28 
Sen
2022
15:54
64
204
3685
Virtual karabakh

“Son görüşdə uşaqları bərk qoxulayıb, dərindən nəfəs aldı” - Şəhid xanımı ilə MÜSAHİBƏ + FOTO

28 Sen, 2022
15:54
3685

“Son görüşdə uşaqları bərk qoxulayıb, dərindən nəfəs aldı” - Şəhid xanımı ilə MÜSAHİBƏ + FOTO

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən igid hərbçilərimizdən biri də Vidadi Xəlilovdur.

Arayış: Vidadi Vaqif oğlu Xəlilov 1982-ci ilin iyulun 16-da Göyçay rayonunda anadan olub. Rayondakı 3 saylı tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini başa vurduqdan sonra zabit kimi orduda çalışıb. Leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant rütbələrinə layiq görülüb. Polkovnik-leytenant rütbəsində döyüş hazırlığı rəisi təyin olunub.

Vətən müharibəsinin ilk günlərindən Vidadi Xəlilov Murovdan başlayaraq Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub. Oktyabrın 31-də Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Nərmin Xəlilova ilə danışıb.

- Nərmin xanım, Vidadinin şəhid olacağını bildiyinizi dediniz. O sizi buna hazırlamışdımı?

- Aprel döyüşlərində cəbhəyə əlindən gələn yardımı edirdi. Tovuz döyüşləri zamanı məzuniyyətdə idi. Məzuniyyətini geri çəkib, dedi ki, “mən məzuniyyətdə ola bilmərəm. Yoldaşlarım döyüşdədirlər. Mən döyüş vaxtı məzuniyyətdə olmağımı özümə utanc bilərəm”. Həmişə deyirdi ki, “mən qalib ölkənin qalib zabiti olmaq istəyirəm”.

Döyüşdə olan zaman onunla bir neçə həftədən bir telefonla danışırdıq. Danışanda həmişə deyirdi ki, “sən zabit yoldaşısan, hər şeyə hazır olmalısan”. O deyirdi ki, “mən heç vaxt özümdən aşağı rütbəliləri önə verib, arxada dura bilmərəm. Bu yaraşmaz”. Bilirdim ki, o şəhid olacaq...

- Zabitliyin onun uşaqlıq arzusu olduğunu dediniz. Bu sevginin xüsusi bir səbəbi var idimi?

- O, uşaqlıqdan hərbini sevirmiş. Babası 1941-45 müharibəsində iştirak edib. Babası ilə fəxr edirdi. Hərbiyə marağı ondan irəli gəlib. Həmişə deyirmiş ki, mən zabit olacam. 12 illik həyatımızda mən ona həsəd aparırdım. Bircə dəfə də demədi ki, yoruldum. 24 saatın elə bir anı olmayıb ki, biz yollarda olmayaq. Həmişə ona deyirdim ki, səni general olaraq görmək istəyirəm.

- Övladları atalarını necə xatırlayırlar?

- Biz tanışlıqla evlənmişdik. Amma aramızda sevgi olub. İki övladımız var. Qızım Zəhranın 13, oğlumun 10 yaşı var. Vidadi çox gözəl ailə başçısı, qayğıkeş ata, sədaqətli həyat yoldaşı olub. Hər kəsin qayğısına qalmağa çalışırdı. Xeyriyyəçi idi. Heç vaxt etdiyini işıqlandırmırdı.

Onlar atalarını sanki 30 il görüblər. Qızım atasını 11 il, oğlum 8 il gördü. Onlar atalarını 30 ilə bərabər xatırlayırlar. Hər gün yad olunur. Onun oturuşu, duruşu yad edilir. Vidadi boş vaxtını ailəsinə ayırırdı. Uşaqları ilə gözəl vaxt keçirirdi.

Onlar atalarını tez-tez yuxularında görürlər. Bu yaxınlarda qızımın yuxusuna girib. Nə olacağını öncədən xəbər verir. Sentyabrın 15-i iki nəfər zəng vurdu ki, yuxumuza girib. Mən onu yaxşılığa yozdum. Bildim ki, onun ruhu şaddır. Uşaqları onun istədiyi kimi böyüdürəm. İstəmirəm ki, övladlarım desinlər ki, “ana, atamızdan sonra sən bizi pis saxladın, hər şeydən məhrum etdin”. Analıq borcumu layiqincə yerinə yetirməyə çalışıram. Onları atalarına layiq böyütməyi arzulayıram.

- Son görüşünüzdən danışaq. Həmin gün sizə nə söyləmişdi?

- Sentyabrın 27-dən öncə onlar təlimlərdə idilər. Məktəb ərəfəsi idi. Həmişə uşaqların əşyalarını birlikdə alırdıq. Lakin bu dəfə tək aldım. Oktyabrın 2-si, ya 3-ü olardı. O zaman Gəncədə yaşayırdıq. Həmin günlər Gəncə bombalandı, o, evdə yox idi. Bizi Göyçaya gətirtdi. Onun harada olduğunu bilmirdik. Daha sonra evə gəldi. Son görüşdə uşaqları bərk qoxuladı, dərindən nəfəs aldı. Son sözü bu oldu ki, “hər şey yaxşı olacaq. Lakin hər şeyə hazır ol”.

Övladlarıma görə ayaqda qalmağa çalışıram. İnsan sevdiyi insanın yoxluğuna necə qatlanar? Övladlarım məni ayaqda tuturlar. Bir amalım var ki, onun adını yaşadım. Düşünürəm ki, hər kəs bu dünyadan köçəcək, amma hər kəs tarixdə yaşamayacaq. Vidadi yaşayır. Tarix boyu yaşayacaq.

Hər gün Şəhidlər xiyabanını ziyarət edirəm. Oranı and yerimizə çevirirəm. Mən heç kəsə həsədlə baxmıram. 12 ilimi dolu-dolu yaşamışam. Başqa cür də ola bilərdi. Sağlığında da onunla fəxr edirdim, indi də. Qürurla deyirəm ki, mən filankəsin yoldaşıyam. Övladları da onunla fəxr edir.

- Övladları ilə bağlı arzularını sizinlə bölüşmüşdümü?

- Heç vaxt ürəyini açmırdı. Həmişə deyirdi ki, qızım həkim olsun. Onun həmin arzusunun yerinə yetməsini istəyirəm. Onun yanına gedəndə demək istəyirəm ki, “bax, arzun həyat keçdi. Zəhra həkim oldu”.

Onun müharibədən gələcəyinə inanırdım. Tam fərqli arzularım var idi. Deyirdim, yeddi qurban kəsərəm. Qazi gəlsin, amma gəlsin. Övladları nəfəsini hiss etsinlər. Onu belə, gözə almışdım. Lakin gəlmədi. O, övladlarına geri dönmədi. Qadın xoşbəxtliyim, gəncliyim məhv olub. Amma xoşbəxtəm ki, anayam.

- Bacısına Şuşada qurban kəsməyi vəsiyyət etdiyini dediniz. Bu haqda danışmağınızı istərdim.

- Onun bacısına vəsiyyəti var. Məni, anasını, övladlarını ona əmanət edib. Bir də bacısına yazmışdı ki, arzum budur ki, Şuşada qurban kəsim. Əgər mənə qismət olmasa, Şuşada qurban kəsərsiniz. Şəhid olsam, bu şəklimi qoyarsınız. Dik durun, möhkəm olun.

- Şuşanın düşmən tapdağından azad olunma xəbərini necə qarşıladınız?

- Mən Şuşanın azad olunmasını eşidəndə ürəyim sevindi. Açığını deyim, içim qan ağlayırdı. İki hissin arasında idim. Mən onun yoxluğunu hələ də qəbul edə bilməmişdim. Noyabrın 15-də, qızımın ad günündə gələcəyini düşünürdüm. O gündən sonra ümidim yox oldu.

- Düşmənin törətdiyi son təxribatlardan, yəqin ki, xəbərdarsınız. Münasibətiniz necə oldu?

- Son hadisələrdə iki il öncəyə qayıtdım. Elə bildim ki, yenidən o gündür. Səslər hələ də qulağımdadır. O hadisələri ailəmiz yenidən yaşadı. Kiminsə evində o günün olmasını istəmirəm. Travma o qədər ağırdır ki... Biz həm Gəncəni gördük, həm də şəhid. Oğlum eşitdi. Pis oldu.

- Yuxularda onu necə görürsünüz?

- Bacım yuxusunda görüb. Ona deyib ki, “yerim rahatdır, zamanı gələndə ailəmi də yanıma gətirəcəm”. Bacım deyib ki, ver, paltarını yuyum. Deyib, bizim paltar bu su ilə yuyulmur, şəfalı sularla yuyulur. Hər yatanda onu yuxuda görməyi arzulayırıq.

Şəhid xanımı gileyini də dilə gətirib:

- Ona lazımi dəyər verilmədi. Yoldaşım 22 il qüsursuz xidmət edib. Lakin nə kitab, nə də film çəkildi. Yetəri qədər sevgi görmədik.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri