10 
Avq
2022
11:28
74
34
4530
Virtual karabakh

İşə qəbulda üstünlük, yoxsa vaxt itkisi: Magistratura oxumaq nə qədər vacibdir? - FOTO

10 Avq, 2022
11:28
4530

İşə qəbulda üstünlük, yoxsa vaxt itkisi: Magistratura oxumaq nə qədər vacibdir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Magistraturaya sənəd verənlərin sayının artması, hesab edirəm ki, çox yaxşı göstəricidir. Ümumiyyətlə, magistr təhsilli gənclərə daha çox önəm verilir. Gənclərimiz təhsil almağa nə qədər maraqlı olsalar, o qədər yaxşı olacaq. Əmək bazarında da savadlı, peşəkar kadrların sayı artacaq”.

Bunu magistraturanın üstünlüyü ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Magistr olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Gənclərimizin əksəriyyəti təhsili Avropa ölkələrində davam etdirməyə üstünlük verirlər. Bununla yanaşı, Azərbaycanda da təhsilini davam etdirmək istəyənlər az deyil. Müşahidələrdən aydın olur ki, bəziləri sırf ixtisaslarını dəyişmək üçün magistraturaya üz tuturlar. Bir qisim bakalavrlar isə sırf təhsili davam etdirmək üçün magistr pilləsində təhsil alırlar.

Bəs görəsən, Azərbaycanda magistratura oxumağın nə kimi əhəmiyyəti var?

Ekspertin sözlərinə görə, magistrantlar çox olarsa, əmək bazarında da savadlı, peşəkar kadrların sayı artacaq:

“Təhsilin ardıcıllığını təmin etmək üçün atılan bu addım çox mütərəqqidir. Rəqabət mühitinin formalaşmasını təqdir edirəm. Gənclər nə qədər təhsilə can atsalar, o qədər yaxşıdır. Magistratura həm elmi-tədqiqat, həm də bütövlükdə ali təhsilin tamamlanmş formasıdır”.

İ.Orucov qeyd edib ki, magistraturaya plan yerlərinin sayı artırılmalıdır:

“Gənclərin təhsil almaları ilə bağlı iddialarını ortaya qoymaları bununla bağlıdır. Düşünürlər ki, nə qədər təhsilli olsalar, o qədər üstünlükləri olacaq. Doğrudan da, bu kimi məsələlərdə rəqabət mühitinin olması - ən yaxşılarının seçimi olacaq. Azərbaycanda əksər tələbələr magistr təhsili üçün Avropa ölkələrinə üz tuturlar. Bu da üstünlükdür”.

Bəs magistr olmağa hazırlaşanlar və artıq bu pilləni geridə qoyanlar nə düşünürlər? 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin, Beynəlxalq jurnalistika ixtisasının magistrantı Şəhanə Paşayevanın sözlərinə görə, magistraturanı mütləq şəkildə oxumaq lazımdır:

“Mənim fikrimcə, magistraturanı mütləq oxumaq lazımdır. Oxuduğun ixtisası nə qədər yaxşı öyrənsən, o qədər yaxşı olacaq. Hətta düşünürəm ki, peşəkar olmaq üçün doktorantura oxumalısan. Əslinə qalsa, bu, ixtisasdan-ixtisasa dəyişəndir. Elə ixtisaslar var ki, bakalavr oxumaq yetərli hesab olunur. Buna jurnalistikanı misal göstərə bilərəm. Jurnalistikanın bakalavrını oxumaq kifayət edir. Magistraturasını oxumaq zəruri deyil. Əgər sən universitetdə müəllim işləmək, dissertasiya müdafiə etmək istəyirsənsə, bu tip məsələlər üçün magistr təhsili önəmlidir. Lakin hansısa media qurumunda, televiziya və ya saytlarda işləmək istəyirsənsə, önəmli deyil”.

Ş.Paşayeva magistr təhsilinin əhəmiyyətindən danışıb:

“Başlıcası odur ki, sən artıq bakalavrda öyrəndiklərinin daha geniş formasını öyrənir, peşənə daha çox yiyələnirsən. Əlaqələrin də genişlənir. 17 yaşlı tələbə ilə 21 yaşlı eyni deyil. Magistraturada peşəni təkmilləşdirən insanlarla ünsiyyətdə olursan. Bir növ sosial həyata da təsir edəcəyini düşünürəm.

Mən jurnalistika fakültəsini bu il bitirdim. Magistr təhsilimi yenidən bu ixtisas üzrə davam etdirəcəm. Düşündüm ki, dörd il uğurlu bir tələbə olmamışam. Etiraf edim ki, ikinci kursdan sonra daha çox dərs oxumağa başlamışam. Açığı, əvvəl dərs oxumağa həvəs olmayıb. Ona görə də düşündüm ki, bundan sonra magistraturada oxusam, bu sahədə daha çox təkmilləşərəm”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin təşkili və idarəedilməsi ixtisasının magistrantı Natavan Əliyeva isə humanitar sahəyə tələbin az olduğu üçün ixtisasını dəyişib:

“İlk başlarda magistraturaya hazırlaşmaq fikrim yox idi. Universiteti bitirdikdən sonra dövlət qulluğuna hazırlaşmaq istəyirdim. Daha sonra bilgi toplamağa başladım. Oxuyub-bitirənlərdən, müəllimlərimdən məsləhət aldım. Onlar mənə dedilər ki, “magistratura oxumaq bir addım öndə olmaq deməkdir”. İxtisasdan asılı olmayaraq elədir.

Bununla yanaşı, CV-lərə nəzər yetirdim. Şahidi oldum ki, istər dövlət, istərsə də özəl sektordan asılı olmayaraq humanitar sahəyə maraq da, tələbat da çox aşağıdır. Humanitar sahədə tələbat 20 faizdirsə, iqtisadiyyatda bu, 80 faiz təşkil edir. Bu səbəbdən iqtisadiyyat sahəsinə yönəldim. Qeyd edim ki, bakalavr təhsilimi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaçılıq ixtisası üzrə almışam”.  

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və diplomatiya fakültəsinin Amerikaşünaslıq ixtisasının keçmiş magistrantı Vətən Vətənli isə magistr oxumağın vaxt itkisi olduğunu deyib:

“Düşünürəm ki, boş vaxt itkisidir. Məndən soruşsalar, tövsiyə etmərəm. Çünki o qədər də önəmli perspektivi yoxdur. Mən özümü sınamaq üçün imtahan verdim. Bal topladığım üçün oxudum. Bir sözlə, burada magistr oxumaq vaxt itkisidir. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə almışam”.

Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Biotibbi texnologiya mühəndisliyi ixtisasının keçmiş magistrantı Sevinc Fərid də magistr təhsili aldığı üçün peşman olduğunu söyləyib:

“Öncə onu deyim ki, belə olacağını bilsə idim, magistratura oxumazdım. Çünki magistratura oxuyanla oxumayanın heç bir fərqi yoxdur. Bu, sadəcə, vaxt itkisidir. Əgər magistraturaya ödənişli əsaslarla qəbul olsaydım, çox güman ki, oxumayacaqdım. Düşünürəm ki, təhsilimi xaricdə davam etdirsəydim, iş həyatım üçün daha sərfəli olardı. Qeyd edim ki, bakalavr təhsilimi də Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinin Biotibbi texnologiya mühəndisliyi ixtisası üzrə bitirmişəm”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri