21 
May
2022
14:04
76
27
1783
Virtual karabakh

Azərbaycan futbolunda azarkeş problemi: Etirazların səbəbi nədir? - ARAŞDIRMA + FOTO

21 May, 2022
14:04
1783

Azərbaycan futbolunda azarkeş problemi: Etirazların səbəbi nədir? - ARAŞDIRMA + FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasında oyunlara azarkeş marağı az olsa da, onlarla bağlı qalmaqallar kifayət qədərdir.

“Report”un məlumatına görə, son illər xüsusən, “Qarabağ” və “Neftçi” fanatları hər zaman hadisələrin mərkəzində olurlar.

Çox uzağa getməyək: son turlarda Ağdam və Bakı təmsilçisinin iştirakı ilə keçirilmiş görüşlərdə baş verən insidentlərə nəzər salmaq kifayət edər.

“Neftçi”nin Qəbələdə eyniadlı komandaya 0:1 hesabı ilə uduzduğu XXVI tur matçında “Forza Neftçi” azarkeş qrupunun baş məşqçi Samir Abasovu istefaya səsləməsi, hətta meydançaya pirotexniki vasitə atması, “köhlən atlar”ın isə evdə “Sumqayıt”a 5 cavabsız qolla qalib gəldiyi XVI turdan təxirə salınmış oyunda “İmarət” azarkeş qrupunun polisə etiraz əlaməti olaraq, tribunaları erkən tərk etməsi buna əyani sübutdur.

Əvvəlcə “Azersun Arena”dakı matçda baş verənlərdən başlayaq. Oyunun gedişində bəyanat yayaraq, tribunadan könüllü ayrıldıqlarını açıqlayan “İmarət Tayfa” səbəb kimi azarkeşlərin olduğu sektora hər zamankından və digərlərindən daha çox polis əməkdaşının cəlb olunması, o cümlədən, fanatların süni provakasiyaya çəkilməsi ilə əlaqələndirib:

“Hazırdakı həssas durumu nəzərə alaraq, daha anlayışlı və qabaqlayıcı tədbirlər görülməsinin tərəfdarıyıq. “İmarət” ailəsinin tribunalarda və cəmiyyətdəki nüfuzunu qorumağa, adımızı daim dəyərli tutmağa davam edəcəyik”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, polislər oyunların yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə bütün zəruri tədbirləri görüb. Oyun zamanı hər hansı xoşagəlməz hal müşahidə edilməyib”.

“Neftçi” fanatları da “Qarabağ”dakı həmkarları ilə eyni fikirdədir. Paytaxt klubunun sadiq azarkeşlərindən Toğrul Həmzəlinin sözlərinə görə, fanatlar polisdən narazı deyil:

“Amma onların tribunada olmasına da qarşıyıq. İstərdik ki, bütün dünyadakı kimi bizdə də stüardlar olsun”.

Tərəflərin mövqeyindən də göründüyü kimi, polislər öz işini nöqsansız görməyə çalışır, azarkeşlər isə onlara müdaxilə edilməməsini istəyir.

Futbol agenti Səbuhi Səfiyarlı açıqlamasında deyib ki, stadionda vəziyyət hər iki tərəfi qane edəcək səviyyədə olmalıdır:

“Çünki oyuna gələn insan rahatlıq tapmağa çalışır. İstəyir ki, rahat oturub futbola baxsın. Bəzən olur ki, polislərin, daha doğrusu, hamısına aid etmirəm, bir nəfərin sözü azarkeşləri küsdürür. Bu da normaldır, hamımız insanıq. Gələn dəfə başqa bir hadisə baş verir, narazılıq yaranır. Razıyam, azarkeşlərdə də günah var. Amma çox az hissəsində. Futbolda olduğu kimi, tribunada da çatışmayan cəhətlər mövcuddur. Əvvəlcə futbolun keyfiyyətinə aid olan problemləri həll etməliyik. Bundan sonra nəticə, dəyişiklik olmasa, başqa şeylərdən danışa bilərik”.

Qəbələdəki insidentə gəlincə, Səfiyarlı hesab edir ki, azarkeşə vahid məfhum kimi baxmaq olmaz:

“Onlar ayrı-ayrı fərdlərdən təşkil olunub. Məsələn, stadiona 500 fanat toplaşıbsa, deməli, orada 500 fərqli xarakter və fikir var. Aralarından kimsə “istefa” qışqırmaq istəyirsə, heç kim onun qarşısını ala bilməyəcək, mütləq qışqıracaq. 4-5 nəfərin fikri azarkeş mövqeyi ola bilməz. Bununla azarkeşin ümumi formatını yaratmaq düzgün deyil. 2 000 - 3 000 nəfərdən 300 nəfəri “istefa” qışqırırsa, ümumi deyirlər ki, azarkeşlər filankəsi istefaya çağırır. Amma demirlər ki, bu qədər fanatdan cəmi 300-ü bu fikirdədir. Fanatları çalışıb idarə etmək lazımdır. O mənada ki, problem yaranmasın”.

Azarkeşlərin müstəqil insanlar olduğunu söyləyən keçmiş klub rəsmisi bildirib ki, Azərbaycan futbolunun tərəfdarlar qarşısında başı heç də dik deyil:

“Soyuqda, qarda, yağışda gəlirlər, nəticənin olub-olmamasına rəğmən, oyuna baxırlar, komandaya dəstək verirlər. Hardasa özlərinə bu haqqı görürlər ki, baş məşqçidən və klubdan nəsə tələb edirlər. Klublarla çox işlədiyimdən hər cür azarkeşlə, vəziyyətlə rastlaşmışam. Onlarla söhbət edib, başa salmaq lazımdır. Azarkeşin çəkdiyi əziyyətin qarşılığında onları razı salacaq hansısa nəticə qazanılmalıdır. Nəticə əldə olunmursa, bunun səbəbi fanatlara izah etmək lazımdır. Aydın məsələdir ki, onların hamısı ilə danışmaq mümkün deyil. Ortaq dil tapmalı, bir-birilərini yola verməlidirlər”.

Azarkeşlərin stadionlara az gəlməsi barədə də fikirlərini bölüşən Səfiyarlı bunun indinin problemi olmadığını qeyd edib:

“Burada futbolun vəziyyəti, populyarlığı, çempionatda sərgilənən oyunun keyfiyyəti həlledici ola bilər. Səbəblər çoxdur. Bunları bir müsahibə və ya 5-10 cümlə ilə ifadə edə bilmərik. Bizdə futbolçuları ancaq bu idman növü ilə məşğul olanlar və saytları oxuyanlar tanıyır. Futbol haqqında neçə veriliş var, hansı oyunçular reklama çəkilir? Belə olmamalıdır. Qonşu ölkələrdə futbolçuların səviyyəsi bizdəkilərdən dəhşətli dərəcədə üstün deyil. Amma onlarda bu idman növü çox populyardır. Təkcə “Trabzonspor”un Türkiyə çempionu olduqdan sonra bu qələbəni şəhərdə necə qeyd olunduğunu görmək kifayət edir. Futbolun populyarlaşmasını istəyiriksə, onun cəmiyyətdəki mövqeyinə yenidən baxmalıyıq”.

Samir Abasovun azarkeşlərlə bağlı fikirlərinə toxunan Həmzəli isə baş məşqçinin açıqlamalarını başa düşmədiklərini vurğulayıb:

“Bizim haqqımızda deyib ki, mövqeləri bəlli deyil. Halbuki, orada heç kim baş məşqçini təhqir etməyib, ona artıq söz deməyib. Sadəcə, “İstefa” şüarları səsləndirilib. Bunun səbəbi isə nəticədən çox, oyundur. Razıyıq, komandanı çempion etdi. Amma biz bir çempionluğa qane olan fanatlar deyilik. Bəlkə də hardasa qane olmaq olar. Amma ən azından baxımlı oyun olsun. Buna görə nə isə fikirləşmək olar. Oyun olduqca bərbaddır. “Neftçi” güc-bəla ilə qələbə qazanır. Ya rəqib azlıqda qalır, ya da bəxtimiz gətirir. Bu cür təsadüfi qələbələrlə canımızı qurtarırıq. Amma “Neftçi” belə komanda deyil axı... Bizə görə, ölkənin flaqmanıdır. Bu komanda heç vaxt rəqibləri ilə 2 nömrə oynamalı deyil, daim hücum etməlidir. Açığı, Samir Abasovdan bu cür açıqlama gözləməzdik. Son müsahibəsindən öncə istefa verib getsəydi, əminəm ki, azarkeşlərin 90 faizi ona “sağ ol” deyəcəkdi. Ən azından sosial şəbəkələrdə təşəkkürümüzü bildirəcəkdik. Amma Abasovun, gedəcəyini bildiyi halda belə bir açıqlama verməsi təəssüf doğurur”.

“Neftçi” azarkeşi Abasovla bağlı bir faktı da açıqlayıb:

“Mövsümün ortasında baş məşqçi ilə azarkeşlər arasında söhbət olub. Orada deyilib ki, onsuz da “Qarabağ”a çata bilmirik, heç olmasa, yaxşı oyun göstərək. Bu gün hansı oyundan danışa bilərik? Nəsə olsa, biz də baxıb deyərik ki, eybi yox. 1 il də şans verilsin. Əslində “Neftçi” çempion olduğu ötən mövsümdə belə, fantastik oyun sərgiləməyib. Sağ olsun, komandaya qızıl medalları qazandırdı. Biz, bunu danmırıq. Komandanın tarixinə çempion məşqçi kimi düşdü. Amma o cür müsahibə verməsini gözləmirdik. Bəlkə də bununla öz karyerasına da ciddi zərbə vurdu”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri