30 
İyn
2022
15:09
153
65
7811
Virtual karabakh

İş yoldaşından həyat yoldaşına gedən sevgi yolu: “Ondan xoşum gəldiyini deyə bilmirdim, axırda...” + FOTO

30 İyn, 2022
15:09
7811

İş yoldaşından həyat yoldaşına gedən sevgi yolu: “Ondan xoşum gəldiyini deyə bilmirdim, axırda...” + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlk gördüyümdə bu qızın fərqli olduğunu düşündüm. Ən azı həyatıma bambaşqa rənglər qatacağını hiss etmişdim. Eyni iş yerində çalışmışıq. İş yoldaşlığından həyat yoldaşlığına qədər gəldik. Ondan xoşum gəldiyini normal hiss etdirə bilmirdim, digər əməkdaşlardan daha çox ona mövzu verirdim. Sən demə onu çox yorurdum deyə o da tam əksinə mənə hirslənirmiş. Allahım gətirdi ki, məndən zəhləsi getməmiş sevgimi etiraf etdim”.

Xəbər verdiyimiz kimi 30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin 30 iyun tarixində ailə quran İlham və Fərizə Allahverdiyevlərlə bağlıdır.

Bu gün sevgilərini bizimlə bölüşən cütlüyümüz illər əvvəl eyni iş yerində tanış olublar. Bəzən eyni sektorda çalışanların sevgi hekayələri çox davam etmir. Lakin bu cütlüyümüz bütün stereotipləri qırmağı bacardı.

Oxu.Az Elnarə və Rövşən Əsədovların sevgi hekayəsi ilə tanış olmaq üçün 23 noyabr 2018-ci ilə xəyali səfər edib:

- Rövşən, Elnarə ilə necə tanış oldunuz?

- Elnarə mənim çalışdığım redaksiyaya jurnalist kimi müraciət etmişdi. Bizdə vakansiya var idi. Bununla bağlı status paylaşmışdım. Yoldaşlar statusu paylaşıb, o da kimdəsə görüb yazmışdı. Çağırdıq redaksiyaya sınaq müddətinə. Sınaq müddətindən keçdi və işə başladı. Düzdür iş stajı, əməkdaşlığımız o qədər uzun olmadı. Amma Allah üçün zəhmətkeş idi. Çalışqan olması diqqətimi çəkdi, xarici görünüşü isə daha nə deyim, artıq həyat yoldaşımdır (gülür). İlk gördüyümdə gülüşü, məsum siması mənə təsir etdi, etiraf edirəm.

İlk gördüyümdə bu qızın fərqli olduğunu düşündüm. Ən azı həyatıma bambaşqa rənglər qatacağını hiss etmişdim. Eyni iş yerində çalışmışıq. İş yoldaşlığından həyat yoldaşlığına qədər gəldik. Ondan xoşum gəldiyini normal hiss etdirə bilmirdim, digər əməkdaşlardan daha çox ona mövzu verirdim. Sən demə onu çox yorurdum deyə o da tam əksinə mənə hirslənirmiş. Allahım gətirdi ki, məndən zəhləsi getməmiş sevgimi etiraf etdim. Özüm yox, ortaq dostumuza fikrimin ciddi olduğunu deyib, ona söz göndərdim. Hər qız kimi ilk olaraq naz etdi, amma sonra danışmağa başladıq.

- Dediniz ki, iş yerində uzun müddət çalışmadı, niyə? Siz çox tapşırıq verib yordunuz deyə?

- Yox, o qədər incitməmişdim (gülür). Cəmi 20 gün bizimlə çalışdı. Elnarə çox ağıllı xanımdı. Dövlət Qulluğuna imtahan vermişdi, qəbul olundu. Ehtiyat kadrlar siyahısına düşmüşdü və dövlət qurumlarından birindən iş təklifi gəldi. O da təklifi dəyərləndirdi və özü üçün ən uyğun variantı seçdi. Onun getməsinə üzüldüm, amma heç bunu da büruzə verə bilmədim. Həmin quruma getməməsi üçün, eyni iş yerində işləməyimiz üçün çox çalışdım, amma alınmadı. Allaha dua edirdim ki, əlaqələrimiz kəsilməsin.

“Redaktor olanda nə olar, iş günü bir kənara, evdə olanda da iş tapşırırdı”.

- Elnarə, əvvəl redaktor kimi, sonra sevgili kimi Rövşəni bir də səndən eşidək. Sevgisini ilk dəfə necə ifadə edib?

- Rövşənlə biz iş yoldaşı olmuşuq, eyni saytda fəaliyyət göstərmişik. Cəmi 19 gün bir yerdə işləmək şansımız olub, ondan əvvəl bir birimizi tanımamışıq. Saytda işləyən vaxtı çox yaxşı insan olduğunu düşünürdüm, amma mənə hansısa söhbət əsnasında onun sevgilisi olduğu deyilmişdi. Ona görə qəti şəkildə məni bəyəndiyini bilmirdim. Saytdan ayrılanda mənə yazmağa davam etdi, əvvəl elə bilirdim ki, yenə də redaktorluğuna davam edir, mənə yazı yazdırmağa çalışır. Sonra məsələni anladım, amma mənə bu barədə özü demədi, ortaq bir tanışımız vasitəsilə mənə sözünü çatdırdı. Doğrudan da, “çəkişməsən bərkişməzsən”, sözlərində böyük həqiqət varmış. Hamı kimi, dalaşsaq da, barışsaq da bu gün o mərhələni geridə qoyub, həyat yolunda yoldaşlıq edirik.

- Bəs necə oldu bu qədər əsəbiləşdirən birinə “hə” dedin?

- İnsan kimi çox yaxşı biridir. Onun müsbət keyfiyyətləri çoxdur. İş yerində uzun müddət tanımaq şansım olmadı, amma sonra əlaqə qaldı. Redaktorum olub deyə, utanırdım. Amma haqqında mənfi düşüncəm yox idi. Tanıdıqca lap da sevilməli tərəflərini kəşf etdim (gülür). Bir az çox deyinməyi var, onu da söz verib ki, düzəldəcək.

- Rövşən, Elnarənin hansı xüsusiyyətinə görə hər şeyi “bir telinə qurban” demisən?

- Elnarənin xoşuma gəlməyən xasiyyəti demək olar ki, yoxdur. Tək-tük xırda məqamlar, onu müzakirə etməyə də dəyməz. İnsanıq, müxtəliflik olacaq əlbəttə. Xoşuma gələn xasiyyəti odur ki, yaddaşı çox güclüdür. Maşallah, hər şeyi yadında saxlayır. Nə isə yadımdan çıxanda soruşmaq kifayət edir. Hər hadisəni ayın tarixinə, hətta saatına kimi doğru yadda saxlayır. Çox vaxt bu işimə yarasa da, bəzən bu cəhəti məni çıxılmaz vəziyyətdə qoya bilir (gülür).

Şərti olaraq isə pis xasiyyəti odur ki, hər şeyə çox həssas yanaşır. Hər şeyi beynində çox fırlayır, özünü yorur. Hər dəfə deyirəm yaddaşına yazığın gəlsin. Baş verən hadisələri demək olar ki, unutmur, mənə də tez-tez xatırladır. Problemli tərəfi odur ki, yaxşı şeylərlə yanaşı pis şeyləri də xatırlayır, bax orada işim çətin olur (gülür).

Bu il fevralın 18-dən artıq bu sevgi yolunda onlarla birlikdə məhəbbətlərinin 5 aylıq şirin meyvəsi Əziz də addımlayır.

Rövşən deyir ki, təvazökarlıqdan uzaq olsun həyat yoldaşı ona və övladlarına qarşı çox diqqətlidir. Hər şeyi özünün yox, oğlu ilə həyat yoldaşının zövqünə uyğunlaşdırmağa çalışır. Elnarənin öz istəklərini oğlum Əziz və məndən sonra düşünməsi, özünü ikinci plana atmasına da biz imkan vermirik. Rövşən deyir ki, hər zaman Elnarənin bu incə jestinə layiq olmağa çalışır.

- Necə evlilik təklif etdiniz?

- Onu həmin gün aldatdım. Bilmirdi nə üçün görüşürük. Bir çox fikirlər düşündüm, kinoteatrda, ticarət mərkəzində, dəniz kənarında və s. Elnarə dənizi sevir, dəvət etdim ki, gedək gəmi ilə gəzək. Bu adla aldadıb apardım teleqülləyə. Düşündüm ən gözəl an elə birlikdə keçirəcəyimiz an olacaq. Elnarə yol boyu məndən söz soruşmağa fürsət tapmasın deyə hər şeyi planlaşdırdım. Artıq restorana keçəndə süfrənin bəzənməsi, şamlar, dekorasiyadan başa düşdü ki, məsələ nədir.

Sadəcə anı yaşamağa başladıq. Hər şey çox gözəl idi. O sevindiyi üçün mən də bir az ürəklənirdim. Musiqi sədaları altında yemək yedik. Ətrafda turistlər artıq mənim evlilik təklifi edəcəyimi başa düşmüşdü. Hamı telefonu alıb əlinə bizi gözləyirdi sanki (gülür). Vaxt gəlib çatdı üzüyü təqdim etməyimə, o an həyəcandan üzüyü hara qoyduğumu unutdum. İnandırım sizi məni bir tər-su apardı, hələ elə həyəcanlanmamışdım. Nəhayət yadıma düşdü ki, çantama qoymuşam. Elə üzüyü təqdim edib “mənimlə evlənərsən?” sualını verdim. O da “hə” dedi ürəyim yerinə gəldi. Şükür Allaha 4 ildir xoşbəxt günlər yaşayırıq. 2018-ci il noyabrın 23-də tanış olduq, 2019-cu il eyni gündə toyumuz oldu.  

- Elnarə, evlilik təklifi necə oldu, gözlədiyiniz kimi idi?

- Ondan evlilik təklifi gözləyirdim, sözarası evlilik təklifinin olmasını istədiyimi də bildirmişdim. Amma nişan tarixi bəlli olsa da, evlilik təklifi hələ də gəlməmişdi. Hərdən mənə aksiyonlu evlilik təklifi videoları göndərirdi, zarafat edirdi ki, sənə belə evlilik təklifi edəcəm. Mən də deyirdim eləsi lazım deyil, çünki elə oradaca mən infarkt olaram. İyun ayının 4-ü idi və 9-u nişanımız olacaqdı. Mən artıq düşünmüşdüm ki, evlilik təklifi olmayacaq. Mənə yazdı ki, səhər görüşək, gəmi ilə gəzərik, razılaşdım. Ayın 5-i görüşdük, gedəcəyimiz yeri bilməyim deyə kənara keçib taksi sifariş verdi. Onun bu hərəkəti həmin vaxt diqqətimi cəlb etmədi, mən gəmi səyahətinə hazırlaşırdım. Sonra gördüm taksi restoranın qarşısında saxladı, yalan danışmasından nəsə olacağını hiss etdim, içəridə qızılgül ləçəkləri ilə bəzədilmiş stolu görəndə artıq anladım. Təklifin necə olacağını bilmirdim, yemək yeyirdik, hiss edirdim ki, beynində nəyisə düz-qoş edir. Sonra skripkaçı həzin musiqi ilə bizə yaxınlaşdı, Rövşən ayağa durdu, üzüyü çıxardı, xoş sözlərlə evlilik təklif etdi. Çox həyəcanlı idim və hadisələrin hansı ardıcıllıqla cərəyan edəcəyini bilmirdim, ona görə də dediyi sözləri unutmuşam, bircə evlilik təklifi yadımda qalıb, amma mənim üçün ən unudulmaz anlardan biri idi.

- Elnarə, bəs Rövşəni sənin üçün əvəzsiz edən müsbət xüsusiyyətləri, eləcə də bir anlıq zəhlənizi tökən cəhətləri hansılardır?

- Rövşənin xoşuma gəlməyən cəhətləri deyingənliyi və səbirsizliyidir. Bu deyingənlik də əsasən mən və oğlumuzla bağlı olur. Hətta bir məsələ ilə bağlı iki saat dayanmadan deyinə bilər. Xoşuma gələn cəhətləri isə dürüstlüyü və səmimiyyətidir. Hansısa bir məsələ ilə bağlı günah məndə belə olsa küsülü qala bilmir, hadisənin üzərindən 2 saat keçməmiş gəlib könlümü almağa çalışır.

- Başınıza gələn maraqlı hadisə hansıdır? Hansı ki, həmin hadisə düşündürdü ki, bu insan mənim həyatımda olmalıdır...

- Rövşəni saytda işləyəndən bəri yaxşı insan kimi tanımışam. Münasibətə başlayandan sonra onu tanıdıqca yanılmadığımı anladım. Əslində güclü görünməyə çalışsa da, içərisindəki duyğusal, kövrək insanı kəşf etdim. Bu insandan heç kəsə zərər gəlməz deyə düşündüm. Getdikcə yaxşı insanların azaldığı dünyada Allah mənim qarşıma belə bir insan çıxarmışdı. Ona görə də, fikirləşdim ki, bu insanla mənim ailə həyatı qurmağım alınar. Elə də oldu, insanlığı, səmimiyyəti, dürüstlüyü və sevgisi ilə mənə özünü sevdirdi. Allaha onun kimi insanı qarşıma çıxardığına görə daim şükür edirəm.

- Rövşən bəs səncə, dörd illik həyat yoldaşının kəşf edilməyən yanının olduğunu düşünürsənmi?

- Elnarənin hər zaman öz maraqlı dünyası olub. O iş kollektivində də mənim diqqətimi çəkmişdi. Onun elə bir dünyası var ki, mən hər zaman o dünyaya daxil olmağa cəhd edirdim. Düzdür, biz artıq həyat yoldaşıyıq. Amma mənim üçün onun maraqlı cəhətləri, bir növ əlçatmazlığı, ilahiliyi qalmaqdadır. Hərdən düşünürəm ki, nəyi, necə edim ki, onun diqqət mərkəzində olum. Bir cür ifadə edilməz bir sirliliyi, sükutu var. Məncə mən onun bu xüsusiyyətini çox sevirəm. Həqiqətən şanslıyam ki belə bir həyat yoldaşım var. Daha da şanslıyam ki, oğlumu belə qadın tərbiyə edir.

Düşünürəm ki, gələcəkdə Əzizin də sevdiyi xanım çox şanslı biri olacaq. Çünki onu Elnarə kimi sevgi ruhlu bir qadın, mərhəmətli və dürüst olması üçün böyüdür. Məncə cəmiyyətdə xanımlara diqqətcil yanaşan bəylərin sayı artmalıdır, o zaman xoşbəxt və uzunömürlü ailələrin də sayı artacaq. Hər zaman sevib-sevilməyiniz diləyi ilə...

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri