Sen
2022
16:28
30
139
4668
Virtual karabakh

Tanınmayan diplomlar və hər il “attestatla xaricdə təhsil” tələsinə düşənlər – Səbəbkar kimdir?

4 Sen, 2022
16:28
4668

Tanınmayan diplomlar və hər il “attestatla xaricdə təhsil” tələsinə düşənlər – Səbəbkar kimdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il yüzlərlə gənc təhsil almaq üçün xaricə üz tutur. Onların müəyyən qismini dünyanın prestijli universitetlərindən təqaüd qazananlar, eləcə də ödənişli əsaslarla təhsil Dövlət Proqramı qalibi olanlar təşkil edir. Amma bir də sadəcə attestat hesabına qəbul məktubu alanlar var. Üçüncü qrupa daxil olan bu gənclərin xəbərsiz olduqları ən böyük problem isə dörd-beş il sonra vətənə qayıdanda diplomlarını tanıda bilməyəcəkləridir.

Azərbaycanda bu işi, yəni diplom tanınmasını həyata keçirən qurum Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyidir (TKTA). Qurum bir neçə gün əvvəl avqust ayı üzrə diplomların tanınmasıyla bağlı statistikanı açıqlayıb. Məlumata görə, 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin isə diploma təsdiqlənməyib.

Həmin 22 müraciətlə bağlı mənfi qərarın verilməsində isə səbəblər fərqlidir. Belə ki, tələbənin tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi və tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə isə 5 müraciətə mənfi qərarla yekunlaşıb.

Bildirək ki, müraciətlər arasında, əsasən, Türkiyə, Rusiya, Ukrayna, Böyük Britaniya və Gürcüstan universitetləri yer alır. Tibb, hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, stomatologiya isə əsas tələb görən sahələrdir.

Maraqlıdır, Azərbaycanda attestatla xarici universitetlərə qəbul alan şirkətlərin fəaliyyətinə nəzarət edilirmi? Niyə diplomu tanınmayan universitetlərə tələbə göndərilməsinin qarşısı alınmır? Valideynlərin şirkətlərin tələsinə düşməməsi üçün hansı addımlar atılmalıdır?

TKTA-nın İnformasiya şöbəsinin müdiri Aytən Quliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, şəxsin xarici ali təhsil müəssisəsinə hansı təhsil sənədi əsasında daxil olması tanınma zamanı həll edici rol oynamır:

“Məlumat üçün bildiririk ki, ötən il 641 ərizəçinin xarici ali təhsil ixtisasının tanınmaması haqqında qərar qəbul edilib. Bundan əlavə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Ümumiyyətlə, şəxsin xarici ali təhsil müəssisəsinə hansı təhsil sənədi əsasında daxil olması tanınma zamanı həlledici rol oynamır. Lakin xarici diplomların tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir.

Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur. Bu məqsədlə ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (https://enic-naric.net/) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərlər”.

Qurum rəsmisi diplomların tanınmama hallarını da diqqətə çatdırıb:

“Ölkəmizin tərəfdar olduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya əsasən, xaricdə əldə olunan ali təhsil ixtisası ilə həmin ixtisasa ekvivalent tutulan milli ixtisas arasında təhsil səviyyəsi, profil, dərs yükü (kredit həcmi), keyfiyyət, təlim nəticələri cəhətdən əhəmiyyətli fərq aşkarlanarsa, xarici diplomun ölkə ərazisində tanınmasından imtina olunur. Bu səbəbdən, xarici dövlətlərdə təhsil almaq istəyən şəxslərin və onların valideynlərin diqqət etməli olduqları bir sıra məqamlar var: Təhsil dövründə təhsil alınan ölkənin ərazisində olmaqla tədris normativinə əməl olunması; Xaricdə alınan təhsilin tədris formasının ölkəmizin yerli təhsil qanunvericiliyində nəzərdə tutulması (əyani və ya qiyabi); Ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olması; Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş səviyyədə olması”.

Məsələni Oxu.Az-a şərh edən fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, hazırda bu cür işbazların bazarlarının ən qızğın vaxtıdır:

“Qəbul imtahanlarının nəticələri müəyyənləşəndən sonra artıq onların fəaliyyətində canlanma müşahidə olunur. İllərdir bu proses davam edir. Amma biz heç bir valideyni məcbur edə bilmərik ki, bu cür şirkətlərə müraciət etməsinlər. Çünki həmin şirkətlər dövlətin müvafiq qurumundan qeydiyyatdan keçirilirlər və vergi ödəyirlər. Ona görə də heç kim onlara: “Bu xidmətləri göstərmə”,- deyə bilməz.

Vətəndaş bilməlidir ki, şirkətlərin əsas məqsədi gəlir əldə etməkdir. O gəlirlər isə tam qanunidir. Amma burada insanların etibarından sui-istifadə halları var. Bxidmətlərdən istifadə edənlər 4-5 il sonra başa düşürlər ki, aldadılıblar. Şirkətlər tələbələri ən çox Gürcüstan, Rusiya, Ukrayna və Belarusa göndərirlər. Onlara diplomlarının tanınacağı vədini verirlər.  Amma dörd il sonra diplom tanınmır”.

Ekspert həmin universitetlərin hədəflərindən də söz açıb:

“Universitetlər Azərbaycan kimi ölkələrdən tələbələrin gəlməsini və onların həm dövlətə, həm universitetə xeyir verməsini istəyirlər. Verdikləri diplomun başqa ölkədə tanınıb-tanınmayacağı, məzununun iş tapıb-tapmayacağı onların marağında deyil.  Təhsildə Keyfiyyat Təminatı Agentliyi diplomların tanınmasıyla bağlı şəffaf mühit formalaşdırıb. Oradakı əməkdaşların çoxu xaricdə təhsil almış, prosesləri yaxşı bilən mütəxəssislərdir. Onlar hansı tələbənin diplomu təhsil alaraq əldə etdiyini yaxşı bilirlər. Ona görə də bir çox universiteti, xüsusilə Ukrayna universitetlərini qara siyahıya salıblar”.

Mütəxəssis Azərbaycanda universitetə qəbul olmayan abituriyentləri xaricə göndərməyə çalışan valideynlərə tövsiyələr də verib:

“Sənin övladın DİM-in imtahanından 50 bal əldə edə bilmirsə, bilməlisən ki, o, oxuyan deyil, ona görə də pulla onu harasa göndərməyə çalışmamalısan. Bəziləri düşünür ki, övladı təhsil alsa, hərbidən müvəqqəti olaraq yayınacaq, diplom alan kimi də hansısa yollarla onu təsdiqlədəcəklər. Bu dövr geridə qalıb. Qardaş Türkiyəylə bağlı da belə hallar yaşanır. Bir elm adamı kimi deyirəm ki, heç bir nüfuzlu Türkiyə universiteti attestatla tələbə qəbul etmir. Ona görə də aldanmayın, övladınızın taleyini puç etməyin.  Bunun yerinə övladlarını peşəyə yönəltsinlər, gənclər bir sənətə yiyələnsin. Sabah həmin gənclər qayıdanda işsiz olmaqdan gileylənirlər. Bəzən deyirlər, “Diplomlar tanınsın, əmək bazarı şəxsin yararlı olub-olmadığını müəyyənləşdirsin”. Mən bunun əleyhinəyəm, saxta sənəd tanınmamalıdır. Qismən belə tanımaq olmaz”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri