21 
İyl
2022
15:44
20
163
3916
Virtual karabakh

“Rembo”, “Mauqli” & PTSP ilə Verter sindromu. Veteranları nə məhv edir?

21 İyl, 2022
15:44
3916

“Rembo”, “Mauqli” & PTSP ilə Verter sindromu. Veteranları nə məhv edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox iştirakçı üçün məhz müharibə həyatının ən dəhşətli sınağına çevrilir. Yaddaşda həmin hadisələrə qayıtma istəyi də burdandır. Əksər hallarda xatirələr acı - partlayışlar, yaralar, qanla dolu olur, ancaq eyni zamanda buradakından fərqli olaraq orada - cəbhədə hər şeyin daha fərqli, daha sadə və daha dürüst olduğu hissi veteranı tərk etmir.

Ədəbiyyat bizə veteranların belə təcrübələrindən gözəl nümunələr qoyub - Lev Tolstoyun “Sevastopol hekayələri”, Novikov-Priboyun “Tsuşima”, Remarkın “Qərb cəbhəsində yenilik yoxdur”, Riçard Oldinqtonun “Qəhrəmanın ölümü”, Heminqueyin “Əlvida, silah!” əsəri və s.

Konstantin Simonovun “Dirilər və Ölülər” əsərini burada ayrıca qeyd etmək yerinə düşər - 1941-ci ilin yayının ilk aylarının, demək olar ki, bütün xronikası, Belarusda, sonra isə Smolensk vilayətində və Moskva yaxınlığında hitlerçilərlə döyüşlər qeyd olunub. Yeri gəlmişkən, Simonovun özünün Bobruysk yaxınlığında Buyniçski çölü olub; Bu yer onun üçün o qədər yaddaqalan idi ki, öləndən sonra külünün bu sahəyə səpilərək əbədi orada qalmasını vəsiyyət etmişdi.

Kinoda da hərbi süjetli çoxlu filmlər var, lakin düşünürəm ki, ədalətsizliklə əzablı mübarizə aparan Vyetnam müharibəsi veteranı haqqında çəkilən “Rembo - ilk qan” filmi bir neçə nəslin yaddaşında xüsusi yer tutub.

...Azərbaycan Ordusu 2020-ci ilin payızında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı əraziləri azad etməklə xalqımızın, dövlətimizin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmin vaxt Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz birlik, qələbə əzmi və səbir göstərdik, öz haqlı qəzəbimizi düzgün istiqamətə yönəldərək azərbaycanlıların özündən başqa heç kimin inanmadığı işi gördük - torpaqlarımızı qaytarmağı bacardıq. İndi isə, demək olar ki, iki ildən sonra, həmin qələbənin nəhəngliyi və zəfərin böyük panoramasının şəxsi qəhrəmanlıq, həmçinin döyüşlərin mozaikasından ibarət olduğu getdikcə daha aydın görünür: O zabit Cəbrayılda əsgərləri hücuma səslədi, bu əsgər yüngül silahlarla Şuşanı azad etmək üçün dağlara, qayalara dırmaşdı, o döyüşçülər isə Zəngilanın, Qubadlının kəndlərini azad etdilər... Qələbəni mücərrəd, simasız kütlə deyil, insanlar - veteran qəhrəmanlarımız qazandılar.

Məhz buna görə də Qarabağda və Şərqi Zəngəzurda gedən döyüşlərə görə bir çox medallar almış veteran, qəhrəman döyüşçü Elvin Cəfərovun intihar etməsi xəbəri bütün cəmiyyətə böyük zərbə oldu. Yoldaşlarının cəsarətinə görə “Mauqli” çağırdığı veteran intihar etdi və özündən sonra onu eşitmək istəmədiklərini, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovla görüşə icazə verilmədiyini bildirdiyi videomüraciət qoydu.

Bu xəbəri hər birimiz ürəyimizdə ağrı ilə qarşıladıq desəm, yanılmaram. Buna görə də intiharın niyə baş verdiyini, ən əsası isə bunun bir daha heç vaxt təkrarlanmamasına necə nail olmağı anlamaq çox vacibdir!

Hazırda 1987-ci il təvəllüdlü Elvin Cəfərovun intiharı faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Böyük ictimai etirazı nəzərə alaraq inanmaq istərdim ki, bütün günahkarlar, o cümlədən döyüşçünün ölümqabağı sözlərini videoya çəkən və onu dəhşətli addımdan çəkindirməyə cəhd etməyənlər layiqli cəzalarını alacaqlar. Amma artıq bəllidir ki, intiharın səbəbləri o qədər də sadə deyil - hər halda, rəsmi məlumatlara görə, ən azı, qazi və ailəsi maddi problem yaşamamış, onlara dövlət tərəfindən bütün lazımi köməkliklər göstərilmişdi. Həqiqətənmi bütün məsələ döyüşçünün rayon rəhbərliyi tərəfindən özünə diqqət hiss etməməsi, inciməsi və buna görə də ifrat addım atmağa qərar verməsidir?

Eyni zamanda biz cəmiyyət olaraq Elvin faciəsinin digər veteranların eyni motivlə silsilə intiharlarına səbəb olmaması üçün hər şeyi etməliyik. Axı təəssüf ki, məlum Verter effekti (sindromu) - intiharların kütləvi dalğası mövcuddur, hansı ki, televiziya və ya digər KİV-lərdə geniş işıqlandırıldıqdan, yaxud məşhur ədəbiyyat və ya kino əsərində təsvir olunduqdan sonra müşahidə olunur.

Bu fenomen 1974-1975-ci illərdə San-Dieqodakı Kaliforniya Universitetindən amerikalı sosioloq David Fillips tərəfindən müəyyən edilib. O, 18-ci əsrin sonlarında Hötenin məşhur “Gənc Verterin iztirabları” (fenomenin adı da buna görədir) romanının səbəb olduğu, bütün Avropanı bürümüş oxşar intiharlar dalğasını tədqiq edib. Statistika qəddardır – məlum olur ki, intiharla bağlı (xüsusən də foto və videolarla) səs-küylü xəbərlərdən sonra daha çox insan öz həyatına qəsd etməyə başlayır.

1980-ci illərdə Avstriyada metroda intiharların sayı kəskin şəkildə artdı. Həll yolu tapmağa çalışan Vyana Böhran Mərkəzi 1987-ci ildə Vyana Metropoliteninin əməkdaşları ilə birlikdə bir növ eksperiment keçirdi; Artıq belə faktları işıqlandırmamağa, yaxud da bu hadisələrə minimum diqqət ayırmağa qərar verildi. Bir ay sonra metroda intiharların sayı təxminən üç dəfə azaldı. O vaxtdan Avstriya mətbuatına belə faciəli hadisələri işıqlandırmaq qadağan edilib...

İndi də başqa qazilərin, ölkəmizin, xalqımızın fəxri Elvindən nümunə götürməsini istəmirik, hansı ki, təəssüf ki, çox real ssenaridir. Bunu faktlar sübut edir, xüsusən də medianın və hüquq müdafiəçilərinin məlumatına görə, müharibədən sonra artıq 35 veteran intihar edib... “Rembo” filmi boş yerdən yaranmayıb ki... Filmdə posttravmatik stress pozuntusundan (PTSP) (fərdin psixikasına güclü mənfi təsir göstərən tək və ya təkrarlanan hadisə nəticəsində baş verən ağır psixi vəziyyətdən) əziyyət çəkən döyüşçü göstərilir. Hadisənin travmatikliyi - təhlükəli vəziyyətdə effektiv hərəkət edə bilməmə səbəbindən yaranan acizlik hissi ilə sıx bağlıdır. Müharibə, hətta bizim Vətən müharibəsi kimi ədalətli olsa da, PTSP-nin ən güclü mənbələrindən biridir.

Bu problemin son vaxtlar yalnız Azərbaycanda özünü yüksək səslə bəyan etdiyini düşünmək sadəlövhlük olardı. Xeyr, bu və ya digər dərəcədə, həm indi, həm də əvvəllər, dünyanın bir çox ölkələrində bir çox əsgər və zabit (baxmayaraq ki, sovet bədii ədəbiyyatında bu barədə, demək olar ki, heç bir şey yoxdur) “posttravma” ilə qarşılaşıb.

Əgər biz xarici mediaya nəzər salsaq, son onilliklərdə hərbi münaqişələrdə iştirak etmiş bütün ölkələr üçün problemin nəhəng miqyasını görərik. Beləliklə, inkişaf etmiş tibb, hərbi-psixoloji yardım və möhkəm sosial xidmətləri olan ölkələrdə, məsələn, ABŞ və Böyük Britaniyada veteranlar özlərini öldürürlər. Statistikaya görə, 2012-ci ildə intihar edən britaniyalı hərbçilərin sayı eyni dövrdə Əfqanıstanda “Taliban”a qarşı döyüşlər zamanı öldürülənlərdən daha çox olub və ölüm astanasında davranışlarından aydın olur ki, onlar da kifayət qədər dəstək almadıqlarını hesab ediblər. Həkimlər isə belə bir nəticəyə gəlirlər ki, PTSP orqanizmin güclü sarsıntılara təbii reaksiyasıdır. Xəstəliyin özünü büruzə verməsi illər çəkə bilər, lakin terapiya mümkün qədər erkən başlasa, müalicə edilə bilər...

Rəsmi statistikaya görə, ABŞ-da hər gün iyirmiyə qədər müharibə veteranı intihar edir.

ABŞ hökumətinin, ilk növbədə Veteranlarla İş Departamentinin, bu cür faciələrin qarşısını almaq cəhdləri indiyədək heç bir konkret nəticə verməyib.

Psixi pozğunluqlar, streslər, həlak olan yoldaşlarla bağlı silinməz xatirələr, mülki həyatda öz yerini tapmaq istiqamətində axtarışlar... Evə qayıdan hərbçilərin heç də hamısı sadalanan bu ağır həyat yükünün öhdəsindən gələ bilmir.

Qeyri-hökumət təşkilatlarında çalışan ekspertlər bu istiqamətdə hətta son illərdə vəziyyətin daha da pisləşdiyini qeyd edirlər.

“Veteranlar arasında intiharların ümumi sayı artıb. 2007-ci ildən 2017-ci ilə qədər keçmiş döyüşçülər arasında intiharların sayı, demək olar ki, 50% artıb” – “Military Times” nəşri yazır.

Nəşr yazır ki, veteranların heç vaxt orduda xidmət etməyən amerikalılarla müqayisədə intihara qərar vermək ehtimalı 1,5 dəfə daha çoxdur. Qadın hərbçilər üçün bu nisbət daha yüksəkdir - 2,2.

ABŞ-da fəaliyyət göstərən Veteranlarla İş Departamentindən dəfələrlə bildirib ki, veteranlar arasında intiharların sayını azaltmaq üçün təkcə dövlət proqramları kifayət etmir. 

İntihar edən hərbçilərin üçdə ikisi kömək üçün hərbi hospitalların həkimlərinə müraciət etməyənlərdir.

Amerikalı həkimlər, əminəm ki, Azərbaycan üçün də aktual olan bir problemə diqqət çəkiblər: prinsipcə, veteranlara psixoloji yardım çox az göstərilir, edilsə belə, çox passiv şəkildə həyata keçirilir, bu da yalnız o halda baş verir ki, insan özü psixoloji yardım barədə müraciət edir.

Bundan əlavə, ABŞ-dakı ekspertlərin fikrincə, intihar problemi təkcə keçmiş hərbçilər üçün deyil, bütövlükdə bütün ölkə üçün son dərəcə şəciyyəvi hal alıb.

Belə ki, 2010-cu ildə ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Departamenti qarşısına məqsəd qoyub - 2020-ci ilə qədər intihar nisbətini hər 100 min nəfərə 12,1-dən 10,2-yə qədər endirmək.

Bununla belə, bu təşəbbüs uğursuzluqla nəticələndi: Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəz 2018-ci ildə 48 mindən çox amerikalının intihar etdiyi haqda statistikanı dərc edib ki, bu da əhalinin hər 100 min nəfərinə 14,2 hadisəyə bərabərdir.

İntihar ABŞ-da sıralamada onuncu yerdə qərarlaşan əsas ölüm səbəbidir, intihar nəticəsində ölənlərin sayı avtomobil qəzaları və qətllər nəticəsində olan ölüm sayından daha çoxdur.

Ukraynada da hərbçilər oxşar problemlə üzləşiblər, 2014-2018-ci illər aralığında bir sıra kütləvi informasiya agentliklərinin məlumatına görə, ən azı, min veteran intihar edib.

Yerli tədqiqatçıların fikrincə, posttravmatik stress sindromu, işin və yaxınların dəstəyinin olmaması intiharların artmasına səbəb olur.

Eyni zamanda, KİV-in məlumatına görə, Ukrayna dövləti döyüşçülərin psixoloji reabilitasiyası kimi mühüm sosial işlərdən faktiki olaraq uzaqlaşıb. Axı keçmiş hərbçilərin, xüsusən də cəbhədə döyüşmüş şəxslərin mülki həyata adaptasiyası adətən çətinliklə baş verir. Yaşanan stress səbəbilə onların konfliktə daxil olmaq səviyyəsi yüksəlir. Psixoloji reabilitasiya və yaxınlarının dəstəyi olmadan, alkoqolizm, boşanma və intihar riski daha yüksəkdir.

Mətbuatın məlumatına görə, Rusiya ordusunda son vaxtlara qədər ildə 300 intihar hadisəsi baş verirdi.

Öz növbəsində Ermənistan ordusu “dedovşina” və intihar bataqlığındadır: Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, 2010-cu ildən 2019-cu ilə qədər Ermənistan ordusunda 88 intihar hadisəsi qeydə alınıb.

Ancaq əks nümunələr də var: İlk növbədə orduda işləyən psixoloqların aktiv profilaktik işi sayəsində 2012-ci ildə İsrail Silahlı Qüvvələrində intiharların sayı 12-yə enib.

2013 və 2014-cü illərdə isə müvafiq olaraq on və doqquz intihar hadisəsi baş verib. İsrail ordusunun şəxsi heyətinin təxminən 180 min hərbçi olduğunu nəzərə alsaq, İsrail ordusunda intiharların faizi çox aşağıdır.

Son illərdə İsrail ordusunda intihar hadisələrinin nəzərəçarpacaq dərəcədə azalması təkcə hərbi psixoloqların fəaliyyəti ilə deyil, həm də əsgərlərlə daim əlaqə saxlayan komandir heyəti ilə bağlıdır.

İsrail ordusunun psixi sağlamlıq bölməsinin rəisi, polkovnik Eyal Proktor “Jerusalem Post” qəzetinin intiharların qarşısının alınması istiqamətində həyata keçirilən proqramların tətbiqinə dair suala cavab verərkən qeyd edib ki, hərbi psixoloqlar və komandir heyəti ruhi böhran və şəxsi çətinliklər vəziyyətində olan hərbçilərə kömək etməyə kökləniblər.

Təbii ki, başqa ölkələrdə də insanların posttravma və intihar düşüncələrindən əziyyət çəkməsi bizim üçün bəhanə kimi qəbul edilə bilməz. Lakin yuxarıda qeyd olunan amillər bizə problemin mahiyyəti haqqında çox şeyi izah edir.

Tanınmış psixiatr, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı Xalid Abdullayev məsələ ilə bağlı Caliber.Az-a şərh verərkən bildirib ki, ümumilikdə intiharlardan, xüsusən də hərbi qulluqçuların, veteranların intiharlarından, fasiləsiz, günlərlə danışmaq olar.

“İnsan üçün ən qiymətli şey onun həyatıdır. Və əgər o, öz əziz canını Vətən uğrunda, biz öz evimizdə əmin-amanlıq şəraitində otura bilək deyə Vətənə fəda etməyə gedibsə, biz hamımız cəmiyyət olaraq bu şəxslərə borcluyuq. Cəmiyyət veteranlara ölümdən sonra deyil, sağlığında kömək etmək üçün əlindən gələn hər şeyi artıqlaması ilə etməlidir. Müharibə ağır stresdir, insan üçün psixoloji travmadır, travma sonrası pozğunluq isə diaqnozdur. Amma təəssüf ki, bizdə bəzi məmurlar özlərini Allahın yer üzündəki elçisi hesab edirlər ki, bu da öz növbəsində müəyyən böhran vəziyyətinin yaranmasına gətirib çıxarır. Lakin veteranlar heç bir əlavə fövqəlqayğı tələb etmirlər. Onları əlillik dərəcəsi, işlə təmin olunmaq, müalicələrinin aparılmasına kömək və digər spesifik problemlər maraqlandırır. Və əgər məmurlar onlara biganə yanaşarlarsa, təbii ki, onsuz da psixoloji təsirlərə məruz qalan şəxs qeyri-adekvat hərəkət edə bilər. Düzünü desəm, bu yaxınlarda dünyasını dəyişən qazinin məhz özünü öldürmək üçün oraya getdiyini düşünmürəm – o, ilk növbədə, probleminə diqqət çəkmək istəyirdi. Amma təəssüf ki, o bilmirdi ki, bədənin 30 faizdən çoxu yanırsa, yaşamaq şansı çox azdır. Və o gənc döyüşçünün intihar etməsinə görə çox təəssüflənirəm.

Xatırlatmaq istərdim ki, bizim Psixi Sağlamlıq Mərkəzimizdə professor Fuad İsmayılovun rəhbərliyi ilə veteranlara ayrıca psixiatriya yardımı proqramı yaradılıb, rayonlarda filiallar fəaliyyət göstərir, həkimlərin oraya ezamiyyətləri baş tutur. Bizim bütün ölkə üzrə 450-500 psixiatrımız, 250-300 psixoloqumuz var, bu azdır, amma onlar əllərindən gələni edirlər”, – deyə Xalid Abdullayev vurğulayıb.

Öz növbəsində hüquq müdafiəçisi, “YAŞAT” Fondunun Şura üzvü Rəna Səfərəliyeva əhalinin həssas qruplarının olduğunu və bunun da əsasən qanunvericilik bazasındakı boşluqlarla bağlı olduğunu təsdiqləyib. İctimaiyyətin vəzifəsi isə bu boşluqları göstərmək və belə həssas qruplarla bağlı çətinliklərin aradan qaldırılmasına çalışmaqdır.

“Birincisi, nəyə, daha doğrusu, kimə diqqət yetirilməlidir, - bunlar yaralı qazilərdir ki, nəticədə onlar hərbi xidmətə yararsız hala düşüblər. Ancaq zədələri o qədər də ciddi deyil ki, əlillik dərəcəsi ala bilsinlər, yüngül xəsarətə görə sığorta kimi 500 manat və veteran pensiyası olaraq  80 manatdan başqa da güzəştləri yoxdur. Hərbçilərin stajları üzrə cüzi pensiyası var. Könüllülər/səfərbər olunanlar isə 80 manatdan başqa heç bir şey almırlar. Əlillik həddinə çatmayan, lakin zədə almış qazinin əlillik alanlarla müqayisədə, heç olmasa, qismən güzəştləri olmalıdır.

İkincisi, əlilliyi olan veteranın güzəştli ipotekası varsa, ona mənzil verilməyəcək. “YAŞAT” Fondu istehlak kreditlərini bağlayır, ipoteka kreditləri isə qaydalarda nəzərdə tutulmayıb. Nə icra qurumları, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ipoteka ödənişlərini bağlaya bilir. Düşünürəm ki, əlilə mənzil düşürsə, amma onun mənzili varsa, lakin ipotekadadırsa, o zaman dövlət ipotekanı bağlamalıdır.

Və nəhayət, üçüncü: Veteranlığa görə ayda 80 manat çox azdır. Bundan əlavə, mükafatlar üçün heç bir müavinət yoxdur. Əgər bir əsgərin dörd, digərinin isə bir medalı varsa, o zaman onlara eyni məbləğdə pul vermək, yəqin ki, yanlışdır. Məsələn, Milli Qəhrəman adına görə kifayət qədər böyük müavinət ödənilir. Buna görə də əhəmiyyətinə görə mükafatlar üçün aylıq müavinətlər tətbiq etmək lazımdır. Ümid edirəm ki, bu üç problem qanunvericilik səviyyəsində öz həllini tapacaq”, - deyə R.Səfərəliyeva vurğulayıb.

Konkret olaraq “Mauqli”nin başına gələn faciə ilə bağlı o hesab edir ki, hər şeydə icra qurumlarını günahlandırmaq da düzgün deyil.

“Bəli, məmurların vətəndaşlara qeyri-həssas münasibət göstərdiyi hallar var, onlar heç də hər zaman öz vəzifələrini məsuliyyətlə yerinə yetirmirlər. Amma bizim qanunlarımızda icra qurumlarının səlahiyyətləri aydın şəkildə göstərilməyib. Əsasən eşitmişəm ki, veteran icra başçısından tələb edib ki, onun qohumunu işə düzəltsin, lakin icra başçısının qanunla belə səlahiyyəti yoxdur. Bu halda qanunlarda dəyişikliklər edilməsi üçün lobbiçilik etmək lazımdır, lakin onların pozulmasını tələb etmək doğru deyil.

İkinci məqam ondan ibarətdir ki, bizdə pulsuz psixoloji yardım var, ancaq veteranlar yalnız maddi yardım üçün müraciət edirlər. Mən şəxsən 50-yə yaxın veteranı psixoloji yardım almağa razı saldım, amma onlar mənə cavab verdilər ki, “Biz dəliyik?” Dövlətin bu cür yardımı proaktiv olaraq təklif etməməsi yaxşı hal deyil və bir çox veteranlar buna ehtiyacları olduğunu dərk etmirlər. Amma Müdafiə Nazirliyində kəllə-beyin travması alanların, barotravma alanların siyahıları var - ən azı, onlara təklif olunardı!” - deyə R.Səfərəliyeva qeyd edib.

...Veteranlar bizim fəxrimizdir, Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbəni məhz onlar qazanıblar. Onların bəzilərinin indi özlərini həyatın kənarında tərk edilmiş hiss etmələri təkcə maliyyə məsələlərindən xəbər vermir. Mənə elə gəlir ki, biz hamımız Vətəni müdafiə edənlərə, bizi müdafiə edənlərə qarşı daha həssas olmalıyıq ki, faciə bir daha təkrarlanmasın. Bu o demək deyil ki, onların nazı ilə oynamaq lazımdır. Xeyr, həssaslıq ürəyin hərarətidir və hər cür kömək etməyə səmimi hazır olmaqdır. Yadımdadır, belə bir hal var idi ki, valideynləri çoxdan dünyasını dəyişmiş şəhidin bacı-qardaşları zirzəmidə yaşayırdılar. İndi də eyni yerdə yaşayırlar - onlara kömək edilmədi! Qanuna dəyişiklik etmək çətindir? Axı qanun xalq üçündür, xalq qanun üçün deyil. Axı iyulun 1-də sosial təminat sistemində baş verən bir sıra qalmaqallardan sonra əlilliyin dövlət səviyyəsində təyin edilməsi sistemini dəyişdirə bildilər və s.

Hakimiyyətdə olan bəzi şəxslərin laqeydliyi, özbaşınalığı, məsuliyyətsizliyi və həyasızlığı  veteranları məhv edir. Deməli, anlayış, həssaslıq, qayğı, xoş söz və konkret addımlar onları xilas edə bilər. Yeri gəlmişkən, “Rembo” filmində də nəticədə eyni şey oldu. Bəli, müharibənin bitdiyi aydındır. Çox şey unudulur, həyat davam edir, rutin və gündəlik problemlər ön plana çıxır və dinc atmosfer bəzən qələbənin parlaqlığını azaldır. Bəs bu, veteranlara olunan etinasızlığa bəraət qazandıra bilərmi? Prezident İlham Əliyev yorulmadan müharibə iştirakçılarının hüquqlarının müdafiəsi üçün çalışır, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bunun üçün böyük səylər göstərir və bəzi məmurların bu nəhəng işi ləkələməsi yolverilməzdir!

Və əgər “Mauqli”ni - baxmayaraq ki, bu baş verməməli idi! - xilas etmədik, amma cəmiyyət onun kimi minlərlə insana kömək etmək iqtidarındadır. Veteranların problemləri burada və indi həll edilməlidir. Onları və problemlərini dinləmək, hörmət etmək, təhsil almaq, işə düzəlmək, dinc həyatda özünü tapmaq üçün kömək etmək önəmlidir. Məktəblərdə, uşaq bağçalarında, universitetlərdə, idman yarışlarında tədbirlərə dəvət etmək zəruridir. Bütün bunlar cəsur döyüşçülərimizin ağır sindromlarının öhdəsindən gəlmələrinə kömək edəcək. Və bu zaman özləri də anlayacaqlar ki, intihar bir seçim deyil. Əminəm ki, əllərində silahla Vətənini müdafiə edən insanlar bütün cəmiyyətin dəstəyi və həssaslığı ilə 2020-ci ilin payızında Azərbaycanın Böyük Qələbəsini qazandıqları kimi, bu sınaqdan da uğurla çıxacaqlar.

Caliber.Az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri