İyl
2022
18:06
46
130
1769
Virtual karabakh

İranın viran olmaqlığı və ya “Allah kərimdir” iqtisadiyyatı

1 İyl, 2022
18:06
1769

İranın viran olmaqlığı və ya “Allah kərimdir” iqtisadiyyatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Viktor Hüqo deyir ki, ağıllı adamın dini olmaz, dini olanın ağlı. Bu fikirlə razılaşmaq mümkün deyil. Ancaq qeyd etmək lazımdır ki, bu fikir maarifçi ideyaların yüksəlişi dövründə yaranmışdır. Həmin ideya isə zəkanın rolunu ucaldır, dinin rolunu heçə endirirdi. Fransada burjua inqilabından sonra kilsələr yandırılırdı. Hətta zəka dini adlı bir şey də yaratmışdılar. 

Alman filosofu Habermas isə qeyd edirdi ki, maarifçiliyin ən böyük səhvi dinə qarşı münasibəti oldu. Müasir dünyada hər nə qədər “Tarixin sonu”nu müjdələyib liberalizmin qələbəsindən danışan amerikan ideoloqlar ortaya çıxsa da, 11 sentyabrda Dünya Ticarət Mərkəzinə çırpılan iki təyyarə bütün bu arqumentləri xarabalıqlar altına atdı. Din çox güclü bir sosial təsisatdır, onun gücü xüsusən də Yaxın Şərqdə dərindən hiss edilir və bu təsir hətta Nyu-Yorka da sirayət edə bilir. Ona görə də nəinki hər bir dövlətin, eləcə də hər bir vətəndaşın dinə baxışı sağlam, zəkanın tələblərinə uyğun və müasir olmalıdır. 

İndi keçək “Kərimə” dövlətə. “Kərimə” dövlət ideyasını irəli sürənlər əslində bizim üçün Skandinaviya Avropası təsvirini verirlər: Sosial ədalət, korrupsiyasız hökumət, şəffaflıq. Ancaq... Bu “ancaqlar” həmişə işi korlayır.

Əvvəlcə, müqəddəs kitabdan başlayaq. Quranda islam dövləti haqqında nə yazılıb? “Kərimə” dövlət haqqında nə deyilir? Xilafət haqqında Quranın mövqeyi nədən ibarətdir? Müsəlmanın ümdə vəzifəsi kimi islam dövləti qurmaq göstərilirmi? Bu sualların hamısının bircə cavabı var: Yox. Bəli, Quran nə bir dövlət quruluşu təklif edir, nə müsəlmanları “Kərimə” dövlət qurmağa çağırır, nə də xilafətdən danışır. Bunlar sonradan uydurulmuş və din adına cəmiyyətə yeridilməyə çalışılan batin təsəvvürlərdir. İslam dünyası əsrlərdir Quranı ərəbcə qulaq asıb, mollaların nağıllarına inandığı üçün bütün bunlardan xəbərsizdir. 

Mövzu ilə dərindən maraqlananlar İhsan Eliaçıkın  “Kur’an’da Yönetim İlkeleri” məqaləsinə, ya da Elşad Mirinin “İslam dövlət qurmaq üçün gəlməyib. Dövlətin dini olmaz!” videoçıxışına baxa bilərlər. 

Bir çox tarixçi və filosof Avropanın yüksəlişində ən mühüm faktorlardan biri kimi reformasiya hərəkatını qeyd edir. Onun lideri Martin Lüterin etdiyi ən böyük iş nə idi? İncili alman dilinə tərcümə etmək. Məhz bundan sonra insanlar öz dillərində olan İncili oxuyub başa düşdülər və keşişlərin yalan danışdığını öyrəndilər. 

İran isə “Vilayəti-fəqih” adlı bir sistemlə idarə olunur. Bu sistemin əsasında isə on ikinci imamın naibi olan fəqihin, yəni ilahiyyatçının rəhbər olması ideyası dayanır. İslam dinində ümumiyyətlə ruhani adlı sinif mövcud deyil. Bütün bunlar İran siyasi sisteminin ilahi yox, bəşəri mahiyyət daşıdığını üzə çıxarır.

Bəs bizə “Kərimə” dövlət adıyla Skandinaviya gerçəkliyi vəd edən İranın öz vəziyyəti necədir? Rəqəmlərə baxaq...

İrandan son on ilin ortalama minimal əməkhaqqı 156 dollardır. 265 manat. Bizdə bu göstərici 300 manatdır. Əhalinin gəlirlərinin 60 faizindən çoxu qida və ev kirayəsinə xərclənir.

İranın rəsmi rəqəmlərinə görə yoxsulluq 35 faizdir. Bu, keçən ilin göstəricisidir. Hazırda bu rəqəmin 40 faizi keçdiyi güman edilir. Səbəb isə çox sadədir. 2021-ci ildə inflyasiya 41 faiz idi. 2020-də isə 35,9.  (Yəni 2019-ci ildə 100 rial olan bir şey 2020-də 135,9, 2021-də isə 196 rialdır). Bu ilin nəticələri isə çox daha acınacaqlıdır.  

May ayının əvvəlində əsas qida maddələri düz 3 dəfə, yəni 300 faiz artırıldı. Bu ölkə əhalisinin yarıya qədərini təşkil edən yoxsullar üçün ölüm fərmanı kimi bir şey idi. İranın hər tərəfində keçirilən aksiyalarda minlərlə şəxs həbs edildi, bir neçə nümayişçi öldürüldü. Hökumət hər vətəndaşa 14 dollar həcmində yardım vəd etməklə və əsasən də zor gücünə aksiyaları yatızdırdı. 

Molla Nəsrəddin demişkən, Hələb oradadırsa, arşın buradadır. Bu, Quranın dediyi, bu da rəqəmlərin... 

Hər şey o qədər sadə və o qədər aydındır ki... 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri