22 
İyn
2022
12:24
52
22
808
Virtual karabakh

Aygün Mehdiyeva: “Loqopedik konsultasiyalar hər yaş aralığında aparıla bilər”

22 İyn, 2022
12:24
808

Aygün Mehdiyeva: “Loqopedik konsultasiyalar hər yaş aralığında aparıla bilər”

“Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva nazirliyin saytında dərc edilmiş müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Aygün xanım, uşaqlarda nitqin inkişafına təsir edən amillər hansılardır?

- Təəssüf ki, müasir dövrdə biz tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlirik. Uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır.

Bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar.

Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir.

- Uşaqlarda kəkələmə problemi anadangəlmə olur, yoxsa sonradan yaranır?

- Kəkələmə ağır nitq qüsurlarından biri hesab olunur. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir.

Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur.

- Son illər hansı yaş aralığında uşaqlar daha çox müraciət edir?

- Psixi Sağlamlıq Mərkəzinə hər yaş aralığında nitq qüsuru olan uşaqlar müraciət edirlər. Amma loqopedik iş 3 yaşdan sonra aparılmalıdır. Əgər uşağın 2 yaşı varsa, burada psixo-pedaqoji və ya sensor terapiyanın olması məqsədəuyğundur. Loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Bəzən valideynlər uşaqlarının nitqi qüsurlu olduğundan narahatlıq keçirirlər, halbuki uşağın nitqində dinamika müşahidə olunur. 

- Çox vaxt ortodontoloqun müayinəsindən sonra məlum olur ki, uşaqda qısaldılmış hipoid frenulum var. Onu kəsməyə ehtiyac varmı?

- Bu çox aktual sualdır. Dilatlı pərdə ağız boşluğunda dilin yumşaq toxuma ilə fiksasiya olması üçün çox önəmli rol oynayır. Loqopediyada hər zaman dilaltı pərdənin mini əməliyyatına ehtiyac duyulmur. Müayinə zamanı loqoped uşağın dilinin hərəkətliyi üçün müxtəlif hərəkətlər etdirir. Əgər uşaq dilin ucu ilə üst diş alveollarına doğru qaldıra bilməzsə, mini əməliyyat məsləhət görülür. Səslərin tələffüzü zamanı dilin ucu üst diş alveollarına doğru qalxmalıdır. Dilatlı pərdə qısa olduğu zaman bu mümkün olmur və uşaq “R”, “L” və s. kimi səsləri düzgün tələffüz edə bilmir. Valideynlərə mütəxəssis məsləhəti almadan, bu cür problemləri sərbəst şəkildə aradan qaldırmağa cəhd etməyi məsləhət görmürük.

- Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər?

- Bu suala dəqiq cavab vermək mümkün deyil. İlk öncə uşağın nitq qüsurunu yaradan səbəblərdən, loqopedə (defektoloq) müraciət etdiyi vaxtdan və uşağın potensialından asılıdır.

Bəzi nitq qüsurları var ki, məsələn səs tələffüzü qüsurları “R”, “L”, “Ş, “Ç”, “D”, “T” və s. onları 10 dərsdən 60-90 dərsə kimi aradan qaldırmaq mümkündür.

Mürəkkəb nitq qüsurlarından biri olan dizartriya zamanı loqopedik məşğələlər fasilələr olmaqla uzunmüddətli ola bilir.

- Bəzi uşaqlar “R” səsini tələffüz edə bilmir və ya çətinlik çəkirlər…

- “R” səsi həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən səs tələffüzü qüsurudur. Adətən dil əzələlərinin passiv, az hərəkətli, dilaltı pərdənin qısalığının olması ilə, bəzən isə uşaqlar valideynlərini təqlid etməklə, baş beyin qabığının funksional dəyişməsi ilə şərtlənə bilir. Vaxtında, yəni 5-6 yaşdan sonra loqopedlərə müraciət olunarsa, bu qüsuru aradan qaldırmaq mümkündür.

Səslərin korreksiyası daha çox təqlid və mexaniki üsullarla aparılır. Mexaniki üsul zamanı səs qoyuluşu üçün zontlardan, şpateldən və barmaqdan istifadə edilir.

- Valideynlər bu kimi problemin aradan qalxması üçün hansı məqamlara xüsusi diqqət etməlidirlər?

- Valideynlər uşağın məktəbəqədər yaş dövrünə kimi şifahi nitqin inkişafı üçün onlarla düzgün emosional kontakt qurmalı, səlis, aydın diksiyaya sahib olmalı üçün uşağın yaşına uyğun sözlər, şeirlər, oyunlar, mahnılar öyrətməlidirlər.

Nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri