21 
Sen
2022
14:32
137
22
2657
Virtual karabakh

Bakıda tarix-memarlıq abidələrini eybəcərləşdirənlərlə mübarizə: “Hər kəs öz səlahiyyətini açıqlasın” - FOTO

21 Sen, 2022
14:32
2657

Bakıda tarix-memarlıq abidələrini eybəcərləşdirənlərlə mübarizə: “Hər kəs öz səlahiyyətini açıqlasın” - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən monitorinqlər davam edir.

Bu dəfə keçirilən monitorinqdə Oxu.Az-ın əməkdaşı da iştirak edib. 

Əvvəlcə, dislokasiyaya uyğun olaraq, Bakı şəhəri Səbail rayonunda yerləşən tarix-memarlıq abidələri təftiş edilib.

Belə ki, paytaxtın Üzeyir Hacıbəyli küçəsində keçirilən monitorinq nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr müəyyən edilərək aktlaşdırılıb. 

Xidmətin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Oxu.Az-a açıqlamasında bildirib ki, aşkar olunmuş müdaxilələrin aradan qaldırılması üçün obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb:

“Eləcə də Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruriliyi diqqətə çatdırılıb. 

Hər bir mülkiyyətçi və icarədar bizim qurumla müqavilə bağlamalıdır. Həmin müqavilədə bütün detallar və öhdəliklər öz əksini tapıb. Çox vaxt xidmət bina üzərindəki qanunsuz müdaxilənin qarşısını almamaqda ittiham olunur. Hər bir şirkət, mülkiyyətçi və icarədar bina üzərindəki interyer, təmir, bərpa ilə bağlı quruma müraciət etməlidir.

Əgər müraciət edilmirsə, biz qanunsuz müdaxilə aşkarladığımız zaman ilk olaraq, şifahi xəbərdarlıq edirik. Daha sonra yazılı bildiriş, aktlaşdırılma edilir. Bundan sonra protokol tərtib olunur və cərimə tətbiq edilir. Ən sonda hüquq-mühafizə orqanlarına müraciət edilir. Binaların üzərinə edilən əlavələrin sökülməsi xidmətin səlahiyyətində deyil. 

Hər dəfə mülkiyyətçi və icarədarlara müraciət edəndə bizə deyirlər ki, yerli icra hakimiyyəti orqanları, Dövlət Reklam Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə ilə bu addımı atırlar. Biz həmin qurumlara müraciət edirik ki, birlikdə medianın suallarını cavablandıraq ki, hər kəs öz səlahiyyətini açıqlasın”.

O qeyd edib ki, məsələn, Ağamusa Nağıyevə məxsus, 28 May küçəsində yerləşən memarlıq abidəsinin fasadına müdaxilə edilib:

“Bizim qurum orada gedən qanunsuz müdaxiləyə icazə verməyib. Buna icazə verən digər aidiyyəti dövlət qurumları isə heç bir cavab vermir. Dövlət Xidməti hüquq-mühafizə orqanı deyil. Biz cərimə etdikdən sonra proses dayanır. Biz, sadəcə, növbəti dəfə nəzarət edirik”.

“Vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri bir daha abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq”, - deyə o əlavə edib. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazov isə bildirib ki, artıq monitorinqlərdən sonra üç protokol tərtib olunub:

“Protokol tərtib etmələrin gecikmə səbəbi icarədarların çıxarış sənədlərini gec təqdim etmələridir. Tarixi abidələrə müdaxilə edildiyində fiziki şəxslər 1500, vəzifəli şəxslər 3000, hüquqi şəxslər isə 10 min manat cərimələnirlər. 

Fikrimcə, cərimələrin məbləği artırılmaldır. Eyni zamanda, bizim qurum yeganə sahədir ki, qanunsuz müdaxilə ilə bağlı məhkəməyə müraciət etmək hüququ yoxdur”.

Qeyd edək ki, tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən monitorinqlər proses tamamlanana kimi davam edəcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri