21 
Sen
2022
12:06
341
59
3092
Virtual karabakh

“Yenidən cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etdim” - 8 qəlpə ilə yaşayan qazi + FOTO

21 Sen, 2022
12:06
3092

“Yenidən cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etdim” - 8 qəlpə ilə yaşayan qazi + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatların cavabı layiqincə verilib. Düşmənin başı bir daha əzilib. Xeyli yüksəkliklər nəzarətimizə keçib”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Vahab Nehmətov deyib.

Onun sözlərinə görə, sentyabrın 12 və 13-də hərbçilərin şəhid olması xəbərini eşidən kimi hərbi komissarlığa müraciət edib:

“İnsanın gərək düşməni də kişi olsun. Onlarda kişilik yoxdur. Nə pislik desən, çıxar. Onlara elə müsibət göstərmişik ki, çətin özlərinə gələrlər. Başlarını əzmişik. Lakin xainlər hər an təxribat törətmək istəyirlər. Şəhid olan qardaşlarımın ruhu şad olsun. Xəbəri eşidəndə yenidən qazi qardaşlarımla səfərbər olduq. Hərbi komissarlığa müraciət etdik ki, bizi də aparın. Hər an əlimizdə silah qardaşlarımızla birgə döyüşməyə hazırıq”.

Hərbiyə sevgisinin qardaşından irəli gəldiyini deyən Vahab Nehmətov söyləyib ki, vətənpərvərlik hissi ona uşaqlıqdan aşılanıb:

“Qardaşım Məmməd Nehmətov Birinci Qarabağ müharibəsində 1994-cu il yanvarın 26-da Ağdərə istiqamətində şəhid olub. Hərbiyə sevgi qardaşımdan irəli gəlir. Bununla yanaşı, faciələri görmüşəm. Analarımıza, bacılarımıza verilən zülmlərin şahidi olmuşuq. Bunlara baxa-baxa böyümüşük. Hərbini sevirdim. Düşmənə nifrət edirdim. Qisas almaq məqsədi ilə hərbidə qaldım. Az da olsa, şəhidlərimizin qisasının alınmasında iştirak edə bildim”.

Qazi deyir ki, əsgərlər yaralı halda döyüşməyə davam edir, silahı yerə qoymurdular:

“Qələbəni görmək hamının arzusu idi. Və qələbəyə doğru addımlamaq uğrunda hər kəs mübarizə aparırdı. O qədər yaralı qardaşlarımız var idi ki, onları da özümüzlə aparırdıq ki, azad etdiyimiz torpaqları görsünlər. Ümumiyyətlə, 44 günlük müharibədə də, elə indi də döyüşə girən zaman əsgərin, hərbçinin bir amalı olur - sona qədər döyüşmək. İnsan özünə şəhidlik arzulayır. Çünki hər kəs o uca zirvəyə çatmaq istəyir. Kaş hər kəsə qələbəmizi görmək qismət olardı”.

Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:

“Səngərdə olan qardaşlarıma demək istəyirəm ki, mənim əziz qardaşlarım, möhkəm olun. Onlar bilsinlər ki, daim arxalarındayıq. Hər an əlimizdə silah onlarla birlikdə döyüşməyə hazırıq. Bu vəziyyətdə belə, döyüşərəm. Əmr gözləyirəm”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Vahab Nehmətov Füzuli istiqamətindən başlayaraq, Şuşaya qədər döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə noyabrın 6-da boyun nahiyəsindən yaralanıb. Qazi bədənində səkkiz qəlpə ilə yaşayır. Qəlpələri çıxarmaq onun həyatı üçün təhlükəlidir.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri