23 
İyn
2022
19:30
34
97
6059
Virtual karabakh

Diplomunda “müəllim” sözü olmayanlar: Pedaqoqlara rəqib, yoxsa mövcud durumun rəsmiləşdirilməsi? - ŞƏRH

23 İyn, 2022
19:30
6059

Diplomunda “müəllim” sözü olmayanlar: Pedaqoqlara rəqib, yoxsa mövcud durumun rəsmiləşdirilməsi? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qərarla diplomunda “müəllim” sözü olmayanların da gələcəkdə müəllim olmalarına imkan verilir.

Sənədə əsasən, müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Təhsil eksperti Nadir İsrafilov məsələni Oxu.Az-a şərh edib. 

O qeyd edib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli  Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib:

“Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Habelə, qanunun müvafiq maddəsinə uyğun olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin də siyahısı müəyyən edilib ki, buraya da ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, müəyyən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş, “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçilər aiddirlər ki, sonuncular 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri də müəyyənləşdirilib. Yəni müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər dedikdə, yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilənlər nəzərdə tutulur.

Başqa sözlə, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir”.

“Ən başlıcası isə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın müvafiq bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

Qaydalara əsasən, ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu gözlənilir. “Humanitar və sosial ixtisaslar qrupu”, “Mədəniyyət və incəsənət ixtisasları qrupu”, “Təbiət ixtisasları qrupu”, “Texniki və texnoloji ixtisaslar qrupu”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupları” üzrə, məsələn, “Mədəniyyət və incəsənət ixtisaslar qrupu”na salınmış “İnstrumental ifaçılıq” və ya “Solo oxuma” - musiqi  fənninə;  “Qrafika” və ya “Dizayn” -  təsviri incəsənət  fənninə;  “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” və ya “Kompüter mühəndisliyi” - informatika fənninə uyğun hesab olunur və s.

Bir də ki, onsuz da, diplomunda müəllim sözü olmayan, müvafiq ixtisas üzrə pedaqoji təhsil almayanlar respublikanın ümumi təhsil müəssisələrində, xüsusilə də ucqarlarda kifayət qədərdir. Bu qərar sadəcə mövcud vəziyyətin rəsmiləşdirilməsində bir növ yardımçı rolunu oynayır və hər ehtimala qarşı kadr çatışmazlığı şəraitində vəziyyətdən çıxış yolu axtarılmasına imkan verir”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri