15 
Avq
2022
10:08
252
13
2076
Virtual karabakh

Bir damcı dəyər verək

15 Avq, 2022
10:08
2076

Bir damcı dəyər verək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Su həyatdır” şüarı nə qədər şablon səslənsə də, suyun həyatımızda oynadığı müstəsna rola görə bu fikrin aktuallığı hər ötən gün daha da artır.

Su təkcə insan bədəninin 70%-ni təşkil etməklə həyati önəm daşımır, həm də gündəlik həyatımızın ayrılmaz hissəsi olması ilə əhəmiyyətlidir. Səhər yuxudan oyandığımız andan gecə yatana qədər günümüzü bu və ya digər şəkildə su ilə birlikdə yaşayırıq. Bəs istifadə etdiyimiz suya lazımi dəyəri veririkmi? İlk baxışdan asanlıqla əldə etdiyimiz bu nemətin heç də tükənməz olmadığı barədə düşünürükmü?

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin növbəti mərhələsi məhz insanlarda suya qənaət vərdişlərinin aşılanması məqsədini daşıyır.

Layihənin “Bir damcı dəyər verək” adlanan bu mərhələsində gündəlik həyatda rastlaşdığımız üç müxtəlif situasiyada sudan istifadə zamanı diqqətsizlik səbəbindən nə qədər su israf etdiyimizi əks etdirən reklam çarxı hazırlanmışdı. Layihənin qəhrəmanı Bir Damcının dili ilə çatdırılan bu situasiyalarda əslində hər gün hamımızın rastlaşdığı, yaxud özümüzün iştirakı ilə baş verən suyu israf halları göstərilir. Bu cür hallar zamanı özümüzə “Axır niyə” sualını verməyimiz kifayətdir ki, su israfının qarşısını almaq üçün dönüş yaradan addımlar ataq, özümüzdə sudan qənaətlə istifadə vərdişlərini formalaşdıraq.

Kampaniyanın əhatə dairəsini genişlətmək məqsədilə reklam çarxından əlavə paytaxtın müxtəlif yerlərində küçə reklamları, posterlər yerləşdirilmiş, radiostansiyalarda reklamlar yayımlanmış, sosial şəbəkələrdə interaktiv məzmun paylaşılmışdır.

Qeyd edək ki, sözügedən kampaniyanın birinci mərhələsi bir ay əvvəl başlamış, “Bir damcı öyrənək” şüarı ilə evlərimizə gələn suyun keçdiyi uzun və çətin yol geniş auditoriyaya çatdırılmışdır. Televiziya kanalları, çöl reklam daşıyıcıları, rəqəmsal platformalar da daxil olmaqla müxtəlif kommunikasiya vasitələrini əhatə edən kampaniyaya bloqer və məşhurlar da cəlb olunub.

Kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından, layihənin “Facebook” və “Instagram” səhifələrindən tanış ola bilərsiniz. 

“Bir damcı” kampaniyasının kommunikasiya strategiyası ölkənin öndə gedən agentliklərindən olan “Maverick” kommunikasiya agentliyi tərəfindən işlənib hazırlanmış, istehsalat işlərini isə Bakı Media Mərkəzi həyata keçirib.

Bəs sən hər gün nə qədər su israf edirsən?

Hər səhər dişimizi fırçalayarkən nə qədər su israf etdiyimizi bilirikmi? Bəs yanından laqeydliklə ötüb keçdiyimiz xarab krandan hər gün nə qədər su boşuna axıb gedir? İlk baxışda sadə görünən, çox da əhəmiyyət vermədiyimiz bu hallarda lazımsız şəkildə axıb gedən su miqdarını hesablasaq, həyatımız üçün dəyərli olan nemətə əslində lazımi dəyəri vermədiyimizi anlamış olarıq.

Son günlər müxtəlif kommunikasiya kanallarında “Bir damcı dəyər verək” şüarı və #AXIRNİYƏ heşteqi altında rastımıza çıxan kampaniya məhz sudan istifadə zamanı israfa yol verməmək vərdişini təbliğ etmək məqsədini daşıyır. Kampaniya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Kampaniya çərçivəsində işlənib hazırlanmış müxtəlif yaradıcı həllər vasitəsilə insanlarda suyu qənaətlə istifadə etmək davranışlarının yaranmasında təkan verməyə çalışılır. Belə ki, gündəlik fəaliyyətimiz zamanı biz istifadəmiz üçün lazım olduğundan daha artıq miqdarda suyun boşuna axıb getməsinə səbəb oluruq. Çox adi situasiyalarda su kranının bir neçə saniyə belə açıq qalması kifayətdir ki, bir ailənin, yaxud bir sinif şagirdin gündəlik istifadə etdiyi qədər su boşuna axıb getsin. Bu cür hallarda bir qədər diqqətli olmağımız, “Axır niyə?” sualı ilə üz-üzə dayanmağımız adi hərəkətlə – su kranını bağlamağımızla nəticələnər. Bu isə əldə olunması heç də asan olmayan nemətə dəyər verməyimizə, suyu qənaətlə istifadə etmək vərdişimizin yaranmasına və nəticədə gələcək nəsillərin dayanıqlı su təminatına töhfə verməyimizə səbəb olar.

Haqqında danışdığımız kampaniya insanların diqqətini sözügedən məqamlara cəlb etmək məqsədini daşıyır. Daha geniş çevrənin diqqətini sudan səmərəli şəkildə istifadəyə yönəltmək üçün layihə televiziya kanallarından tutmuş sosial şəbəkələrə qədər müxtəlif platformaları əhatə edir. Kampaniya insanlara suya dəyər vermək mesajını ötürməklə kifayətlənmir, həm də sudan qənaətlə istifadə etmək yollarını göstərir. “Bir damcı” kampaniyasının kreativ və kommunikasiya strategiyası “Maverick” kommunikasiya agentliyi tərəfindən işlənib hazırlanmışdır. Reklam çarxlarının çəkilişini isə Bakı Media Mərkəzi həyata keçirib. 

Kampaniya barədə ətraflı məlumat ilə birdamci.az veb-saytından, layihənin “Facebook” və “Instagram” səhifələrindən tanış ola bilərsiniz. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri