18 
Sen
2022
15:28
526
28
2423
Virtual karabakh

Vətən müharibəsi qazisi: “Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış” - MÜSAHİBƏ + FOTO

18 Sen, 2022
15:28
2423

Vətən müharibəsi qazisi: “Qismətimdə 44 günlük şərəfli yolda addımlamaq da varmış” - MÜSAHİBƏ + FOTO

“Vətən müharibəsindən əvvəl Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edirdim. Xidməti tamamlamağıma sayılı günlər qalmışdı. Sentyabrın 15-də 23 yaşıma əsgər yoldaşlarımla birgə qədəm qoydum. Doğum günüm olsa da, xoş əhvalda deyildim. Hərbiyə olan sevgim o qədər böyük idi ki, tezliklə formanı əynimdən çıxaracağıma kədərlənirdim. Bir yandan da Tovuz hadisələrinin intiqamı məni narahat edirdi. Bir il ərzində hərbi sirlərə yiyələnmiş və özümü döyüşlərə hazır hiss edirdim. Hərbi xidməti başa vursaydım belə, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşmək əmri gəldiyi anda irəli atılanlardan biri olacaqdım. Lakin tale elə gətirdi ki, həm sevdiyim formanı daha bir neçə ay geyinmək, həm də düşməndən intiqam almaq nəsibim oldu. Qismətimdə hər günü bir tarix olan 44 günlük şərəfli yolda addımlamaq da varmış”.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi Kamran Şahmarlı deyib.

Tank əleyhinə taqımın çavuşu olan Kamran Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib. O, düşmənin bir neçə canlı qüvvəsini məhv etməklə yanaşı, silah-sursatını da qənimət götürməyə nail olub. Savaş meydanı onun etibarını da sınağa çəkib. Belə ki, Kamran yaralı döyüş yoldaşlarını və şəhid silahdaşlarının nəşini atəş altından çıxarıb. Bir sözlə, həm müharibə, həm də vəfa imtahanından üzüağ çıxıb.

Kamran Şahmarlı üçün o günlərdən danışmaq qürurlu, eyni zamanda, kədərlidir. Arzusuna çatdığı, düşməndən qisas aldığı və müzəffər Ordunun bir üzvü olduğu üçün qürurlanır. Lakin çörəyini, suyunu paylaşdığı, bir-birinə söykənib dincliyini aldığı, yorğunluğunu çıxardığı, düşmən gülləsindən qorumağa çalışdığı döyüş yoldaşlarının itkisi hələ də qəlbini sızladır. O, Suqovuşanın, Talış kəndinin düşmən əsarətindən qurtarılması sevincini döyüş meydanında yaşamağın əvəzolunmaz bir hiss olduğunu deyir...

Bir neçə il boksla məşğul olan Kamran dəfələrlə yerli və beynəlxalq turnirlərdə fəxri kürsüdə yer alıb. O, idmanla məşğul olmağının müharibədə ona çox kömək etdiyini, fiziki gücünü, dözümlülüyünü, döyüş qabiliyyətini artırdığını, istədiyi kimi savaşmağa vəsilə olduğunu qeyd edib.

K.Şahmarlı müharibədən sonra xidmətini Kəlbəcərdə davam etdirib. 2021-ci ilin aprelində isə ordu sıralarından tərxis olunub. Müharibə onun üçün acılı-şirinli xatirələrlə doludur. O günlərdə gözünün qarşısında baş verən dəhşətləri unutmağa çalışır. Lakin Ermənistan silahlı qüvvələrinin son təxribatı ona 44 gün ərzində yaşadığı müharibə dəhşətlərini yenidən xatırladıb:

“Düşmən təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması xəbəri məni çox kədərləndirdi. Bir anlıq o ağrılı günlərə geri döndüm. Yeganə təsəllim odur ki, qəhrəman döyüşçülərimizin qanı yerdə qalmadı. Ordumuzun bölmələri sarsıdıcı zərbələr endirərək düşmənə layiqli cavab verdi, yeni mühüm mövqelər ələ keçirdi, quldurları darmadağın etdi, dəyəri milyardlarla ölçülən hərbi texnikaları dəqiq atəşlə sıradan çıxardı. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, son nəticə olaraq Azərbaycan Ordusu növbəti Zəfərinə imza atdı.

Düşmən anlamalıdır ki, təxribatlara əl atdıqca daha ağır nəticələrlə üzləşməli olacaq. Ərazi bütövlüyümüzə təhlükə yaranacağı təqdirdə, tərəddüd etmədən silaha sarılacaq, yenidən düşmənin qənimi olmağa yollanacağam. Əgər Vətən yenə bizi səsləyərsə, hər birimiz onun çağırışına səs verməli, ərazi bütövlüyümüz, suverenliyimiz naminə can alıb can verməyə hazır olmalıyıq”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Kamran Şahmarlı “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri