14 
Avq
2022
16:07
15
272
4360
Virtual karabakh

“Narkotikə qurşanan uşaq işləməyən televizorun önündə heyvanlar aləminə “baxıb” qışqırırdı” – MÜSAHİBƏ

14 Avq, 2022
16:07
4360

“Narkotikə qurşanan uşaq işləməyən televizorun önündə heyvanlar aləminə “baxıb” qışqırırdı” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün öncə İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıblar. Ümumiyyətlə, son dövrlərdə, demək olar ki, hər gün kiminsə ya ölkəyə narkotik keçirməyə çalışarkən, ya satarkən, ya da alarkən saxlanıldığı barədə xəbərlər oxuyuruq. Bundan əlavə, narkotik aludəçisi olan şəxslərin valideynlərinə qəsd etmələri, narkoman valideynlərin övladlarına işgəncə vermələrinə dair xəbərlər də az deyil.

Oxu.Az, təəssüf ki, aktuallığını heç vaxt itirməyən narkomaniya mövzusunda Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Necə olur ki, insanlar bir anda özlərini narkomaniyanın cəngində tapırlar?

- Heç kəs narkotik maddədən ilk dəfə istifadə edəndə bunun zamanla asılılıq yaradacağını düşünmür. Əksəriyyət əvvəlcə onu sadəcə maraq üçün istifadə edir. “Bir dəfədən heç nə olmaz” deyə düşünür. Yaxud “yaxşı oğlanlar”ın yanında istifadə etməməyi özünə yaraşdırmır.

Digər bir səbəb isə kiməsə nəyisə sübut etmək cəhdidir. Məsələn, tanış bir dünya çempionu vardı. Sözü keçdiyi üçün narkomanları bu işdən çəkindirməyə çalışırdı. Bir gün özü də maddə istifadə edərək narkomanlara sübut etməyə çalışıb ki, bu, sadəcə, psixoloji asılılıqdır, iradəylə ondan qurtulmaq olar. Amma maddə elə ilk dəfədən onda asılılıq yaratdı və yaxa qurtara bilmədi. Bir il ərzində hər şeyini itirdi, indi pis vəziyyətdə yaşayır.

- Bu gün narkotik təkcə kişilər deyil, qadınlar arasında da geniş yayılıb. Bəzən küçədə hərəkətini bilməyən adamlarla rastlaşırıq və dərhal onların narkotik maddə qəbul etdiyi anlaşılır.

- Qadınların əksəriyyəti həyat yoldaşları və ya partnyorları narkotik istifadəçisi olduqda bu maddəyə qurşanırlar. Yəni mühit onlara çox təsir edir. Digər bir faktor isə qadınların arıqlama arzularıdır. Kök qadınlara bu maddələrin onları arıqladacağını deyirlər. Gözəllik salonlarında belə hadisələr dəfələrlə yaşanıb. Çəkisinə qarşı kompleksi olanlar narkotik istifadəçisinə çevriliblər. Bəli, həmin maddələr arıqladır, ancaq xəstələndirərək, ağrı verərək. Bu seçim sonda ölümlə nəticələnir.

- Bu maddənin əsas mənbəyi haradır, Azərbaycana haralardan gizli şəkildə narkotik maddələr gətirilir?

- Öncəliklə bildirim ki, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Dağıstanla müqayisədə ən yaxşı vəziyyət Azərbaycandadır. İran narkotikləri dünyaya İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa, İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutları ilə yayırdı. Ölkədə bu marşrutlar ilə narkotiklərin daşınması halları dəfələrlə aşkar edilib, külli miqdarda narkotik vasitələr ələ keçirilib. Hətta həmin bağlamaların üstünə çəkinmədən açıq-aşkar İran narkoistehsalı fabriklərinin möhürləri vurulub. Bu isə onu göstərir ki, İran hökuməti bundan xəbərdardır. Özlərinə “çörək” qazanaraq dünyanı narkotik xaosuna salmaqda davam edirlər.

Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycan və digər tranzit ölkələrdə də satılır. Uzun illər İran işğalda olan torpaqlarımızda narkotik istehsal edərək onu ermənilərin əli ilə dünyaya yayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra isə İran bu yola əl ata bilmədi.

Yəni bu maddələr əsasən Çin, Əfqanıstan və İrandan gəlir. Azərbaycan tranzit olduğu üçün buradan keçir. Sərhəddə mələklər belə çalışsa, onları önləmək mümkün olmur. Bu gün göydə uçan quşla belə narkotik keçirə bilirlər. Keçirməyin yüzlərlə yolu var.

- Son vaxtlar belə bir təsəvvür yaranıb ki, “patı” və “şüşə” istifadəçiləri marixuanaya meyil edənlərlə müqayisədə daha çoxdur. Vəziyyət, doğrudan, belədir?

- Xeyr, marixuana daha çox yayılıb, sadəcə, onun şəxsi istehlak miqdarı bir dəfə üçün istifadəyə imkan verir. Amma “patı” və digər maddələrdə isə cüzi istifadə heç bir təsir göstərmir, ona görə də çox qəbul edirlər, nəticədə bu, orqanizmlərinə ciddi təsir göstərir və onlar yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

- Marixuananın istifadəsi bəzi ölkələrdə leqaldır, bu məsələyə yanaşmanız necədir? Sizcə, onun leqal olması istifadəçi sayını azalda bilərmi?

- İnsanlara başa salmaq lazımdır ki, Avropada sadəcə yüngül narkotiklər leqaldır. “Patı”, “şüşə”, kokain dünyanın heç yerində leqal deyil. Yüngül narkotiklərin leqal olması isə istifadə sayına heç bir təsir göstərmir.

- İnsanları narkotik istifadəsindən necə çəkindirə bilərik?

- Öncə bu istiqamətdə görülən tədbirlərdən danışmaq istəyirəm. Bir dəfə məni məktəbə təlimçi kimi aparmışdılar. Getdiyim rayonun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri də orada idi. O danışmağa başlayanda mən dəhşətə gəldim. Çünki narkomaniyayla bağlı biliyi yox idi. Ümumiyyətlə, icra hakimiyyətlərinin həmin komissiyalarının sədrlərinin çoxu bu sahədə bilgisizdir.

Digər bir problem isə təlim və tədbirlərə tərbiyəli, savadlı uşaqların dəvət olunmasıdır. Onlar, onsuz da, bu maddədən istifadə etmirlər, əllərində daim kitab olur, evdən də çox çıxmırlar, onlarla belə söhbətlər aparmağın nə mənası var? Biz oraya narkotikə meyilli, tərbiyəsində qüsurlar olan gəncləri dəvət etməliyik. Mən ancaq onlara təlim verməyi üstün tuturam.

Əgər hansısa məktəbə təlimə gedirəmsə, rəhbərlikdən həmin kateqoriyadakı uşaqların orada iştirak etməsini tələb edirəm. Çünki onların ətrafı daha təhlükəli, təsir gücü çox olan şəxslərdən ibarətdir. Doğru yola onları çəkmək lazımdır. Həmin uşaqlarla isə mədəni danışanda heç bir irəliləyiş hiss etmirsən.

Onlarla ancaq loru, küçə dilində, jarqonlarla danışanda istədiyin nəticəni almaq mümkün olur, bir çox məsələnin üstü bu yolla açılır. Görürlər ki, sən də belə şeyləri bilirsən, yaxınlıq hiss edirlər və danışmağa başlayırlar, danışarkən də özlərini ələ verirlər. Ona görə də təlimlər risk qrupları arasında keçirilməlidir.

- Narkomaniyayla mübarizə təbliğatlarını məktəb səviyyəsində aparmaq ən doğru yoldur deyə bilərikmi?

- Bəli, bu, mütləqdir. Əsas da 10-11-ci siniflərdən başlamaq lazımdır. Bu işlə psixoloqlar ciddi məşğul olmalıdırlar. Ancaq təəssüf ki, məktəb psixoloqlarının bəzilərinin narkotiklə bağlı savadı yoxdur. Onlardan bilikləri olmadığı halda nə üçün bu sahədə çalışdıqlarını soruşanda cavab verirlər ki, “Biliyi olan niyə burada 300 manata işləsin?”

Məncə, məntiqli cavabdır. Biliyi olanlar buna maraqlı deyillər.  Çünki pul verilmir. Normalda bu işin bir seansı 100 manatdır. Hansı psixoloq aylıq 300 manata gedib narkomanla işləyər? Ona görə də psixoloqlarda maraq oyatmaq lazımdır. Maaşlar, heç olmasa, 1000 manat olmalıdır ki, onlar işlərini itirməkdən qorxub məsuliyyətli olsunlar. Bu gün sözügedən istiqamətdə QHT-lərin uğurları aidiyyəti orqanlarınkından daha çoxdur. Ona görə də həmin QHT-lərdə narkomaniyayla mübarizə aparan adamların əməkhaqqı üç dəfə artırılmalıdır.

- Bəzi narkotik istifadəçiləri bu bəladan yaxa qurtarmaq üçün müalicəyə üz tuturlar. Nəticədə qısa müddətdə onların fiziki asılılığı sonlanır. Lakin onlarda bir də psixoloji asılılıq olur. Bundan qurtulmaq üçün hansı vasitələr var?

- Narkotik istifadəçilərinin müalicə olunmaları üçün narkodispanserlər olmalıdır. Azərbaycanda beş narkoloji dispanser var. Bakıda beş min narkoman varsa, yer sayı təxminən 380-dir. Bu şəxslər müalicə üçün hara getsinlər? Yaxşı, tutaq ki, tanışlıq hesabına müalicə alıb fiziki asılılıqdan yaxa qurtardılar, psixoloji asılılıqdan xilas olmaq üçün harada müalicə almalıdırlar? Bizim reabilitasiya mərkəzimiz yoxdur. Olanlar da özəldir, müalicə qiyməti 1500 manatdan başlayır. Narkomanların isə 70 faizi bu dəqiqə acından ölür.

- Bu durum onların yenidən istifadəyə başlamasında nə qədər rol oynayır?

- Son beş ildə müalicə almış insanların 90 faizi yenidən istifadəyə başlayıb. Çünki onların heç biri reabilitasiya olunmayıb, buna pulları çatmayıb.

- Sizcə, bu istiqamətdə cəzaların sərtləşdirilməsi hansısa effekt verə bilər?

- Yox, Kubada narkotik istifadəsiylə bağlı ölüm hökmü var, ən çox narkoman da oradadır. Yəni sərtləşdirmək effekt verməz. Psixoloji təsir daha yaxşıdır.

- Bəs vətəndaşların narkotiklə mübarizə üsulu necə olmalıdır? Çünki artıq az qala hər məhəllədə bu işlə məşğul olan şəxsə rast gəlmək mümkündür.

- Maddə istifadəçilərində bir-iki dəfədən sonra asılılıq yaranır. Yəni yalandan “eləmə” deməklə iş düzəlmir. Bunu tələb etmək məntiqsizdir. Çünki onlar asılıdırlar, narkotiki həzz üçün yox, ağrıkəsici kimi vururlar. Onsuz da onlar haradansa pul tapıb maddə alacaqlar. Bu onların “dərman”ıdır. Cəmiyyət isə onların aludəçi olduğunu, xəstə olduqlarını qəbullanmalı və kömək etməyə çalışmalıdır. Ətraflarında belə şəxslər olanda onları çəkindirmək üçün tənqid etmək yerinə dərman alıb versinlər, şəxsləri müalicəyə yönəltsinlər.

- Valideyn övladının narkoman olduğunu necə bilə bilər? İstifadəçilərdə diqqət çəkəcək hansı dəyişikliklər baş verir?

- Bütün valideynlər öz uşaqlarını tanıyırlar. Ona görə də xırda dəyişiklikdən bunu hiss edə bilərlər. Bir nəfər vardı, qonşu idi. Bir gün anası dedi ki, oğlum heyvanlar aləminə baxıb, qışqırır. Şübhəli gəldi, getdim yanına. Gördüm ki, bu heyvanlar aləminə baxır, amma xəyalında, televizor işləmir. Yaxud kitabı tərsinə tutub oxuyurlar. Belə adamların adi hallarda gözləri qızarır, rəngləri dəyişir. Bunlar göstəricilərdir.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri