atamın üzünü qırxardı. Mən də fontanlı hovuzun yanında gəzişərdim. Ən dadlı samovar çayı ilə tut mürəbbəsini orada verirdilər. Uşaqlığımın ən gözəl xatirələri “Fantaziyada”dır. Onun yenidən istifadəyə verilməsini o qədər istəyirəm ki...”.

Hamamın layihəsini şəhərin ilk baş planının tərtibatçısı, memar Nikolay Avqustoviç fon der Nonne verib. Binada o dövrün mühəndislik möcüzəsi olan elektrik spiral lampalar olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı. Ümumiyyətlə, tək binanın içərisində deyil, çölündə də bütün işıqlandırma elektriklə idi. Hamamda prosedurlardan sonra çay içmək üçün xüsusi bir zal var idi. Çay masaları “Fantaziya”nın daxili həyətində də mövcud idi. İçəridən binanın divarları və döşəməsi də mərmərdən idi. Bundan başqa hamamın daxilində bir bütöv mərmərdən yonulmuş vanna da var idi. Bütün divarlarında çoxlu yapma naxışlar, mələklər, yunan allahları, tavanında isə Şərq və Roma üslubunda divar naxışları var idi. Servis rus, fransız, fars qəzetləri və jurnalları da təklif edirdi. Orada həm də canlı musiqi səsləndirilirdi. 1914-cü ilə qədər Bakıda, ümumiyyətlə, su kəməri olmayıb. Hamamda ağlasığmaz həcmdə daşınan şirin sudan istifadə edilirdi. Buna görə də bəzən “Fantaziya” bir neçə günlük ehtiyat su toplamaq üçün bağlanırdı. Ən maraqlısı isə odur ki, “Fantaziya”da qiymətlər baha deyildi – minimal servisin qiyməti cəmi 50 qəpik idi. Yəni 20 manat maaş alan ən sadə fəhlə belə bura ayda azı bir dəfə gələ bilərdi.

Tarixçi-araşdırmaçı Fuad Axundov “Kaspi”yə açıqlamasında bildirdi ki, “Fantaziya” köhnə Bakının ən səciyyəvi və göz oxşayan hamamlarından biri idi:

“Bu hamamın istər zahiri memarlığı, istərsə də daxili quruluşu bənzərsizdir. Məsələn, hamamın fasadına həkk olunan şirlər Bakı-Abşeron daş oyma ənənələrinin bariz nümunəsidir. Hamam nəinki sanitariya və gigiyena obyekti kimi, eyni zamanda, nümunəvi mədəni abidə kimi şəhərin tarixində şöhrət qazanmışdı. Hamamın adı quruluşuna tam uyğundur. Doğrudan da, bu hamamda olarkən insan elə bil möcüzəvi fantaziya aləminə qoşulurdu”. 

Hamamın sahibi haqqında heç bir məlumat yoxdur. O dövrdə 3 əsrə şahidlik edən “Kaspi” qəzeti “Bu hamam sahibinin kəşfidir” yazırdı. “Fantaziya” o qədər dəbdəbəli və dillərə dastan gözəllikdə idi ki, “Kaspi” qəzetinin müəllifi hamama qoyulan sərmayənin həddindən artıq çox olduğunu vurğulayırdı. Məqalənin müəllifi iddia edirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara bilməyəcəklər. Qəzetin 14 may 1897-ci ilə məxsus məqaləsində deyilir:

“Bakı kapitalistlərinin əksəriyyəti öz kapitallarının 30 faizini dividend verən neft müəssisələrinə qoymağa üstünlük verirlər. Texniki qurğularının mükəmməlliyini və möhkəmliyini, xüsusi su təchizatı sistemini və s. nəzərə alsaq, hamamın sahibi çətin ki, 4 faiz gəlir əldə etsin”.

Hamamın taleyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə sorğu göndəririk. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirdi ki, hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən hamama baxış keçirilib və tarixi abidənin mövcud vəziyyəti ilə bağlı akt tərtib edilib: “Tarixi abidə xüsusi mülkiyyətdədir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Qanunun qeyd olunan maddəsinə uyğun olaraq abidənin qorunmasının təmin edilməsi məqsədilə mülkiyyətçiyə müvafiq məktubla müraciət olunub”.

O dövrdə hamam, şan-şöhrəti ilə bəlkə də istədiyini əldə etmiş, qoyduğu sərmayəni götürmüşdü. Bu dövrdə isə nə o gözəllik var, nə dəbdəbə, nə də ecazkarlıq. Hamamdan geriyə qıfıl, şirlər, siçovulların yaşadığı qaranlıq otaqlar və daşlardakı xatirələr qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri