31 
May
2022
17:24
26
187
4107
Virtual karabakh

Parlamentin iclası: Biri səhiyyəni yıxıb-sürüyür, digəri özünə vəzifə istəyir – REPORTAJ + FOTO

31 May, 2022
17:24
4107

Parlamentin iclası: Biri səhiyyəni yıxıb-sürüyür, digəri özünə vəzifə istəyir – REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin 2022-ci il yaz sessiyası yekunlaşdı, yazın son iclası 2021-ci ilin büdcəsinin icrası ilə bağlı sənədin birinci oxunuşda müzakirəsinə təsadüf etdi.

Yaz ayı olsa da, Bakının havasında yayın istisi müşahidə olunurdu, düzü, parlamentin iclasının da qaynar müzakirələrlə zəngin olacağını gözləyirdim – hamısı bir-birini tamamlamaq üçün.

Büdcənin icrası nədir - bunun tezis şəklində izahını verək, o zaman hörmətli oxucu da biləcək ki, bu sətirlərin müəllifi niyə deputatların qaynayan fikirlərini görəcəyinə dair təsəvvürlərə qapılıb və sonradan yanılıb.

Büdcənin icrası: El dili ilə desək, 2021-ci ildə büdcə proqnozları necə olub, reallıq bu proqnozlarla uyğunluq təşkil edibmi, harada lazım olandan çox, harada az xərclənib, harada bir az sərt olsa da, yeyinti olub və sair.

Milli Məclis iclasa Mərkəzi Bank İdarə Heyətinə iki yeni üzvün təyin edilməsi məsələsinə baxmaqla başlayır. Deputatların səsverməsinin nəticəsi olaraq Rəşad Orucov və Əliyar Məmmədyarov ölkənin baş bankının İdarə Heyətinin üzvü olurlar.

Vətənə, millətə, ölkənin maliyyə-bank sistemi üçün xeyirli olsun, yəqin ki, cənab Orucov və Məmmədyarov öz intellektual resurslarını mövcud problemlərin həlli istiqamətində xərcləyəcəklər, nə deyək, bizə ancaq uğur diləmək qalır.

Daha sonra ötən ilin büdcəsinin icrası müzakirəyə çıxarılır, deputatlar fikir bildirmək üçün çıxışa yazılırlar. Cənab millət vəkillərinin heç biri inciməsin, çünki müşahidəmizlə gördük ki, onlar mikrofonlarını tərif notlarına kökləmək üçün yandırmışdılar.

Mən isə bir jurnalist kimi konseptual yanaşmalar, müqayisəli baxışlar və hökuməti mühakimə edən çıxışlar gözləyirdim. Lakin çıxışların məğzi təriflərlə zəngin idi, təbii, iş varsa, dəyərləndirilməlidir, lakin tərif yox, boşluqları göstərmək, əsaslı tənqid inkişafa və çatışmazlıqları aradan qaldırmağa səbəb olur.

Müzakirələr panelində iki deputatın mövqeyi vətəndaşlar üçün daha aktuallıq təşkil etdiyindən onları təqdim etmək niyyətindəyəm. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyir ki, ölkədə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Əhliman müəllim, bu icbari tibbi sığorta sisteminin xəmiri niyə çox su aparır, niyə bu sistemin tətbiqi ilə bağlı hələ də xeyli şikayətlər və gileylər sosial etirazlar üfüqündən çəkilmir? Səbəbini siz daha yaxşı bilərsiniz, amma bu barədə sizin parlamentdə danışdığınızı xatırlamıram, lakin sağ olun ki, heç olmasa, onkoloji xəstəliklərin müalicəsi ilə bağlı parlament tribunasından hər zaman məsələ qaldırırsınız.

Fazil Mustafa ölkədə kadr problemi olduğuna diqqət çəkir, deyir ki, kadr problemləri büdcənin icrasında da əngəllər yaradır. Bir də əlavə edir ki, ölkədə xeyli lazımsız qurum var və onları müəyyən etmək üçün komissiya yaradılmalıdır.

Fazil müəllim, yəqin ki, iş axtarıb özünə münasib iş tapa bilməyənlərin ürəyinə su səpdiniz, həqiqətən, hələ də kadrların öz adamlarını, tanışlarını, qohumlarını qabağa çəkərək idarəetmə qurduğu bir mexanizm qalmaqdadır.

Bu haraya qədər davam edəcək?! Hələ onu demirik ki, adi “JEK” müdiri qısa müddət ərzində sürətlə varlanır, o ki qaldı digər vəzifə sahibləri ola.

Vəzifə öhdəlikdir, həm hüquqi, həm sosial, həm də mənəvi öhdəliklərin məcmusudur, pul qazanmaq yeri deyil, lakin Azərbaycanda vəzifəni biznes subyekti kimi nəzərdən keçirib kreslolara can atan və başqasının haqqına girərək o kürsülərdə əyləşənlər var.

Yəqin, “büdcə icrasında əngəllər” deyərkən elə bunları da nəzərdə tutursunuz, axı varlanmaq üçün vəzifəyə gələn büdcə pullarının ətrindən bihuş olur və tamahına güc gələ bilməyib qeyri-qanuni fəaliyyətə qurşanır.

Fazil müəllim etirazının istiqamətini səhiyyə sahəsinə yönəldir, gah dərmanların keyfiyyətindən dad edir, gah da bəzi xəstələrin Azərbaycan səhiyyəsinin əlində əsir olduğuna vurğu edir. Həqiqətən də, elə xəstəliklər var ki, onun müalicəsi üçün yaxşı həkim axtarmalı olursan, onu tapana qədər isə can əldən gedir və insanlar yaxınını itirmək təhlükəsi ilə üzləşirlər. Ən yaxşı halda isə bu cavab verilir ki, bəs bunun filan ölkədə müalicəsi var, bizdə yoxdur, di gəl ki, vətəndaşın da pulu olmur ki, xaricə getmək üçün bilet alsın, hələ müalicə xərcləri də bir ayrı dərd kimi insanların dərdini artırır.

Sual edərlər ki, bəs bizdə niyə xəstəliklərin müalicəsi yoxdur? Niyə xəstəxanalar (hərəsi öz payına düşəni götürsün) xəstələri ölüm həddinə gətirdikdən sonra “vallah, əlimizdən bir şey gəlmir” deyir?

Tibdir, səhhətlə bağlı hər narahatlığın müalicəsi ya çətin olar, ya da olmaya bilər, amma bizdə vəziyyət fərqlidir axı! Həkimlər var ki, pul almaq üçün yalan vədlər verir, “arxayın olun” deyir, özünə lazım olan vəsaiti qopardıqdan sonra isə nağılı-nağıla calayaraq xəstənin əldən getdiyini utanmadan dilə gətirir. Elə həkimlərə heç nə yox, bir balaca insaf gəlsin.

Fazil müəllim, amma axırıncı cümlənizi yaman dediniz ha, yəqin ki, insafa gələnlər tapılar. Fazil Mustafa görün nə deyir:

“Vətəndaşın pulu olmur ki, Türkiyəyə, Almaniyaya gedib müalicə alsın. Qalır Azərbaycanda və ölür”. Hər dəfə belə itki olduqca, Azərbaycan cəmiyyətinin səhiyyəyə olan inamı da öləcək, Fazil müəllim!

Əlqərəz, oxucu üçün cəlbedici bu iki məqamdır. Sonra layihə səsə qoyularaq qəbul edilir – birinci oxunuşda.

Daha sonra İnzibati Prosessual, İnzibati Xətalar, Cinayət məcəllələrində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılır.

Diqqətimi çəkən əsas nöqtə parlamentin veteran deputatı Sabir Rüstəmxanlının özünə vəzifə istəməsi idi, Sabir müəllim həmişəki kimi qanunların dilinin və üslubunun çətinliyindən və anlaşıqlı olmamasından şikayət edir.

Açığı, hər ölkədə qanunun dili mürəkkəbdir, bu öz yerində, lakin Sabir müəllim qeyd edir ki, qanunların mətnləri hazırlanarkən onun sadə olması üçün mütləq müvafiq komissiya yaradılmalıdır. Fikrini isə öz üzərində cəmləşdirərək “özüm də o komissiyanın sədri ola bilərəm” deyir.  

Sabir müəllim, deputat kimi, onsuz da, işiniz çoxdur, həm də partiya sədrisiniz, yəni düşünürsünüz ki, sizdən başqa heç kim linqvistik komissiyada sədr ola bilməz? Məncə, olar, bunu gözəl bilirsiniz.

Düzdür, bu elə bir vəzifədir ki, dilçilik xüsusiyyətlərinin təşəbbüsünü çəkərsiniz və bəlkə də, siz oradan bir qəpik də maaş almazsınız. Amma başqaları da o vəzifəni yerinə yetirə bilərlər – mən bir vətəndaş kimi bu düşüncədəyəm.

İclasın tempi getdikcə zəifləyir, çıxışlar jurnalistlərin diqqətinə səbəb olmur. Beləcə, yaz sessiyası işini bitirir, təki deputatların enerjisi tükənməsin...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri