İyn
2022
12:48
48
357
15993
Virtual karabakh

Bakıda avropasayağı biznes quran adamı küsdürdülər: “Sonda 300 manat cərimələndim” + FOTO

9 İyn, 2022
12:48
15993

Bakıda avropasayağı biznes quran adamı küsdürdülər: “Sonda 300 manat cərimələndim” + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə ay qabaq sosial şəbəkələrdə paylaşılan bir foto ilə məşhurlaşan təsərrüfat sahibi, yəqin ki, yadınızdadır. Söhbət Xəzər rayonu, Albalılıq qəsəbəsindən gedir.

Ötən il Abşeron rayon sakini, 1960-cı il təvəllüdlü Əmirli Şamil Ağasadıq oğlu Albalılıq qəsəbəsində satıcısı olmayan bir ticarət yaradıb.

Oxu.Az-ın əməkdaşı ilə həmsöhbət olan Ş.Əmirli deyir ki, bu ideyanı sosial şəbəkələrdə xarici bloqerlərin videolarında görüb, elə ilk fikir də oradan yaranıb:

“Xarici ölkələrdə insanlar bir-birinə etimad etməyi seçirlər. Cəmiyyətdə güvən formalaşdıran bu ideyanı bir çox ölkələrdə - Hollandiya, İsveçrə, Baltikyanı ölkələrdə görmüşəm. Nəinki yumurta, bal, meyvə-tərəvəzləri də eyni qaydada üzərinə qiymətləri qoyulmuş formada piştaxtalara düzürlər. İnsanlar da qiymətə baxır, yeşiklərdən məhsulları götürür, pulunu isə qutuya atıb gedirlər. Mən bu ideyanı öz təsərrüfatımda sınamağa qərar verdim.

Yumurtaları üzərinə qiymət qoyub piştaxtaya düzdüm. Aylarla fəaliyyət göstərdi bu ticarət, bir qəpik belə olsun, əskik pul olmadı. İnsanlar yumurtaları götürüb, pulunu qutuya atıb gedirdilər. Bu onu göstərir ki, bizim millət gözütox xalqdır, inanmaq olar”.

Bu fotonu çəkib sosial şəbəkədə paylaşdıqdan sonra belə ticarətə daha çox diqqət yaranıb. Lakin Ş.Əmirli deyir ki, bu təşəbbüsünü qonşusu tərəfindən onun barəsində irəli sürülən haqsız iddialar səbəbindən dayandırmalı olub:

“Qonşum şikayət etdi ki, guya mən təsərrüfatımı səliqəsiz saxlayıram, natəmizlik yaranır, xoruzların səsi onlara narahatlıq yaradır. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsindən üç nəfər əməkdaş gəldi. Əraziyə baxış keçirildi və iddiaların əksinə olaraq hər şeyin norma çərçivəsində olduğuna dair akt tərtib etdilər. Daha sonra əməkdaşlardan biri həyətdəki zibil yandırılması üçün qoyulmuş çəlləklə bağlı sual verdi. İddia etdi ki, zibil yandırırsınız, tüstüsü çıxır və s. Amma həmin an nə elə bir durum, nə də bu istiqamətdə bir şikayət var idi. Bir az mübahisə etdik və getdilər.

Bu hadisə keçən ilin sentyabr ayında olub. Dörd gün qabaq Abşeron Rayon Məhkəməsinin qərarı ilə mənə 300 manat məbləğində cərimə yazılıb. Mənim bu cərimədən heç xəbərim də olmayıb. Hələ cəriməni ödəməmişəm, amma məcburam ki, ödəyim. Heç nə başa düşmədim”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Xəzər rayonu, Albalılıq qəsəbəsində tullantıların atılması və yandırılaraq ətrafa iy-qoxunun yayılması ilə bağlı nazirliyin “qaynar xətt”inə 2021-ci ilin sentyabrın əvvəlində daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-a açıqlamasında qeyd edib ki, aparılan araşdırma zamanı vətəndaş Şamil Əmirli tərəfindən ona məxsus həyətyanı sahədə formalaşan tullantıların yaxınlıqda yerləşən dəmir çəlləyə toplanaraq yandırıldığı və ətrafa kəskin qoxunun yayıldığı müəyyən edilib:

“Faktla bağlı qanun pozucusu Ş.Əmirli barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə əsasən protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub”.

V.Cavadovun sözlərinə görə, qanun pozucusu öz yazılı izahatında tullantıların bir də yandırılmayacağına söz verib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri