14 
Fev
2015
16:30
68
16
6448
Virtual karabakh

Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır! – MÜSAHİBƏ

14 Fev, 2015
16:30
6448

Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır! – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Öz həmvətənlərimi sevirəm və onlar üçün darıxıram”.

Oxu.Az əfsanəvi “Parni iz Baku” ŞHK komandasının üzvü, hal-hazırda Böyük teatrın solisti, Azərbaycanın əməkdar artisti (bariton) Elçin Əzizovla müsahibəni təqdim edir:

- Elçin müəllim, Siz Böyük teatrın artistisiniz, hal-hazırda ABŞ-da işləyirsiz və “Metropoliten opera”nın səhnəsində çıxış edən ilk azərbaycanlısınız. Amerika səhnəsinə necə çıxmısız? 

- Dünyada teatrlar iki kateqoriyaya bölünürlər: ştat və qeyri-ştat. Mən Böyük teatrın ştat solistiyəm, orada müntəzəm olaraq oxuyuram. “Metropoliten opera” qeyri-ştat teatrdır, o bu və ya digər tamaşaya hazırlaşarkən, dünyanın müxtəlif yerlərindən parlaq və istedadlı ifaçıları dəvət edir.

Burada növbəti teatr üçün tərkib 2-3 il ərzində yığılır. Bir neçə il öncə məni “Metropoliten opera”nın səhnəsində Çaykovskinin “İolanta” operasında həkim İbn-Hakinin rolunu ifa etmək üçün dəvət etdilər. Beləliklə də mən dünyanın ən möhtəşəm səhnələrindən birində çıxış etdim.

- Sizcə nəyə görə opera ifası ABŞ-da Azərbaycandan daha çox dəyərləndirilir?

- Mən belə meyarlar qoymazdım ki, ABŞ-da opera daha çox dəyərləndirilir. Əgər yalnız Nyu-Yorkda yaşayan insanların sayını Bakı əhalisi ilə müqayisə etsək, o zaman biz proporsional müqayisədə uduzuruq. Hesab edirəm ki, Azərbaycanda operanın qəbul edilməsinin vəziyyəti pis deyil. Amma qeyd etmək istərdim ki, klassik musiqi hamının xoşuna gələ bilməz, bu bir az kədərləndirir. Bu hər zaman Avropada da, ABŞ-da da və Rusiyada da olub. Operaya müəyyən qrup insanlar qulaq asır, onlar müvafiq tərbiyə alıblar, onlara incəsənətin bu növünə məhəbbət aşılanıb. Həm də opera ilə tanışlığınızın nə ilə başlamasından da çox şey asılıdır.

Yəqin ki, opera hamının xoşuna gəlməməlidir də, amma mənim üçün o həmişə prioritet olub. Məncə musiqi alətlərinin canlı səsini və heç bir texnologiya ilə dəyişdirilməmiş təbii insan səsinin əvəzi yoxdur.

Qeyd etmək lazımdır ki, müəyyən ölkələr var ki, məsələn, Avstriyada klassik musiqiyə olan münasibəti fanatik adlandırmaq olar. Avstriyalılar operasız yaşaya bilmirlər. Orada ailədə olan bütün uşaqlar musiqi alətində ifa etməyi bacarmalıdırlar, əks təqdirdə bu, şoka səbəb olur. Məsələn, hər bir universitetin, dövlət və ya özəl təşkilatın nəzdində orkestr fəaliyyət göstərir. Ona görə də burada musiqiyə olan münasibət müzakirə edilmir. Vyanada çıxış edərkən mən çox böyük həzz alıram. Məsələn, Zalsburqda insanlar, nəyə gəldi qulaq asmaqdansa sakitlikdə oturmağa üstünlük verirlər, ya sakitlik, ya da klassik musiqi. Azərbaycan bütün Şərqdə və Qafqazda opera və klassik musiqinin beşiyidir, ona görə də bu musiqiyə burada münasibət fərqlidir. Amma operaya fanatik məhəbbət duyan və daha sakit yaşayan xalqlar və ölkələr də var...

- Xalq arasında deyirlər ki, indi bir stadion müğənnini yalnız estrada müğənniləri yığa bilər. Necə düşünürsüz, buna səbəb nədir? Niyə klassikaya qulaq asmırıq?

- Bu, çətin sualdır, mən özüm bu haqda düşünürəm. Etiraf etmək lazımdır ki, yüngül musiqiyə qulaq asılan tədbirlər üstünlük təşkil edir. Pop musiqi daha asan qəbul edilir, diqqət və düşünmək tələb etmir. Energetik inkişafı, vaxt çatışmazlığını və 21-ci əsrdə insanların məruz qaldıqları mənəvi stressi nəzərə alsaq, onlar mənfi enerjini çıxarmalıdırlar, əsasən də dinlədiklərinə diqqət etmədən. Bəziləri qışqırmaq, tullanmaq, oynamaq istəyirlər. Axı klassik musiqi konsertində və ya opera tamaşasında bunu etmək mümkün deyil. Burada düşünmək, diqqət etmək, alqışlamaq lazımdır. Burada fərqli atmosfer hökm sürür. İnsanlar isə gərginlikdən yaxa qurtarmaq istəyirlər, ona görə də pop musiqiyə tələbat daha çoxdur. Çox güman ki, insanlar rahatlamaq və ciddi fikirlərlə məşğul olmaq istəmirlər.

- Siz artıq Amerika cəmiyyəti ilə tanış olmusuz. Bizim millətlər arasında - azərbaycanlılarda və amerikalılarda işə münasibət, incəsənətə məhəbbəti müqayisə edərdiniz.

- İşə münasibət – azərbaycanlıların xeyrinə iş vaxtındankənar, hətta nahar fasiləsində belə təcili işi bitirməyə hazırlıq. Amma ABŞ-da fasilə fasilədir, işin sonu işin sonudur, harda bitməsi isə heç vacib deyil. Yaradıcı insanlar ilə vəziyyət fərqlidir, çünki uzun saatlar çəkən məşqlərin sayəsində bizdə bəzən zaman anlayışı unudulur. Amma ABŞ-da insanlar əsasən öz işlərini çox dəqiq yerinə yetirirlər. İşimizi bitirmək üçün işdənkənar vaxtdan da istifadə etməyə hazır olmağımız bizim üçün müsbət sayılsa da, ABŞ-da bu planda çox dəqiq riayət edilən bir sistem mövcuddur. Əgər onlar qrafikdən kənar işləməyə başlasalar, sistem pozula bilər. Amma Amerikanın inkişafının nəticəsi sistemin məhsuldarlığı ilə seçildiyini göstərir.    

- Bəs incəsənətə, məhəbbətə gəldikdə vəziyyət necədir? Muzeylərdə adam çoxdur?

- Muzeylərdə adam çoxdur, amma qeyd etmək lazımdır ki, onların çoxu hər yerdə olduğu kimi turistlərdir. Bu, adi haldır. Məsələn, Moskvada mənim özümün muzeylərə getməyə vaxtım çatmır. Əgər biz Luvra getsək, orada işçilərdən başqa parisli çox azdır. Əgər bizdə də Nyu-Yorkda olduğu qədər analoji sayda turist olsa, muzeylərə, qalereya və sərgi salonlarına gedənlərin sayı ciddi şəkildə artacaq.

- Niyə yerli əhali onların sayını kompensasiya etmir? 

- Yerli əhali işləyir, ona görə də muzeylərə getməyə vaxt tapmır. Məsələn, Moskvada doğulub-yaşamasına baxmayaraq heç vaxt Qırmızı meydanda olmayan çox sayda adam var. Bu yəqin ki, hər şeyin əl altında olmasından irəli gəlir, yəni burdadır çatdırıb gedəcək (gülür). Məsələn, xaricdə olanda Xəzər dənizi üçün darıxdım. Analoji vəziyyət muzeylərə də aiddir. Amma muzeylərə məktəblərdən, universitetlərdən ekskursiyalar təşkil etmək lazımdır. Bir neçə il öncə Santyaqo, Çilidə işlədim, burada tamaşalara hazırlıq zamanı hər gün iri 50-60 nəfərlik avtobus gəlirdi, onlar üçün geniş ekskursiya keçirilirdi. Ölkə zəngin deyil, amma belə ekskursiyalar hər gün keçirilirdi. Mən bundan böyük zövq alırdım. Bu, düzgün hərəkətdir və uşaqlıqdan incəsənətə maraq və məhəbbət oyadır.   

- Bəs bizim cəmiyyətlərin inkişaf səviyyəsinə gəldikdə nə deyərdiz?

- İnsanlarla teatrda, banklarda, mağazalarda və s. yerlərdə ünsiyyətdə olarkən elə təəssürat yaranır ki, onlar insanlara nəyi isə xırdalıqlarına qədər və bir neçə dəfə təkrar edərək anlatmağa çalışırlar. Sanki, bisavadla danışırlar. Bizdə isə fərqlidir, biz daha çox anlayışlı, tez reaksiya veririk, gedişatda söhbətin nədən getdiyini anlayırıq. Burada hər şey dəqiq yazılıb, hara getmək olar, hara yox, nə etmək olar, nəyi yox. Mən dünyanın heç bir yerində işıqforun yanında “keçid üçün yaşıl işığın yanmasını gözləyin” yazıldığını görməmişdim, ABŞ-da isə yazılır. Amerikalılar hər şeyin dublikatını çıxarırlar ki, sabah bir problem çıxmasın, məsələn, niyə bizə yetərli məlumat verilmədiyinə, xəbərdarlıq edilmədiyinə dair heç kim onları məhkəməyə verməsin. Bir sözlə amerikalılar özlərini belə bütün qarışıq vəziyyət və problemlərdən qoruyurlar. Bu davranışı anlamaq çətindir, amma ABŞ-da belə sistem mövcuddur. Məsələn, amerikalıya Bakıda, azərbaycanlıya Nyu-Yorkda olduğundan daha çətin olardı, çünki Azərbaycanda sənə heç nəyi 3-4 dəfə xatırlatmayacaqlar.

- Azərbaycan gəncliyinin bəzi nümayəndələri bəzi ənənələri keçmişin qalığı hesab edirlər. Bizim 21-ci əsrdə yaşadığımızı nəzərə alsaq, sizcə millətimizin hansı ənənələrini saxlamaq, hansılarını isə reformasiya etmək, yəni cəmiyyətimizin inkişafına mane olan hansı ənənələri ləğv etmək lazımdır?

- Ənənələri qorumaq lazımdır. Amma bunu fanatizmsiz etmək lazımdır. Qoy bu ənənə şouya çevrilsin, bu, bizim dəyərimizdir, başqa insanlar bizim onu qoruyub saxladığımızı bilsin. Bu o demək deyil ki, biz bir neçə əsr öncə mövcud adət və ənənələrə uyğun yaşamalıyıq. Məsələn, kəndlərimizdə gülməli adətlərə rast gəlmək olar. Ənənələr yaxa qurtarmalı olduğumuz atavizmlər deyil. Doğrudur, elə ənənələr var ki, onları istisna və ya reformasiya etmək lazımdır, amma mütləq təkamül yolu ilə, çünki qadağalarla heç nəyə nail olmaq mümkün deyil.

- Azərbaycan xalqı üçün toy müqəddəsdir. Ona görə də valideynlər öz qızlarını əcnəbilərə çox nadir hallarda ərə verirlər, bununla da ənənələrə sadiq qalmağa çalışırlar. Siz azərbaycanlı və əcnəbi arasında nikaha necə baxırsız?

- Məhəbbət elə bir məfhumdur ki, nə isə demək çətindir. Bu, həyatdır. Millətin qan qarışması baxımından qarışıq nikahlar çox faydalıdır. Yeni qanın qarışması genlərin, yeni mədəniyyətlərin birləşməsi deməkdir. Həm də çox gözəl və istedadlı uşaqlar dünyaya gəlir. Amma belə məsələlər meydana gəldikdə özündən soruşmalısan. Sən oğlunun və ya qızının xarici ilə ailə qurmasını istəyirsənmi? Çünki məhz öz uşaqlarının timsalında insan bu suala səmimi cavab verəcək.

Mən oğlumun ənənələrə sadiq qalaraq azərbaycanlı ilə evlənməsinə şad olaram. Amma mən sevgi üzərində ailə qurmuş bir insan kimi deyə bilərəm ki, əgər onun sevib seçdiyi qız digər bir millətin nümayəndəsi olarsa, mən qəti narazı olan deyiləm. Çünki qarışıq nikahlarda fövqəl heç bir şey görmürəm.

 - Siz hələ amerikalı toyunda olmamısız ki?

- Xeyr! Amma mənə elə gəlir ki, onlar bizdən daha sadə toylar keçirirlər. Amma Hollivud filmlərində bu hadisə çox dəbdəbəli görünür. Bizdə toy meqa-tədbirdir, ailənin maddi vəziyyətindən asılı olmayaraq bütün qohumlar yığılır və bunu bir neçə gün qeyd edirlər.

- Deyirlər ki, Azərbaycan sürücüləri intizamlı deyillər. Siz bununla razısınızmı?

- Tamamən!!! Azərbaycan sürücüləri dəhşətli dərəcədə intizamsızdırlar. Öz müsahibələrimdə mən dəfələrlə onları səbirli olmağa çağırmışam, sürücülük mədəniyyətini geri qaytarmaq üçün mədəni olmaq lazım olduğunu demişəm. Tələsdiyi barədə bağıraraq irəli keçmək lazım deyil. Bizim şəhərimiz elə də böyük deyil və istənilən yerə vaxtında çatmaq olar. Lazımsız səs-küy və göstəri lazım deyil. Mən Bakıda sükan arxasında olan zaman çox narahat oluram. Mən bu yaxınlarda belə qərara gəldim ki, iki saat Moskva tıxacında olmaq mənim üçün 20 dəqiqə Bakı tıxacında qalmaqdan üstündür. Əsəblərim və sağlığım daha vacibdir. Bu sürtünmə hər millimetr üçün mübarizə, əsəbiləşdirən bir zolaqdan o biri zolağa keçid adamı qıcıqlandırır və özündən çıxarır. Bakılı sürücülərin bu xaotik hərəkətini öz nizamsızlığı ilə xarakterizə edilən Brounov hərəkatı ilə müqayisə etmək olar.  

 - Amma xaricdə olarkən, bizim sürücülərimiz bütün yol hərəkəti qaydalarına riayət edirlər. Özünüzdə belə bir şey hiss etməmisiniz?

- Əlbəttə! Məgər başqa çıxış yolu var? (gülür) Bir dəfə tamaşalar arasında Fransada on günlük fasiləm oldu, bir şəhərdən başqasına getməli oldum. İcarəyə maşın götürdüm və biz maşınla İsveçrəyə, Belçika və Lüksemburqa getmək qərarına gəldik. Mənim Lüksemburqda yaşayan dostum dedi ki, “İsveçrədən olan cərimə harda olsan səni tapacaq”. Orada cərimələr çox yüksəkdir. Bundan başqa, sənin yerli sakin və ya xarici olmağının heç bir mənası yoxdur. İsveçrədə, ümumiyyətlə bütün Avropada istənilən qayda pozan adam cərimələnir. Əksər hallarda cəriməni sizin hesabınızdan çıxacaqlar, siz heç nə edə bilməyəcəksiz (gülür). Sonra yalnız, sürəti artırdığınız, düzgün park etmədiyiniz üçün sizin hesabdan 500 avro çıxılmasına dair sizə bildiriş gələcək. Ona görə də hamı bir nəfər kimi intizamlı olur və sükan arxasında özlərini adekvat aparırlar. Ən təsiredici və nəticəli cəza manatla cəzadır!

- Elçin müəllim, ABŞ-da gördüklərinizdən nəyin doğma Bakıda tətbiq edilməsini istərdiniz?

- Sistemli qanuna riayəti. Nyu-Yorku bu planda etalon adlandırmaq mümkün olmasa da ümumilikdə mənzərə təsiredicidir. Məsələn, istənilən sahədə qaydalara və qanunlara münasibət. Qayda və qanunlara riayət etmək lazımdır və bu, müzakirə edilmir. Amma əgər biz nəyi isə tətbiq etmək istəyiriksə də bunu milli mentaliteti nəzərə alaraq, səliqəli şəkildə, nəticələri nəzərə alaraq etmək lazımdır. Bütün bu aspektləri cəmiyyətimiz üçün çox faydalı olan yenilikləri həyata keçirərkən də nəzərə almaq lazımdır.

Son əsl nailiyyət olan “ASAN xidmət”i qeyd etməyə bilmərəm, bunu digər ölkələrdə də tətbiq etmək olar. Bu, unikal, dahi bir icaddır. Bu inkişafdan bütün xaricilər şokdadırlar. Bu, rüşvətxorluqla mübarizədə sadəcə təsirli üsul deyil, eləcə də biz sadə vətəndaşlara bu və ya digər problemin həlli üçün heç də çətin olmayan bir sıra prosedurların yerinə yetirilməli olduğunu anlamağımız deməkdir. Bir sözlə, həyatımız qaydaya düşür, bu isə istənilən cəmiyyətin inkişafı üçün vacib şərtdir.

- Elçin Əzizovdan həmvətənlərinə bir neçə məsləhət...

- Öz həmvətənlərimi sevirəm və onlar üçün darıxıram (gülümsəyir). Bir qədər səbirli olun, xüsusilə də sürücülər, gəlin avtomobillərimizi daha mədəni idarə edək, çünki ilk növbədə özümüzdən başlamalıyıq. Bu, köhnə aksiomdur.

Əgər hər bir insan öz ətrafını təmiz saxlasa hər yer təmiz olacaq. Bizim gözəllikdə tayı-bərabəri olmayan paytaxtımız var. Prezidentimiz öz timsalında ölkəni necə sevmək lazım olduğunu göstərir! Gəlin, biz də öz ölkəmizi sevək və hörmət edək, kimin isə bizim əvəzimizə nə isə etməsini tələb etməyək.

Bunlar sadə məsləhətlərdir, amma elə bunlardan başlamaq lazımdır. Özümüzdən! Yalnız bu halda həyatımızı daha yaxşı edə bilərik!

Rüstəm Qasımov
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri