Sen
2022
16:55
66
22
2704
Virtual karabakh

Təcrid çıxış yolu deyil: Uşaqları zərərli internetdən qorumağın yolları - FOTO

6 Sen, 2022
16:55
2704

Təcrid çıxış yolu deyil: Uşaqları zərərli internetdən qorumağın yolları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daim müzakirə edilən məsələlərdən biri də azyaşlı və yeniyetmələrin telefondan çox istifadə etmələri, internetin uşaqları özündən asılı vəziyyətə salmasıdır. Valideynlər tez-tez internet aludəçiliyinin uşaqların həm dərslərinə, həm də sağlamlıqlarına mənfi təsir göstərməsindən şikayətlənirlər.

Amma internet həyatımızın bir parçası olduğu üçün hazırda uşaqları sosial şəbəkələrdən uzaq salmaq heç də asan məsələ deyil. Hətta pandemiya da internetdən istifadənin minimuma endirilməsinin gərəkliliyini deyil, bu sahədə yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməyin vacib olduğunu göstərdi. Çünki artıq dünyada ənənəvi təhsillə bərabər, distant təhsilin də tətbiqinə zərurət yaranıb.

Bundan əlavə, tərtib edilən dərsliklərin uşaqların hərtərəfli bilik əldə etmələri üçün yetərli olmadığı məlumdur. Ona görə də dolğun məlumat üçün internet ən optimal variantdır. Sadəcə, onun zərərverici tərəfindən çəkinmək üçün səmərəli istifadə yolları müəyyənləşməlidir.

Maraqlıdır, valideyn övladının internetdən səmərəli istifadə etməsi üçün nələrə diqqət etməlidir?

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimi Yadigar Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, internet şəbəkəsindən geniş istifadə ölkənin, eləcə də insanların hərtərəfli inkişafına təsir göstərən amillərdən biridir:

“Təəssüf ki, internetdən istifadənin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur. Bu mənfiliklər isə hələ özünü təsdiq etməmiş gəncin gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Elə buna görə övladların internetdən istifadəsinə xüsusi diqqət göstərmək lazımdır. Bir çox şablon ifadə səsləndirmək olar valideynlər adına, amma düşünürəm ki, internetdən səmərəli istifadə üçün valideynlərin etməli olduğu tək şey övladlarının düşüncələrini inkişaf etdirmələridir.

Bir növ belə izah etmək olar: bıçaq vasitəsi ilə çörək də kəsmək mümkündür, insan öldürmək də. Bu, bizim düşüncəmizdən və özümüzdən asılıdır. Bu baxımdan sadəcə övladlarla daim maarifləndirici söhbətlər aparmaq, onları elmə və təhsilə cəlb etmək, asudə vaxtlarında mütaliə etmək, intellektual oyunlar oynamaq və s. kifayətdir ki, əlimizdə olanlardan düzgün istifadə edək. Eyni zamanda valideynlərin özləri də internetdən səmərəli istifadə etməlidirlər ki, övladları da onlara baxaraq səmərəli istifadə edə bilsinlər”.

Həmsöhbətimiz orta məktəblərdə kompütersiz informatika dərsinin keçilməsi məsələsinə də toxunub. O, bu dərsin kompütersiz birmənalı şəkildə effektsiz olduğunu vurğulayıb:

“Uzun-uzun nəzəri şəkildə cümlələri əzbərləmək, nağıl kimi öyrənmək bu sahədə effektli hesab edilə bilməz. Aşağı siniflərdən bu məsələ diqqətdə saxlanılmalı, şagirdlərin kompüter üzrə bacarıqları inkişaf etdirməlidir”.

İT mütəxəssisi Fərid Əmirov isə işin texniki tərəflərindən söz açıb. O, Oxu.Az-a açıqlamasında təcridin çıxış yolu olmadığını diqqətə çatdırıb:

“İnternet insana istənilən sahə üzrə sonsuz resurs verir. Hər şey çox əlçatan olduğuna görə orada insanların şəxsi düşüncələrinə mənfi təsir edəcək videolar, məlumatlar da var. Xüsusilə uşaqlar, yeniyetmələr üçün bu məqamlara diqqət etmək çox önəmlidir. Onların gələcək tərbiyələrinin formalaşmasında gördükləri, yaşadıqları mühüm rol oynayır. Onların müraciət etdikləri saytlar, dinlədikləri musiqilər, izlədikləri videolar formalaşmalarına təsir edir.

Bəzən cəmiyyət arasında uşaqları internetdən uzaqlaşdırmaq lazımdır kimi fikirlər səsləndirilir. Bu, günümüz üçün çox çətin, gələcəyimiz üçün isə mümkünsüz məsələdir. Çünki uşaqların idarə olunmasında internetsiz həyat təsəvvür edilmir. Kommunikasiya belə, əsasən, internet üzərindən həyata keçirilir. Uşaqları da internetdən uzaqlaşdırmaq onların işini müəyyən məqamlarda çətinə salır. Məsələn, xarici dillər, coğrafiya və biologiya kimi fənlər internet üzərindən daha sürətli öyrənilir. Yəni izolyasiya çıxış yolu deyil”.

Mütəxəssis qeyd edib ki, müxtəlif texniki vasitələr hesabına uşaqların yaş qruplarına uyğun internet resurslarından istifadə etməsini təmin etmək mümkündür:

“Bunun üçün İKT sahəsində çalışan mütəxəssislərə müraciət edilməsi effekt verə bilər.  Məsələn, “YouTube”da bir çox məlumat əlçatandır və onlar arasında uşaqların tərbiyəsinə mənfi təsir edəcək materiallar var, onları yaş kateqoriyasına uyğun olaraq bloklamaq olur. Eləcə də digər saytlarla, proqramlarla bağlı tədbir görmək mümkündür. Məsələn, ümumi evin və ya ofisin internet trafikini xüsusi texniki vasitələrin köməyi ilə limitləsək, ancaq icazə verilən saytlar, proqramlar işləyəcək. Yəni onları sərbəst şəkildə idarə etmək olur. Həmin əməliyyatlar valideynlərə çətin görünsə də, İKT əməkdaşları tərəfindən asanlıqla icra edilə bilir. Onlar mütəxəssisə müraciət edərək uşaqlar üçün lazımlı resursların istifadəsinə imkan yarada bilərlər”. 

Fərid Əmirov işin sadəcə bloklama ilə yekunlaşmadığını da deyib:

“Uşağa valideyn nəzarət etməlidir. Bunu da təşkil etmək mümkündür. Valideyn və uşaq avadanlıqları var. Onlar vasitəsilə uşaq hansı portallara giriş eləsə, bu dərhal valideynin telefonuna və ya kompüterinə göndərilir. Beləliklə, siz övladınızın nələri izlədiyini görə bilirsiniz, buna uyğun da tədbir görürsünüz.  Həmçinin övladının müsbət maraq dairəsinin olduğunu görən valideyn onu həmin sahəyə yönəldə bilər. Yəni bu gün kifayət qədər texniki vasitə var ki, onlarla internet saytlarını, kanallarını idarə etmək olur. Tövsiyə edərdim ki, xüsusilə gənc valideynlər internet strukturunun ümumi idarəedilməsindən bir az da olsa, məlumatlı olsunlar. Çətinlik çəkəndə də mütəxəssisə müraciət etsinlər. Bu yolla valideynlərin istədikləri idarə strukturu formalaşacaq. Onun üzərində isə insani struktur dayanır, yəni valideyn övladına müəyyən qədər dəstək göstərməli, motivasiya verməli, pis və yaxşı şeyləri izah etməlidir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri