11 
Sen
2022
17:13
20
83
4051
Virtual karabakh

Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: “İstedad həm də imtina məqamıdır” - FOTO

11 Sen, 2022
17:13
4051

Beyin hüceyrələrini sevən etil və yaradıcılıq üçün spirt axtaranlar: “İstedad həm də imtina məqamıdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaradıcı insanlar arasında spirtli içkilərə meyil həmişə güclü olur. Bu, dünyada da belədir. Hətta dünya ədəbiyyatının bir çox tanınmış nümayəndələri spirtli içkilər səbəbindən həyatları ilə vidalaşıblar. Bu mənfi tendensiya Azərbaycanda da müşahidə olunur.

Müasir yazarlarımızın spirtli içkilərə meyilli olduqları sosial şəbəkə paylaşımlarında müşahidə olunur. Belə fikir səsləndirirlər ki, insan içməyəndə yaza bilmir. Bəziləri sırf yaradıcı imkanlarını genişləndirmək üçün alkoqoldan istifadə etdiklərini bildirirlər.

Bəs görəsən, həqiqətənmi spirtli içkilər yaradıcılıq imkanlarını genişləndirir? Bu, vərdişdir, yoxsa aludəçilik?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən yazıçı Varis Yolçuyev bu fikirlərin absurd olduğunu söyləyib:

“Spirtli içkinin yaradıcılığa heç bir aidiyyəti yoxdur. Əksinə, spirtli içki insanın beynini pozur, normal düşüncəsini əlindən alır. O necə ola bilər ki, spirtli içki müsbət təsir etsin? Siqaret çəkənlər də deyirlər ki, “dərddən çəkirəm”. Guya dərddən çəkəndə nə olur? Spirtli içki də elədir. Sırf ağlabatan olmadığı üçün inandırıcı deyil. Özlərini təmizə çıxartmaq üçün belə deyirlər”.

V.Yolçuyev qeyd edib ki, yaradıcılıq imkanları pis vərdişlərin üzərində qurulmayıb:

“Bu əsla düzgün deyil. Əksinə, yaradıcılıq üçün insanın beyni o qədər dürüst, təmiz olmalıdır ki, gözəl iş ortaya qoya bilsin. Mən özüm səhər saat 07:00-da hiss edirəm ki, rahat işləyə bilərəm. Çünki beyin təmiz olur. O zaman yaradıcılıq imkanları genişlənir. Mənasız söhbətdir. Gənclər bunun bəhanə olduğunu bilsinlər”.

Terapevt Abbas Bağırov isə əlavə edib ki, etil spirti beyni “sevən” bir maddədir:

“Etil spirti suda həll olunan birləşmədir. Onun ən çox “sevdiyi” toxuma beyindir. Bu səbəbdən də ən çox beyin toxumasında yığışıb qalır. Ən yüksək konsentrasiya beyində olur”.

A.Bağırovun sözlərinə görə, spirtli içki yaradıcı insanların dominant üstünlüklərini üzə çıxarır:

“Beyində qabıqaltı mərkəzlər var. Spirtli içki beyin qabığı ilə qabıqaltı mərkəzlərin əlaqəsini ləngidir. Orada su kanalı var, spirt mayeni özü hopdurur, əlaqələr zəifləyir. İnsan yaxşı danışa bilmir, hərəkət pozğunluğu yaradır və yaddaşda qarışıqlıq meydana gəlir. Bu zaman beyində motivasiya sistemi dəyişir. Hansısa toxuma daha çox oyanmış olur. İnstinkt yaddaşlarda dəyişikliklər baş verir. Belə hallarda yaradıcı insanların dominant üstünlükləri üzə çıxır. Digər sistemlər zəifləyir, xüsusi istedadı olan sistem oyaq və potensiallı olduğu üçün bütün yükü öz üzərinə götürür, bütün aktivliklə işləməyə başlayır”.

Həkim əlavə edib ki, spirtin beyinə vurduğu ziyanı ancaq kəllə-beyin travmasının miqyası ilə ölçmək mümkündür:

“Spirt yaddaşı zəiflədir. Beyinlə birlikdə qaraciyərə ziyan vurur. Spirtin davranışa, rəftara, həyat normalarına müsbət təsiri yoxdur. Kimsə beynin sakitləşdiyi üçün içdiyini deyir, bəziləri də -yaradıcılıq qabiliyyətini gücləndirmək üçün. Alkoqolun xüsusi fitri istedadları artırdığını da deyirlər... Ancaq yaddaş da, davranış da sonra pis hala düşür.

Beynin ölçüsü, diapazonu var. Adamlar bəzən o qədər içirlər ki, beyin artıq tab gətirə bilmir. Özləri də bilmədən aludəçiyə çevrilirlər. Şairlər, yazıçılar, rəssamlar içəndə daha yaxşı işlədiklərini deyirlər. Lakin beynin imkanlarını spirt qədər məhdudlaşdıran ikinci vərdiş yoxdur”.

Gənc yazar Ömər Xəyyam isə bu fikirlərin sadəcə təsəlli olduğunu deyib:

“Dünyada xeyli içməyən, ruhani həyat tərzi sürən yazıçılar da var. Ümumiyyətlə, istedad həm də imtina məqamıdır. Bəzən nəfsdən, hedonist istəklərdən imtina etməli olursan. Yazıçı da, şair də birinci özündən, nəfsindən qurtulmalıdır. İlahi əmanətə xəyanət mənəviyyatı məhv edir”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri