25 
Sen
2022
14:54
23
188
2950
Virtual karabakh

Problem sırf maaş azlığı deyil: “Yerləri doldurmaq üçün kadr seçmək olmaz” - FOTO

25 Sen, 2022
14:54
2950

Problem sırf maaş azlığı deyil: “Yerləri doldurmaq üçün kadr seçmək olmaz” - FOTO

Yeni tədris ilinin ilk həftəsini geridə qoyduq. Tədris ilin başlanması insanlarda bəzi suallar yaradır ki, "görəsən ötən tədris ilində olduğu kimi bu il də tədris müəssisələrində xoşagəlməz hallar yaşanacaqmı?"

Çünki ötən tədris ilində ifayət qədər xoşagəlməz hallarla qarşılaşmışdıq. Tədris müəssisələrindəki bu hallar məktəb psixoloqu işinin əhəmiyyətini bir daha qabartdı. Hər bir məktəbdə psixoloq olmasına baxmayaraq, bəlkə də, əksər şagirdlər onların kimliyindən belə xəbərsizdirlər.

Bir neçə gün öncə Elm və Təhsil Nazirliyinin keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev məktəblərdə psixoloji xidmətin mahiyyəti və mexanizminin dəyişilməli olduğunu deyib.

Nazirin sözlərinə görə, 500 şagirdi olan məktəbin də bir psixoloqu var, 4000 şagirdi olanın da:

“İndiki mərhələdə bu, ayrı-ayrı adamların əməkhaqqı sualıdır. Amma məktəbin daxilindəki psixoloji keyfiyyətin artması sualı deyil. İkinci olmalıdır ki, birinci baş versin”, – deyə o qeyd edib.

“Vaxtı ilə bu islahat keçiriləndə hər məktəbə bir psixoloq təyin olunub. Fərqi yoxdur, 500 şagirdi olan məktəbin də bir psixoloqu var, 4000 şagirdi olan məktəbin də”.

Bəs görəsən, psixoloq problemini aradan qaldırmaq üçün bundan sonra hansı tədbirlər görülməlidir? Psixoloqların sayının az olması maaşla bağlı ola bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov problemin sırf maaş azlığı ilə bağlı olmadığını deyib:

“Müxtəlif səbəblər var. Səbəblərdən biri məktəblərdə kifayət qədər ştatların olmamasıdır. Düşünürəm ki, bu gün məktəblərdə psixoloqların sayı artırılmalıdır. Yetəri qədər deyil. Mütləq şəkildə artırılmasına ehtiyac var. Maaş məsələsinə baxıla bilər.

Cəmiyyətin özündə də müəyyən stereotiplər var. Maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac duyulur. Burada kompleks məsələlər var, bütövlükdə həllini tapmalıdır ki, istədiyimiz nəticəni alaq. Qərbdə, demək olar ki, hər bir ailənin özünün psixoloqu var. Hər kəs davamlı olaraq psixoloqa gedir və məsləhətləşirlər. İnsanlar bunun faydalı olduğunu bilməlidirlər. İnsanlar mütləq psixoloqlara müraciət etməlidirlər”.

C.Məmmədov qeyd edib ki, məktəblərdə psixoloq ştatlarının sayı artırılmalıdır:

“Bu işin tam peşəkar səviyyədə aparılmasını söyləyə bilmirik. Tam peşəkar səviyyədə qurulmayıb. Maaş və say artımı ilə yanaşı, təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Bizim istəyimiz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, burada digər məsələlər var. Kompleks şəklində həllinə nail olmalıyıq. Ştat artırılmalı, məktəblərin fəaliyyətinə ciddi nəzarət olmalıdır”.

Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, məktəb psixoloqları təhsil prosesində əsas rol oynayırlar:

“Bu dövrdə şagirdlərin kompüter, telefon aludəçiliyi onların diqqət və müəyyən davranış pozuntusuna gətirib çıxarır. Eyni zamanda valideynlər müxtəlif məişət problemlərindən daha çox, iş və qazanc dalınca düşdüklərinə görə, zaman-zaman uşaqlar nəzarətsiz qalırlar. Zərərli vərdişlərə gəlib çıxır. Biz bunu son illərdə tez-tez müşahidə etmişik. Ötən tədris ilində bununla bağlı görüntülər yayılırdı. Burada ən böyük yük psixoloqların üzərinə düşür”.

E.Süleymanov qeyd edib ki, yerləri doldurmaq üçün kadr seçmək düzgün deyil:

“Hər məktəbdə bir psixoloq olurdu. Psixoloqlar düzgün seçilməlidirlər. Şəxsləri kadr yerlərini doldurmaq üçün lazım deyil. Psixoloji istiqamətdə təhsil alan, orta məktəb şagirdinin psixologiyasını yaxşı bilən psixoloqlar lazımdır.

Digər ölkələrdə psixoloqların sayı kifayət qədər artırılıb. Onlar təkcə psixoloji yox, karyera seçimində də insanlara yardım edirlər. Psixoloqların fəaliyyəti insanların şəxsiyyət kimi formalaşmasına da yardım edir”.

Ekspertin sözlərinə görə, düzgün kadrların seçilməsi işin keyfiyyətinə də müsbət təsir göstərir:

“Bəzən məktəblərdə psixoloqlar sırf onlara müraciət edildikə xidmət göstərirlər. Psixoloji yardıma ehtiyacı olan şagirdlərin siyahısı olmalıdır. Onlarla mütəmadi olaraq müəyyən vaxtlarda görüşlər keçirilməlidir. Psixoloq sadəcə yardım üçün müraciət ediləsi yer olmamalıdır. Hər kəsin psixoloqa ehtiyacı olur. Çətin tərbiyə olunanları da fərd kimi qarşıya qoyub izah etmək lazımdır. O zaman bütün problemlər həllini tapmış olar”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri