Sen
2022
18:51
420
35
2416
Virtual karabakh

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri keçirilib - YENİLƏNİB

9 Sen, 2022
18:51
2416

Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri keçirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

“Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan “Məclisi-üns”ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.

AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi giriş sözü söyləyərək qonaqları salamlayıb.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

“Məclisi-üns”ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada  şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı “Məclisi-üns” o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanının mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir.

“İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq", – deyə Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiəti ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

“Məclisi-üns” toplantısı bədii hissə ilə davam edib.

14:17

Şuşada Azərbaycan bədii fikrinin görkəmli siması, şair Xurşidbanu Natəvanın 190 illik yubiley mərasimi keçirilir.

“Report” xəbər verir ki, tədbirdən əvvəl “Qarabağ” mehmanxanasının qarşısında ədibə həsr olunan sərgi açılıb.

Daha sonra Natəvanın evinin qarşısında “Məclisi-üns” ədəbi məclisinin açılışı olub.

Yubiley mərasimində rəsmi şəxslər, mədəniyyət nümayəndələri, yazıçı və şairlər, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikasından olan qonaqlar iştirak edirlər.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı İlqar Fəhminin aparıcı olduğu məclisdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rəfael Hüseynov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov və digər şəxslər çıxış edəcəklər.

Həmçinin türkdilli ölkələrdən şairlər şeirlər səsləndirəcəklər.

Qeyd edək ki, Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva 1832 avqustun 6-da Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi olub. 1897-ci il oktyabrın 2-də dünyasını dəyişib, Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri