28 
İyn
2022
15:54
24
75
3429
Virtual karabakh

Həkimdən günvurma ilə bağlı XƏBƏRDARLIQ: “Ürəkbulanma, qusma, görmə qabiliyyətinin pozulması...”

28 İyn, 2022
15:54
3429

Həkimdən günvurma ilə bağlı XƏBƏRDARLIQ: “Ürəkbulanma, qusma, görmə qabiliyyətinin pozulması...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günvurmanın əsas əlamətləri - üzün qızarması, şiddətli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qan axması və görmə qabiliyyətinin pozulmasıdır.
Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxarmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin sosial şəbəkələrdəki hesablarına yay fəslində istivurma və günvurma ilə bağlı gələn sualları cavablandırarkən deyib.

- Zakir müəllim, istivurma ilə günvurma arasındakı fərqi açıqlayardınız.

- İstivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir. Bu zaman orqanizmin ümumi isinməsi bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma birbaşa Günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirindən genişlənməsi ilə yaranır.

İstivurma günvurmaya nisbətən daha tez baş verir. İstivurma üçün Günəş əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, isti havada uzun müddət və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə qalmaq kifayət edir.

- Günvurmanın əlamətləri və ilkin tibbi yardıma nələr daxildir?

- Günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli başağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qan axması və görmə qabiliyyətinin pozulmasıdır.
Xəsarət alan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.

Başının üstünə soyuq kompres (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək məsləhətdir.

Tənəffüs pozulduğu halda pambığı naşatır spirti ilə isladıb, bir neçə dəfə ehtiyatla xəsarət alanın burnuna yaxınlaşdırmaq lazımdır.

Əgər xəsarət alan insan özündən gedib, nəfəsi dayanıbsa, nəbzini əl ilə yoxlayıb tapmaq olmursa və ətrafda həkim yoxdursa, bu halda davamlı süni nəfəsvermə və ürəyin qapalı masajını etmək tövsiyə olunur.

- Yay aylarında günvurmadan əziyyət çəkənlərin sayı ilə bağlı məlumat verərdiniz.

- Nəzərə alaq ki, yay mövsümi başlayandan hələ ki anomal isti hava şəraiti qeydə alınmayıb. Amma mövsüm başlayandan etibarən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bununla bağlı bir neçə müraciət daxil olub. Belə ki, 12 nəfər günvurmadan əziyyət çəkərək Təcili Yardıma müraciət edib. Onlardan 10 nəfərinə xəstəxanada, ikisinə isə yerindəcə yardım göstərilib.

- Bildiyiniz kimi, uşaqlar günün istənilən vaxtında gəzintiyə həvəslidirlər. Bunu nəzərə alaraq, yay aylarında istivurmadan qaçmaq mümkündürmü?

- Uşağı birbaşa Günəş şüalarına məruz qalmasından qorumaq məqsədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır. Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməklə qum vannasının qəbulunu növbələmək məsləhət görülür.

Körpənin rasionuna, xüsusilə də gündüz saatlarında və Günəş şüası qəbulunu planlaşdırıldığı zaman, meyvə-tərəvəz məhsulları daxil olmalı, yağlı qidalar və ət məhsulları məhdudlaşdırılmalıdır. Qazsız içkilər və şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.

Bu profilaktik tədbirlərə riayət edilərsə, istivurma təhlükəsi körpələrdən yan keçəcək.

- İsti günlərdə açıq havada işləyərkən nələrə diqqət yetirmək lazımdır?

- Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-a kimi və axşam 6-dan sonra tövsiyə olunur. Zərurət yarandığı halda bayıra çıxarkən Günəş kremindən istifadə nəticəsində dərini ləkələrin yaranmasından xilas edə bilərik. Baş nahiyəsini Günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir. Yüngül yumşaq materiallardan hazırlanan paltar geyinmək məsləhətdir. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu. Onu da nəzərə almaq lazımdır ki, çox isti havada həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri