Fev
2015
12:45
85
128
10005
Virtual karabakh

Zəhra Bədəlbəyli: Müharibə başlasa, birinci mən özüm gedəcəm – MÜSAHİBƏ

7 Fev, 2015
12:45
10005

Zəhra Bədəlbəyli: Müharibə başlasa, birinci mən özüm gedəcəm – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanlılar çox unutqan millətdir”.

Oxu.Az-ın bloger, şairə, prodüser, “Eurovision”un Azərbaycanda musiqili koordinatoru, “OK! Azerbaijan magazine” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü, Avropa Oyunları 2015-in mədəni tədbirləri üzrə müşaviri Zəhra Bədəlbəyli ilə müsahibəsi.

- Zəhra xanım, siz “OK! Azerbaijan magazine” jurnalının baş redaktorusunuz. Hansı mövzular oxucularda daha çox maraq oyadır? Kontent seçimi zamanı oxucu auditoriyasının zövqünə əsaslanırsınızmı?

- Jurnalın rəsmi Facebook səhifəsinə fikir və istəklərini yazan, redaksiyaya zəng edən, eləcə də rəy və məsləhətlərini yazaraq məktub göndərən oxucularımızın zövq və istəklərini hər zaman nəzərə almışıq. “OK! Azerbaijan magazine” jurnalı ilk növbədə məşhurların, dünyada tanınmış insanların həyat və yaradıcılığını işıqlandırıb. Buna tələbat yüksəkdir və oxucuların marağına səbəb olur.

Baş redaktor olduqdan sonra mən diqqəti şou-biznesə deyil, mədəniyyətə yönəltdim, baxmayaraq ki, bu industriyada son trendlərin, layihələrin və hadisələrin işıqlandırıldığı “fashion” da mövcud idi. Müsahibələrlə oxucular məşhur musiqiçilərin, aktyorların, bəstəkarların, rəssamların və digər mədəniyyət xadimlərinin həyatından xəbər tuturlar. “OK! Azerbaijan magazine” lisenziyalı jurnal olaraq kontenti birinci əldən (London) alır, ona görə də bütün önəmli hadisələrdən demək olar ki, birinci biz xəbər tuturuq.

Amma çox təəssüf ki, “OK! Azerbaijan magazine”-in buraxılışı müvəqqəti olaraq dayandırılıb. Hələ ki, onun gələcəyi barədə heç bir şey deyə bilmərəm. Çox heyif, amma Azərbaycanda oxucu səviyyəsi qənaətbəxş deyil. Çap ədəbiyyatına tələbat azdır, bu isə kədərləndirici faktdır. Hal-hazırda mən imkan daxilində Azərbaycan oxucusunun marağının yüksəldilməsinə çalışıram. Bu istiqamətdə çox iş görmək lazımdır. Yalnız bundan sonra jurnalın gələcəyi aydın olacaq.

- Azərbaycanda “Eurovision” - musiqili layihənin koordinatoru kimi siz yəqin razılaşarsınız ki, bəzi Avropa ölkələri az qala aşkar şəkildə eynicinsli münasibətləri təbliğ edirlər və qeyri-ənənəvi oriyentasiya nümayəndələrinə səs verirlər. Bu barədə nə düşünürsünüz?

- Düşünürəm ki, insan mahiyyəti tarix boyu heç bir zaman dəyişməyib. İnsanlar davranışlarının bəzi elementləri və o qədər də mühüm olmayan aspektlər istisna olmaqla, heç dəyişməyiblər. Amma ümumilikdə insanlar 2 min il bundan öncə necə idilərsə elə də qalıblar. Biz SSRİ-də doğulanlar və bizim valideynlərimiz bu mövzulardan uzaq idik. Amma əgər tarixə nəzər salsaq qadınlardan ibarət hərəmxanalarla yanaşı, eləcə də oğlanlardan ibarət hərəmxanalar da mövcud olub. Bir sözlə, bu mövzu dünya qədər köhnədir. Eynicinsli məhəbbət olub, var, olacaq da, biz bunu istəsək də, istəməsək də.  

Amma uşaq üçün saqqallı qadını sirkdə deyil, Avropa mahnı müsabiqəsinin səhnəsində görmək qəribədir. Axı hər bir valideyn bunu öz övladına məntiqi şəkildə anlatmağa hazır deyil. Bunu dəbə salmaq isə doğru deyil. Təbiətcə heteroseksual olan insan bunu görüb oriyentasiyasını dəyişə bilər. Eynicinsli məhəbbətin insanların təfəkkürünə bu qədər təsir edəcək dərəcədə belə reklamını anlamıram. Mən homoseksuallar ilə ünsiyyətdə oluram və deyirəm ki, onları cəmiyyətdən təcrid etmək olmaz. Bu da doğru deyil. Onların çoxu yaxşı adamlardır və öz işlərinin peşəkarıdırlar. Yenə də şəxsi həyat məsələsi... Şəxsi həyat, şəxsi olmalıdır.

- Bu qəbildən olan tendensiya xalqımızın adət və ənənələrinə əksdir. Bəlkə də bu müsabiqədə iştirakdan imtina haqqında düşünmək və ya seçimi sərtləşdirməyi tələb etmək lazımdır?

- Əgər, hətta əks olan bir şey görürüksə, geri çəkilib getmək olmaz. Bəlkə də eynicinsli məhəbbət haqqında bizim cəmiyyətdə danışmaq çətindir. Bu mövzu bir çox həmvətənlərimizin təfəkküründə yer almır, bəziləri üçün isə tabudur (gülür). Amma bu tendensiya Azərbaycanın “Eurovision”-da iştirakına maneə olmamalıdır. Hesab edirəm ki, bu mahnı müsabiqəsində iştirak yalnız ölkəmizin xeyrinədir, maraqlı mahnılar təqdim edirik, mədəniyyətimizi nümayiş etdiririk və hər bir iştirakdan xeyir əldə edirik. “Eurovision” sayəsində Azərbaycanı dünyada daha çox tanıdılar.

- Belə bir vəziyyət təsəvvür edək: siz şəhərdə küçə ilə gedirsiz və gözünüzün önündə bir nəfər yerə zibil atır. Sizin reaksiyanız və sonrakı davranışınız?

- Mən buna dəfələrlə kəskin reaksiya vermişəm, küçədə yerə zibil atanlarla dalaşmışam da. Bir dəfə hətta yerə konfet kağızını atan oğlana onu götürüb zibil qutusuna atmağa məcbur etmişəm. Şəhəri zibilləməyi özünə icazə verən insanlar məni qıcıqlandırır, çünki mənə uşaqlıqdan zibilin yerə atılmasının qadağan olduğunu öyrədiblər! Uşaqlıqda rayona gedəndə zibil qutusu tapmadığım üçün saqqızı yerə atmışdım. Mən ağzımda saqqız insanlarla danışmağı sevmirəm. Bu zaman yanımızdan keçən yaşlı kişi mənə elə qınayıcı nəzərlərlə baxdı ki, yer yarılsaydı yerə girərdim. Mən həyatımda ilk dəfə idi ki, yerə zibil atdım və bu diqqətdən kənar qalmadı, buna görə çox pis olmuşdum (gülür).

Qeyd etmək lazımdır ki, paytaxtımız əvvəlkindən daha təmiz olub, yerə zibil atmaq şəhərin təmizliyini qoruyan insanların əməyinə hörmətsizlikdir. Bakı küləklər şəhəridir, toz adi haldır, ona görə də hər kəs öz şəhərini sevməlidir və onu heç bir səbəblə zibilləməməlidir!

- Cəmiyyətimizin bir çox üzvləri bu və ya digər addımı atdıqda şəxsi fikirlərindən çox ictimai fikrə üstünlük verirlər. Beləliklə də “İnsanlar nə düşünər?” sualı bir çox azərbaycanlıların həyat tərzini müəyyənləşdirir və fəaliyyətində çox ciddi şəkildə əks olunur. Bu barədə nə düşünürsünüz?

- Hesab edirəm ki, bu tendensiya yalnız bizdə deyil, bütün dünyada müşahidə edilir. Qərbin azadlığı kənardan hər şeyə icazə verirmiş kimi görünə bilər. Amma, buna dərindən baxsaq və onların arasında yaşasaq görərik ki, bu belə deyil. Xaricilərlə işləyərək və münasibətdə olduqca görürəm ki, onların bəziləri bizdən daha çox konservativdirlər.

Başqa birinin fikrinə diqqət vermək ona kor-koranə riayət etmək və ya hər bir addımı ona uyğun atmaq demək deyil. Bizim cəmiyyətdə nə baş verir? Bizim insanlar, hətta onlara aid olmayan məsələlərə dair belə öz fikirlərini bildirməyi borc bilirlər. Amma vəziyyətə dərindən baxsaq, sizin sualınızda qlobal mənada, bu insanlar dedikləri sözlərin nəticələri barədə heç düşünmürlər. Fərdin fikri əksəriyyətin fikrinə təsir edə bilər və belə hallar nadir deyil, əgər bu ictimaiyyət nümayəndəsi böyük nüfuza malikdirsə.

- Amma bizim cəmiyyətdə çoxluğun fikrindən asılılıq mövcuddur. Məsələn: “Bunu eləsəm görəsən qonşular nə deyər, nə fikirləşər?”sualı.

- Mən belə mülahizələrdən uzağam. Mən məsələyə daha dərin və fəlsəfi yanaşıram. Axı məhz “Qonşu nə deyəcək?” ifadəsini təkrar edənlər, anormal hərəkətlər edirlər. Mən heç bir zaman ictimai fikirdən asılı olmamışam. Mən uşaqlıqdan səhnədə çıxış etmişəm və “Səyyah” ansamblında oxumuşam. O zamanlar bizim cəmiyyət daha konservativ idi, nəinki indi, və o zamanlar qohumlarımızın bir çoxları valideynlərimə, “Qız uşağını niyə mahnı oxumağa göndərmisiz, səhnə qadın işi deyil” deyirdilər (gülür). Buna baxmayaraq mən orada yeddi il çıxış etmişəm, əgər istəsəydim vokalçı karyerasına davam edərdim də, yolumda maneə ilə qarşılaşmayacaqdım.  

Bu məsələdə valideynlər mühüm rol oynayır, onlar övladlarını düzgün tərbiyə etməlidirlər: ona mənəviyyatlı olmağı, etika öyrətməli və doğru prinsipləri aşılamalıdırlar ki, gələcəkdə onun davranışı üçün narahat olmasınlar, əgər qonşu yad ailənin işlərinə qarışmağa qalxarsa, övladını müdafiə edə bilsinlər. Çox təəssüf ki, bu təcrübə cəmiyyətimizdə yaxşı inkişaf edib. Bizim insanların marağı bəzən həddini aşır. Burada artıq yəqin ki, insan mahiyyəti ortaya çıxır, axı elə xaricilər də bir-birinin həyatı ilə maraqlanmağı sevirlər, çoxsaylı suallar verirlər (gülür). Məşhurların şəxsi həyatı isə bütün dünyada marağa səbəb olur. Amma şəxsi olana hörmət etmək lazımdır!

- Necə düşünürsüz, müstəqillik əldə etdikdən sonra cəmiyyətimiz irəliləyib, ya əksinə geriləyib?

- Harada isə irəliləyib, harada isə geriləyib. Dəblə ayaqlaşmada, trendlərə riayət etmədə, elmi texnologiyalar sahəsində irəliləmişik. Amma mədəni həyat planında geriləmişik. Bu kədərləndirir. İnsanlar teatra az gedirlər, az kitab oxuyurlar, simfonik musiqi konsertlərinə az gedirlər və s. Bizim təhsilimiz çox çətin dövrünü yaşayır. Yalnız zamanla onun irəli və ya geri getməsi bəlli olacaq. Ümid edirəm ki, təhsilimiz lazımi səviyyəyə çatacaq.  

İstərdim ki, mədəniyyət xadimlərimiz bir qədər fəal olsunlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni dövlət qurmağa başladıq, sənayenin, ticarətin və ümumilikdə iqtisadiyyatın inkişafına yönəldik. Bu zaman mədəniyyət xadimləri özlərini lazımsız və sıxışdırılmış hiss etdilər, amma bu gün də onların bir çox incimiş, passiv və komplekslidirlər.

- Siz həmçinin Avropa oyunlarının mədəni tədbirlərinin təşkili ilə məşğulsunuz...

- Bəli. Mən tarixdə ilk dəfə keçirilən Avropa Olimpiya oyunlarının tədbirlər bölməsinin mədəniyyət üzrə müşaviriyəm. Burada mən öz tərəfimdən müxtəlif mədəniyyət xadimlərini, caz, pop, klassik musiqi ifaçılarını cəlb etməyə çalışıram. Biz rəssamları, ədəbiyyatçıları, musiqiçiləri, teatr və kino xadimlərini dövlətimiz üçün maraqlı və mühüm hadisəyə cəlb etmək üçün təşkil etdiyimiz iclaslara dəvət edirik. Kreativ və yaradıcı gənclərlə də görüşlər də olub, bu görüşlər zamanı onlar öz fikirlərini bölüşür, təkliflər edir və öz proqressiv ideyalarını bölüşürlər.

- Bəs ulduz səfirlər nə üçün seçilib?

- Ulduz səfirlər Avropa oyunları 2015-in təbliğ edilməsi və insanların müxtəlif idman növlərinə diqqətlərini cəlb etmək üçün seçilib ki, cəmiyyətimizdə idmana maraq artsın, ölkəmizdə insanlar ətrafda nə baş verdiyindən, bu yay onları hansı böyük hadisənin gözlədiyindən xəbərdar olsunlar. Təşkilatın özündə piar şöbəsi, reklamla məşğul olan “Communication and digital media” mövcuddur, amma onlara ayrı-ayrı idman növlərini təbliğ edən məşhur şəxslər yardım edəcək.

- Yerli şou-biznesin vəziyyətindən razısınızmı?

- Bizim şou-biznesdə çoxlu problem var. Bu, kədərləndirici vəziyyətdir. Təəssüf ki, Azərbaycanda bəzi sahələrdə peşəkar yoxdur. Bəzən bizim insanlar anlayışları olmadığı sahələrdə çalışırlar. Əlbəttə, təcrübə yaxşıdır. Amma peşəkarlıq tamam başqa şeydir. İstənilən peşənin dərinlikləri var, elə nüanslar var ki, onları nəzəriyyədə öyrənib, təcrübədə tətbiq etmək, beləliklə də peşəkar olmaq lazımdır. Analoji proses bizim şou-biznesdə müşahidə edilir. Problem ondadır ki, yalnız toylarda çıxış etməklə bəzi müğənnilər səhnə hissini itirirlər.

Onların ifa etdikləri isə ayrı söhbətin mövzusudur. Məsələn, caz ifaçısı həm ənənəvi musiqini, həm caz, həm pop, həm də rok ifa edə bilməz. Bu, əlbəttə, ifaçının istedadlı olmasına dəlalət edir, amma kökündən səhvdir. Ona görə də mən ifaçımızı xaricilərə təqdim etmək üçün anket doldurarkən ona hansı janrı yazım bilmirəm (gülür). Hamıya ənənəvi musiqi, pop, sonra isə ya caz və ya başqa bir şey yazıram.

Məsələn, bizim xalqımız bu və ya digər müğənnini necə qəbul edir: unikal səs tembri olan Röyanı onun inqilabi davranışına, qalmaqallarına baxmayaraq hamı qəbul etdi, çünki o, xalq mahnılarını çox gözəl ifa edir. Bununla o özünü həmvətənlərimizə sevdirdi. Bundan başqa, o çox zəhmətkeşdir.

Millətimiz çox istedadlıdır. Amma müğənniyə nəyi ifa edib və ya edə bilməyəcəyini söyləyə bilən, səhnə geyimlərini seçə bilən, davranış qaydalarını, harada çıxış etməli olduğunu, piarla necə məşğul olmağın lazımlığını söyləyə biləcək peşəkar lazımdır. Bizdə burada tam xaosdur. Səbəb isə peşəkar prodüserlərin, menecerlərin, səs mühəndislərinin olmamasıdır.

- Biz 20 ildən artıqdır ki, davam edən erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilmərik. Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Müharibə və ya...?

- Hal-hazırda hərbi sülh dövründə yaşayırıq. Mən bu suala birmənalı cavab verə bilmərəm. Humanistliyim insanları öldürmək olmaz deyir, amma digər tərəfdən də insanların heç bir haqqı olmadan onlara aid olmayan bir şeyə sahib çıxaraq, Qarabağın guya ki, onların tarixi torpağı olduğunu iddia etməsinin qəti əksinəyəm.

Nəzərə alsaq ki, əcdadlarım Şuşada yaşayıb, bu, mənim üçün ağrılı mövzudur. Ümid edirəm ki, torpaqlarımızı danışıqlar yolu ilə geri qaytarmağa nail olacağıq, amma sabah müharibə başlasa birinci mən özüm gedəcəm. Bilirik ki, Azərbaycan vətənimizdir, onun üçün döyüşmək və onu müdafiə etmək lazımdır. Bütün millət haqqında danışmaq doğru deyil. Amma mən hesab edirəm ki, ermənilər öz uşaqlarını düzgün tərbiyə etmirlər, sanki onlar ən ağıllı, qədimidirlər qalanları isə onlardan sonra gəlirlər. Uşaqlar özü haqqında yüksək fikrin sərhədlərini aşaraq böyüyürlər. Bütün millətlərdə istisna hallar var, amma mən ermənilərlə dostluğun tərəfdarı deyiləm.

Tarix sübut edir ki, azərbaycanlılar çox unutqan millətdir. Biz həm pisi, həm də yaxşını çox tez unuduruq. Yaxşılığı xatırlamaq, pisliyi isə unutmamaq lazımdır, ermənilərlə bağlı halda isə xüsusilə unutmaq olmaz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri