16 
Sen
2022
17:48
658
33
4825
Virtual karabakh

“Lazım olduğu anda silaha sarılıb, əsgərlərimizin yanında olacağıq” - 13 medalla təltif olunan qazi + FOTO

16 Sen, 2022
17:48
4825

“Lazım olduğu anda silaha sarılıb, əsgərlərimizin yanında olacağıq” - 13 medalla təltif olunan qazi + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kəlbəcərdə ağır döyüş əməliyyatları zamanı məni şəhid zənn ediblər. Bununla bağlı ailəmə məlumat verilmişdi. Bir həftə ailəm sağ olduğumdan xəbərsiz oldu. Ona çox üzüldüm. Bunu müharibədən sonra öyrəndim”.

Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Turab Allahverdiyev deyib. 

Allahverdiyev Turab Cəlal oğlu Qax rayonun Şotavar kəndində 1982-ci ildə anadan olub. Şotavar kəndində orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2000-ci ildən hərbidə qalıb, xidmət edib:

- Xidmətimin 22 ilini Xüsusi Təyinatlı Qüvvələrdə oldum. Vətən müharibəsində ağır yaralanmışam. Hazırda Vətən müharibəsinin ikinci qrup əliliyəm.

- Döyüşlərə necə qatıldınız?

- Sentyabr ayının 27-dən döyüş əməliyyatlarında iştirak etdim. Şuşanın alındığı günə qədər döyüşdüm. Döyüşlərə Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olaraq qatıldım.

- Hansı ərazilərin azad olunmasında iştirak etdiniz?

- Döyüşlə bağlı xatirələrimlə fəxr edib, qürur duyuram. Həm sevincli, həm də kədərli günlərdir. Sevincliyəm ki, torpaqlarımızı xain düşmən tapdağından azad etdik. Kədərli günlər ona görədir ki, mən 22 il birlikdə olduğum əziz qardaşlarımı itirdim.

Döyüş əməliyyatlarına Kəlbəcərdən başladım. Orada altı gün döyüş əməliyyatlarında iştirak etmişəm. Ondan sonra Şuşanın alınmasına qədər bütün döyüş əməliyyatlarında iştirak etmişəm.

- Bəs hansı döyüş zamanı yaralanmısınız? O anı necə xatırlayırsınız?

- Kəlbəcər və Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ağır yaralandım. Mənə məzuniyyət verilməyinə baxmayaraq, döyüş meydanına yenidən geri döndüm. Döyüş yoldaşlarımla birlikdə səngərdə olmaq istədim.

Kəlbəcər döyüşlərinin üçüncü günü idi. Düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində ağır, qapalı beyin travması aldım. Hərbi hissənin həkimləri tərəfindən mənə ilkin tibbi yardım göstərildi. Tibbi məntəqəsinə getmədim. Tibbi yardım aldıqdan dərhal sonra döyüşə başladım. Çətin olsa da, bunun öhdəsindən gəldim.

İkinci yaralanmam isə Xocavənd rayonunun Hadrut istiqamətində oldu. Hadrut qəsəbəsini düşməndən azad edərkən düşmənin atdığı artilleriya mərmisi nəticəsində sağ diz nahiyəm zədələndi. Yaram kəskin olduğu üçün məni məcburi şəkildə tibb məntəqəsinə təxliyə etdilər. 10 gün müalicə aldıqdan sonra məzuniyyət verildi. Lakin mən yaralıları daşıyan avtobus vasitəsi ilə Füzuliyə qayıtdım. Oradan da döyüş yoldaşlarımın yanına yollandım. Həmin vaxt Daşaltı istiqamətində döyüşlər gedirdi. Döyüşlərə qatıldım. Şuşanın alınmasında öz əziz qardaşlarımla birlikdə iştirak etdim. Ondan sonra yenidən təxliyə olundum. Çünki yaram kəskinləşdi. Qələbə xəbərini aldıqdan sonra təxliyə olundum. Yaramın sağalması çox vaxt aldı. Həkimlərimizin səyləri nəticəsində ayağım sağaldı. Hazırda yaxşıyam. Müalicə alıram. Vətən müharibəsində iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Fərəhlənib, qürurlanıram. Doğma torpaqlarımızın ərazi bütövlüyünü təmin etdik. İşğalda olan torpaqlarımızı azad etdiyimiz üçün çox sevinirəm. Soydaşlarımız öz yurdlarına geri dönəcəklər.

- Döyüş zamanı, yəqin ki, unuda bilmədiyiniz anlar olub. Xatirələrinizi bizimlə bölüşə bilərsiniz?

- Döyüş zamanı elə anlarım olub ki, onları mən heç vaxt unuda bilmərəm. Hətta o anları övladlarıma danışıram. Xain düşmən bizə qarşı iyrənc əməllər törədib.

Döyüş yoldaşlarım gözümün önündə çırpınaraq şəhid oldular. O anları ölüncə unutmaram.  Bunları unuda bilmərəm. Öz övladlarıma da danışıram. Xüsusən də oğluma ki, bunları unutmamalıyıq. Düşmən hər zaman düşmənimizdir.

- Ölüm-dirim savaşında idiniz, o an ağlınıza kimlər gəlirdi?

- Evliyəm. İki övladım var. Həmin vaxt oğlumun 13, qızımın 10 yaşı var idi. Mən hər şeyi əvvəlcədən gözə almışdım. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olduğum gündən özümü hər şeyə hazırlamışdım. Bilirdim ki, nə vaxtsa şəhid və ya qazi olacağam.

Bir dəfə Kəlbəcər istiqamətində ağır döyüşlər gedirdi. Bir an oldu. Cibimdə olan mobil telefonu çıxarıb, daşa vuraraq, qırdım. Xain düşmənin əlinə keçməsini istəmədim. Çünki doğmalarımın əlaqə nömrələri var idi.

Başqa heç nə fikirləşməmişəm. Bilirdim ki, məndən qalan əmanətlərim var. Oğlum var. O mənim yolumu davam etdirəcək. Hətta bir dəfə ölüm xəbərim də çıxıb. Bir həftə ailəm pis vəziyyətdə qalıb. Yoldaşımın vəziyyəti pisləşib. Müharibədən sonra bildim. Çox pis oldum.

- 10 Noyabr qələbə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- O hissi ifadə edə bilmərəm. İnsan həmin anda həm kövrəlir, həm də sevinir. Şuşanı almadan müharibəni tamamlaya bilməzdik. Şuşanı azad etdiyimizə görə çox sevindik. Düşmənin təslim olacağı bəlli idi. Düşməni əzdiyimizə görə çox xoşbəxt olduq. Böyük qürur hissidir. Kədər isə qardaşlarımızın şəhid olması idi. Şəhidlərimizə rəhmət diləyirəm. Onların əmanətləri bizimdir. Onları daim qəlbimizdə yaşatmalıyıq.

- Son baş verən təxribatlardan xəbərdarsınız. Sizcə, yenidən iki il öncəyə qayıdacağıqmı?

- Düşmən nə qədər mövcuddur, biz hər zaman güclü olmalıyıq. Düşmən hər zaman təxribatlara əl atacaq. Şəhidlərimizin dəfnində iştirak etdim. Çox ağırdır. Lakin unutmayaq ki, ordumuz onların başını yenə əzdi. Onların bir neçə yüksəkliyi ordumuz tərəfindən alındı. Onlar məhv oldular.

Xalqımız Azərbaycan Ordusuna güvənsin. Düşmən etdiyi təxribata görə layiqli cavabını aldı. Lazım olsa, yenə alacaq. Düşmən bizə heç nə edə bilməz. Çirkin əməllərini etsələr, yenə cavablarını alacaqlar.

- Səngərdə olan əsgərlərimizə nə demək istərdiniz?

- Səngərdə olan bütün əsgər, zabit qardaşlarıma demək istəyirəm ki, Allah onları qorusun. Güclü və qüvvətli olsunlar. Hər zaman onların yanındayam. Biz qazi olsaq da, hər zaman yanlarındayıq. Lazım olduğu andan silaha sarılıb, yanınızda olacağıq. Əlimizdən gələni edəcəyik. Bu dəqiqə əmr gözləyirik. Allah əsgərlərimizi qorusun. Onlar bizim qürur mənbəyimizdir.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri