İyn
2022
12:36
124
5
1600
Virtual karabakh

21 yaşlı görmə əngəlli Məhəmməd: “Bir gün ifalarım “Qızıl fond”a düşərsə...” - MÜSAHİBƏ + FOTO

1 İyn, 2022
12:36
1600

21 yaşlı görmə əngəlli Məhəmməd: “Bir gün ifalarım “Qızıl fond”a düşərsə...” - MÜSAHİBƏ + FOTO

“Bir gün ifalarım “Qızıl fond”a düşərsə, bu məni çox xoşbəxt edər. Çünki mən bu sahədə Azərbaycanın musiqi tarixində gəlmiş-keçmiş ən layiqli, peşəkar incəsənət xadimlərindən olmaq üçün daim öz üzərimdə çalışıram”.

Oxu.Az-ın budəfəki müsahibi Azərbaycan Milli Konservatoriyasının üçüncü kurs tələbəsi 21 yaşlı Abışov Məhəmməddir. 

Görmə qabiliyyəti məhdud olan bu gənc böyük nailiyyətlər əldə edib. Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şuşa İli”nə həsr olunan tədbirdə iştirak edən Məhəmməd bu kimi tədbirlərə qatılmaqdan zövq aldığını deyir:

“21 yaşım var və bu günə qədər hər zaman mədəniyyət tədbirlərində fəal iştirak etmişəm. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli internat məktəbində oxumuşam. Gözdən Əlillər üçün 38 saylı musiqi məktəbində təhsil almışam. Musiqini dinləməyi ifa etmək qədər çox sevirəm. Bu, mənim həyatda ən çox zövq aldığım sahədir və bunu hobbi olaraq deyil, peşəkar sənətçilərimizdən biri olmaq üçün davam etdirirəm”.

M.Abışov bu yaxınlarda mərhum qarmon ifaçı Xanlar Cəfərovun xatirə gecəsində də iştirak edib. Tədbirdə Ənvər Sadıqov, Aftandil İsrafilov və Zakir Əliyev kimi tanınan qarmon ifaçıları ilə bir səhnəni bölüşüb.

Görmə qabiliyyətindən məhrum olmaq Məhəmmədin pozitivliyinə, həyat eşqinə heç bir təsir etməyib, lakin görmək şansı olsaydı, güzgü qarşısında özünü görmək istədiyini deyir:

“Mən görmə əngəlli olmağımı özümə problem bilmirəm. Bu gün texnologiyalar o qədər inkişaf edib ki, tam sağlam insanların həyat tərzinə adaptasiya ola bilirəm. Sadəcə, görə bilmirəm, amma hiss edirəm. Hərdən düşünürəm ki, görəsən, anama oxşayıram, yoxsa atama? Görmək şansım olsaydı, ilk güzgü qarşısında özümə baxardım... Daha sonra ailəmi, atamı, qardaşımı görmək istəyərdim. Həmişə geyimlərimi, tərzimi anam-atamla məsləhətləşirəm. Əminəm ki, onlar məni yaxşı başa düşürlər və mən çox zövqlü geyimlərlə insanların arasına qatılıram”.

Hər bir insanın təxəyyülündə, xəyalında canlandırdığı obrazlar olur. Məhəmməd isə valideynlərini, dostlarını belə təsəvvür edir:

“Hərdən anamın üzünü xəyal edirəm və yaranan mənzərə qarşısında üzüm gülür. Nədənsə anamı öz xəyalımda bəstəboy, bir az da toppuş təsəvvür edirəm (gülür). Mən anamı daim gülən, pozitiv biri kimi görürəm. Məncə, hətta qəmzələri də var, üzünə sığal çəkəndə hiss etmişəm onu. Düzdür, bu mənim təxminlərimdir, doğru olmaya da bilər. Amma ailəmin, dostlarımın xarici görünüşlərində yanılsam da, qəlblərini dəqiq bilirəm, burada səhv ola bilməz. Hisslərim məni heç vaxt aldatmır”.

Məhəmməd hər səhər saat 08:00-da oyanır və universitetə gedir. Daha sonra digər işlərini görür, dostları ilə əylənir, ailəsi ilə zaman keçirir. Ən çox da sevimli musiqi aləti olan qarmonla sevdiyi musiqiləri ifa edərək istirahət edir.

Gələcəyə dair planlarını bizimlə bölüşən Məhəmməd deyir ki, musiqi sahəsində layiqli yer tutmaq istəyir:

“Ailəm mənim üçün çox əziyyət çəkib, onlar üçün, özüm üçün bu sahədə ən layiqli şəxslərdən olmağa çalışacam. Hətta istərdim ki, bu ifalarım o qədər bəyənilsin ki, dahi musiqiçilərimizin əsərləri kimi qorunub-saxlanılsın. Bir gün ifalarım “Qızıl fond”a düşərsə, bu məni çox xoşbəxt edər”. 

Məhəmməd deyir ki, gələcəkdə ailə qurduğu xanımın onu başa düşməsini, onun yanında özünü xoşbəxt hiss etməsini istəyir:

“İstərdim, gələcəkdə bir qız, bir oğlan övladım olsun. Bəzən elə bilirlər ki, bizim kimi əngəllilərin övladları qüsurlu doğulur. Amma bu, qətiyyən elə deyil. Həyatda bir şeyi çox istəsək, o bizə doğru gələcək. İradəli, özlərinə qapanmayan mərd övladlarım olacağına inanıram. İstedadlarını var gücləri ilə nümayiş etdirmələri üçün mən də, ailəmin mənə dəstək olduğu kimi, onlara dəstək olacağam. Cəmiyyətdə nə qədər müxtəlif insan varsa, bir o qədər də fərqli fikirlər var. Onların hər birinə fikir vermək düzgün deyil. Mən özümlə, ailəmlə fəxr edirəm. Onlar da daim öz üzərlərində çalışsınlar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri